z
31 dekabr 1976-cı il
Yaşıl
100 m
Zərgərpalan küçəsi
Mikayıl Useynov, Mikayıl Abdullayev
Dahi Azərbaycan mütəfəkkiri, şairi, filosofu şeyx Nizami Gəncəvinin şərəfinə adlandırılmış stansiyanın daxili hissəsinin tərtibatında milli memarlığın ən yaxşı nümunələrindən istifadə olunub. Bakı metropoliteninin ən gözəl və incə memarlıq üslubunda işlənmiş stansiyası hesab olunur. Birgirişli stansiyanın platformasının orta zalının dərinliyində Nizami Gəncəvinin portreti günəş şüaları fonunda mozaik pannoda əks olunub. Yan pilon divarlarını Nizaminin əsərlərindəki mövzular əsasında işlənmiş seçmə pannolar bəzəyir. Orta zaldan yollara şəbəkələrin arxasından keçidlər işıqlandırılırdı.
Şairin ölməz “Xəmsə”sinin motivləri əsasında 18 pannoda "Daranın ölümü", "Nüşabə və İsgəndər", "Yeddi alim", "İsgəndər və çoban", "Nəqqaş Mani", "Fitnə", "Bəhramın hünəri", "Bəhram və əjdaha", "Simnarın faciəsi", "Bayquşların söhbəti", "Kərpickəsən kişinin nağılı", "Sultan Səncər və qarı", "Xosrov və Şirin", "Fərhad Bisitun dağında" ,"Fərhad və Şirin", "Leyli və Məcnun", "Məcnunun atası", "Leylinin qəbri üstündə" səhnələri yer alır.
2016-cı ildə stansiyanın pannoları memarlıq tərtibatına xələl gətirmədən yenidən işlənib, korroziyaya uğramış ağır bucaqlıqlar ağ plastik bucaqlıqlarla əvəz edilib. Hər iki yol divarında mərmər üzlük tam dəyişdirilərək yenilənib.
Orta zalda işıqlanma konstruksiyası uğurla həll edilib və memarlıq üslubu ilə ahəngdarlıq təşkil edir. Stansiya yoluna hər pilon keçidi üzərində tavana bərkidilmiş yarımdairəvi qızılı 9 çilçırağının hər birində 5 lampalı 10 cərgə var. Bu şəbəkələrdən “süzülən” işıq şüaları sanki stansiyanı nağıllar dünyasına aparan bir aləmə çevirir.
2021-ci il Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda “Nizami İli” elan olunması ilə əlaqədar vestibülün eskalator meydançasında Nizami Gəncəvinin sənətinə həsr olunmuş daha 5 miniatür sənəti nümunəsi yerləşdirilib. Bu miniatürlər ilk dəfə ictimaiyyətə burada təqdim edilib. AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan “Xəmsə”nin məxsusi olaraq Bakı metropoliteni üçün seçilmiş nəfis tərtibatlı nümunələri XVII əsrdə Dost Məhəmməd bin Dərviş Məhəmməd əl-Dəraxçı və Yusif Behbehani tərəfindən köçürülüb. Əlyazmadakı miniatürlər məşhur Təbriz miniatür məktəbinə aiddir.
Eskalatorun aşağı meydançasının hər iki yan divarında Nizami yaradıcılığının təsirindən yaranmış mövzular yer alır. Bir tərəfdə ölməz şairə həsr olunmuş bədii film haqqında məlumat və çəkiliş meydançasında çəkilmiş fotoşəkillər, digər tərəfdə isə sərgi izləyicilərinə “Nizami” stansiyası haqqında məlumat təqdim olunur.
Platformanın orta zalının sonuna doğru irəlilədikcə Nizami portretinin hər iki tərəfində sərgi izləyicilərinə dahi şair və onun “Xəmsə”si haqqında qısa məlumatlar təqdim edilir. Rəssam Mikayıl Abdullayevin adının olduğu divar yaxınlığında isə püpitr üzərində pannoların müəllifi haqqında məlumat da təqdim olunur.
Stansiya yollarının gözləmə zalının pannoarxası divarlarını dahi sənətkarın yaradıcılığından misralar bəzəyir.
Yuxarı vestibülün fasadında platforma pilonlarında istifadə olunmuş şəbəkələr vitraj şüşələrinin üzərini qismən örtür.
Stansiyanın vestibülünün giriş-çıxış binası özü də sanki rəmziləşib. Yolun əks tərəfindən ona nəzər saldıqda, arxada məscid minbəri və qızılı günbəz boylanır. Bu, Bakı metrosunun müsəlman Şərqində ilk yeraltı şəhər dəmir yol nəqliyyatı olması ilə həmahəng səslənir.
Dərin özüllü stansiyada üç eskalator qoyulub.
Stansiyaya daxil olan qatarlarda Nizami Gəncəvinin “Sənsiz” qəzəlinə Üzeyir Hacıbəylinin bəstələdiyi romansdan fraqment səslənir.