z

"Xocəsən" elektrik deposu

  • Açıldığı tarix:

    23 dekabr 2022-ci il

  • Park yollarının ümumi uzunluğu:

    11,857

  • Birinci mərhələdə yolların uzunluğu:

    4,279

  • Ünvan:

    Çingizxan küç 55

Bənövşəyi xəttin “Xocəsən” deposu istismara verilib

Hər xəttin öz deposu 
55 il bundan əvvəl fəaliyyətə başlayan Bakı metropoliteninin ikinci deposu istismara verilib. Ümumən 24.28 hektar ərazini əhatə edən deponun bütün infrastruktur layihələrinin inşası 3 mərhələdə nəzərdə tutulub. Hazırda xəttin 4 stansiyasını və tunellərini əhatə edən mövcud infrastrukturu üçün mühüm olan sahələr yaradılıb. Daha iki mərhələ üzrə işlər xəttin yeni stansiyaları və tunelləri inşa olunduqca, tələbata uyğun aparılacaq.
 Qeyd olunmalıdır ki, ötən illər ərzində “Nərimanov” elektrik deposu Qırmızı və Yaşıl xətlərdə hərəkət edən qatarlara xidmət göstərir. 2016-cı ildə istifadəyə verilmiş Bənövşəyi xətdə işləyən qatarların texniki vəziyyətinə nəzarət, baxış və təmir işlərinin təşkilati məsələləri də məhz “Nərimanov” elektrik deposunda aparılıb.
Lakin metropoliten sistemində istismar tələblərinə uyğun olaraq, hər xəttin öz deposu olmalıdır. Bu səbəbdən “Xocəsən” elektrik deposunun istismara verilməsi Bənövşəyi xətdə bütün təşkilati və xidməti işlərin müstəqil qaydada təmin edilməsinə şərait yaradacaq.

Xəttə çıxış tunelləri - metro inşaatının növbəti uğuru    
Deponun tikintisi onu Bənövşəyi xəttin ilk stansiyası olan “Avtovağzal”la birləşdirən tunellərin qazıntısından başlanıb. 1112 və 1235 m uzunluğunda olan tunellərdə işlər Biləcəri qəsəbəsində sıx yaşayış sahəsinin altında - ağır hidrogeoloji şəraitdə aparılıb. Ərazi torpaq qatının dayanıqsızlığı və qrunt sularının zənginliyi ilə seçilib. Yaşayış sahəsində kanalizasiya xətlərinin olmaması vəziyyəti daha da mürəkkəbləşdirib, torpağa çökən çirkab suları qazmaçıların işini çətinləşdirib. Əlavə olaraq, tunellər dəmiryol magistralının, mühüm mühəndis kommunikasiya xətlərinin altından keçdiyindən qazıntı işlərində hər bir gözlənilməz qəza vəziyyətinin qarşısının alınması məqsədilə xüsusi qabaqlayıcı tədbirlər görülüb. Əməyin mühafizəsi və təhlükəsizlik texnikasının tələblərinə ciddi şəkildə riayət olunmaqla işə təcrübəli, peşəkar mütəxəssislər cəlb edilmişdi. Nəticədə, tunellərin qazıntısı təhlükəsiz şəraitdə aparılıb və Bakıda metro inşaatının növbəti parlaq uğuru tarixə yazılıb. 
Tunelqazma işləri sipər qurğusu vasitəsilə yerinə yetirilərək, bir tuneldə 2019-cu, digərində isə 2020-ci ildə tamamlanıb. Hər iki tunel yolu ağac şpallar deyil, Bakı metropoliteninin özünün istehsal sahəsinin məhsulu olan dəmir-beton bloklar üzərində qurulub. Bu da əsaslı şəkildə maliyyə vəsaitinə qənaət etməyə, valyutanın ölkə xaricinə çıxarılmasının qarşısını almağa imkan verir. Bununla xarici istehsalçılardan asılılıq olmadan ən yeni texnologiyaların tətbiqi ilə daha münasib istismar şərtləri və şəraiti yaradılıb. Bu tip yol infrastrukturunun qulluğu, xidməti də asandır, daha çox qənaətə nail olmağa imkan verir.

Birinci mərhələ üzrə əsas inşaat işləri 
Birinci mərhələdə müvafiq köçürmə işləri tamamlanaraq, depo ərazisinin cənub istiqamətindəki yüksəkliyin torpaq sürüşməsindən qorunması üçün istinad divarları tikilib. İşlərin son mərhələsində depo ərazisinin təhlükəsziliyini təmin edən sistemlərlə yanaşı, Bakı dairəvi yoluna baxan divarlarda dövlətin qayğı və diqqətini, Bakı metropoliteninin 55 illik tarixini və bu xüsusda Ulu öndər Heydər Əliyevin metropolitenə misilsiz əməyini, son 5 il ərzində həyata keçirilən əsas infrastruktur, o cümlədən insan resurslarına yönəlmiş layihələri əks etdirən stendlər yer alıb. Ərazidə abadlaşma işləri aparılıb, yaşıllıqlar salınıb, ərazinin torpaq xüsusiyyətləri nəzərə alınmaqla, ağaclar əkilib. Qeyd edək ki, depo ərazisində də müvafiq qaydada yaşıllıqlar salınıb, işçilərin asudə vaxtlarının təşkili məqsədilə guşələr, portal sahəsi boyunca yamacda 2000-dən artıq ağac və kol əkilməklə yaşıllıq zolağı yaradılıb. Bu, ətraf ərazinin ekoloji mühitini yaxşılaşdırmaqla yanaşı, yoxuşun torpaq qatının möhkəmliyinin daha da gücləndirilməsinə xidmət göstərəcək.
İnfrastruktur obyektlərinə gəlincə, ərazidə birinci mərhələ üzrə bütün xidməti sahələr istismara verilib. Bura qatarların hərəkəti, manevr işlərinin təşkili və prosesə nəzarət etmək üçün nəzərdə tutulan dispetçer məntəqəsi, 35 kV-lıq elektrik yarımstansiyası, müvəqqəti olaraq sərnişin qatarlarının xidməti və baxışı sahəsi kimi fəaliyyət göstərəcək təsərrüfat qatarları deposu, yük terminalı, depo yolları və onları Azərbaycan dəmir yolu magistralına birləşdirilən yol hissəsi (budaq), hər biri 240 kubmetr həcmə malik 2  içməli su anbarı və  hər birinin tutumu 500 kubmetr olan yanğın su anbarı, 201 metr uzunluqlu güc kabeli kollektoru və ən başlıcası, Bakı metrosunun 2-ci yerüstü stansiyası və s. daxildir.

Park yolları 
Deponun park yollarının ümumi uzunluğu 11,857 km-dir. Birinci mərhələdə, sınaq yolu da daxil olmaqla, 5298 dəmir-beton şpal üzərində qurulan 4,279 km hərəkət relsindən ibarət park yollarını motodepoya, yük terminalına, sınaq yoluna, keçid yollarına, Azərbaycan dəmir yolunun magistralına, “Xocəsən” stansiyasına 33 yoldəyişdirici qurğu yönəldir. Azərbaycan dəmir yollarına aparan budağın ümumi uzunluğu 1140 metrdir. Tikinti zamanı depoya relslər məhz magistral yoldan ayrılan budaqla daşınıb. Gələcəkdə dəmir yolu ilə gələn yüklər və Bənövşəyi xətt üçün alınan yeni vaqonlar depoya bu qayda ilə çatdırılacaq. Xatırladaq ki, 5 il əvvəl Bənövşəyi xəttin açılışı ərəfəsində bu yol olmadığından qatarlar xəttə “Avtovağzal” stansiyasının dalanından xüsusi planlama işi aparılaraq endirilmişdi. Park yollarının səciyyəvi cəhəti təmas relslərinin təhlükəsizlik çəpərləri ilə təmin edilməsidir.

Hərəkətin təşkili, işarəvermə va rabitə sistemləri
“Xocəsən” deposunun işarəvermə və telekommunikasiya sisteminin quraşdırılması 2019-cu il martın 11-12-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Fransa Respublikasına səfəri zamanı - Azərbaycan-Fransa sənədlərinin imzalanması mərasimi çərçivəsində “Bakı Metropoliteni” QSC və “Thales International” şirkəti arasında bağlanmış iki mühüm müqavilə sənədi hesabına reallaşdırılıb. Sənədlərdən biri Bənövşəyi xəttin dispetçer mərkəzinin qurulması ilə bağlı Əməliyyat Nəzarəti Mərkəzinin yaradılmasını, digəri isə “Xocəsən” deposunun işarəvermə və telekommunikasiya sisteminin reallaşdırılmasını nəzərdə tutur. Bu isə “Xocəsən” deposunun tikintisi ilə yanaşı, onun əsas fəaliyyətini təmin edən sistemin də artıq müəyyən edilməsi demək idi. 
Qatarların hərəkəti işarəvermə, mərkəzləşmə va rabitə sistemlərinin ən müasir texnologiyaları əsasında təşkil edilib. Hərəkətin təşkili və stansiyanın işinin idarə olunması üzrə “Thales”lə əməkdaşlıq şəraitində müasir SCADA və CBTC sistemlərinin tətbiqinə şərait yaradacaq mikroprosessor mərkəzləşməsi sistemləri, həmçinin hərəkətin təhlükəsizliyinin daha yüksək səviyyəsinə nail olmağa, dispetçer idarəetməsinin yeni modelini tətbiq etməyə imkan verən “ox sayğacı” avadanlıqları quraşdırılıb. Deponun fəaliyyətinin ilkin mərhələsi üçün 23 qülləli, 19 cırtdan svetofor, 69 “ox sayğacı” quraşdırılıb, 33 yoldəyişdirici qurğu intiqalla təmin edilib, 25 min metr uzunluğunda siqnal kabeli çəkilib. Svetofordan ikisi - giriş-çıxış və dalan svetoforları “Xocəsən” stansiyasına aiddir. 
Unikal layihə əsasında aviasiyada tətbiq edilən modelə uyğun inşa olunmuş dispetçer idarəetmə məntəqəsi binası deponun ən mühüm obyektlərindəndir. Dairəvi formaya malik beşmərtəbəli bina “Nərimanov” deposunda yaxın illərdə istifadəyə verilmiş eyni təyinatlı qurğunun analoqudur. Müasir avadanlıqlarla təchiz olunmuş çoxfunksiyalı mərkəzləşmə məntəqəsinin ən yuxarı mərtəbəsində mərkəzləşmə məntəqə növbətçisi qatarların hərəkətini həm qarşısındakı müasir sistemlərlə, eləcə də vizual nəzarəti gücləndirən müasir videomüşahidə sistemi vasitəsilə əyani görüntü imkanı ilə müşahidə edə bilir. Bu da depo ərazisində ən yeni texnologiyalara əsaslanan mühafizə və təhlükəsizlik tədbirlərini optimal həddə çatdırır. Binanın digər mərtəbələrində işarəvermə və rabitə avadanlıqları, mikroprosessor mərkəzləşməsi və rele stativləri, elektrik mexanikinin avtomatlaşdırılmış iş yeri, videomüşahidə mərkəzi xüsusi tələblər və normativlər səviyyəsində qurulub, personalın sosial-məişət şəraitini yeni tələblərə müvafiq surətdə təmin edən sahə yaradılıb.

Elektrik yarımstansiyası
Deponun elektrik yarımstansiyası təkcə birinci deyil, tikintinin bütün mərhələlərinə aid obyektlərin enerji tələbatını ödəmək gücündədir. Deponun bütün elektrik istehlakçılarını, o cümlədən dispetçer mərkəzşləşmə məntəqəsini, motodeponu, “Xocəsən” stansiyasını, nasosxanaları, yük terminalını və s. təsərrüfat obyektlərini enerji ilə təmin edən yarımstansiyanın nominal gücü 11.920 kVt, gərginliyi 35 kV-dur. Layihədaxili kabel şəbəkəsi yarımstansiyaya 10000 metr giriş və 18550 m çıxış güc kabelindən ibarətdir. 825 V-luq kabel şəbəkəsinin uzunluğu 11000 metrdir.
Yeni deponun enerji təminatı sxemi “Nərimanov” deposundan fərqlidir. Burada 825 V-luq 2 paylayıcı qurğu var. Onlardan biri park yollarını, ikincisi isə “Xocəsən-Avtovağzal” mənzilində hərəkət edən qatarları dartı gücü ilə təmin edir. Yarımstansiyada tam fəaliyyət dövrü üçün, deponu elektrik enerjisi ilə təmin edən 1000 kVA-lıq 2 və 630 kVA-lıq 4, eləcə də 1600 kVA-lıq 4 güc aqreqatları quraşdırılıb. Bütün avadanlıqlar müasir texnologiyalar əsasında hazırlanıb.

Ən mühüm xidməti obyektlər
Təsərrüfat qatarlarının deposu (motodepo) birinci mərhələdə sərnişin qatarlarının təmiri, baxışı və saxlanması korpusu kimi istifadə olunacaq. Çünki hazırkı dövrdə xəttin ehtiyaclarının ödənilməsi üçün cəmi 6 qatar tərkibi nəzərdə tutulub. Vaqonların təmiri və baxışı obyektlərinin tikintisi inşaatın ikinci mərhələsinə daxil edildiyindən bu işlər müvəqqəti olaraq motodepoda yerinə yetiriləcək. Bunun üçün sahədə təmir-baxış qanovları inşa edilib. Sahə hazırda vaqonların, gələcəkdə isə təsərrüfat qatarlarının təmiri üçün istifadə olunacaq lazımi avadanlıqlarla təchiz edilib. Burada əl əməyini minimuma endirmək məqsədilə körpülü kran və digər qurğulardan istifadə olunacaq. İşci heyəti üçün normal əmək və məişət, əməyin təhlükəsizliyi və təhlükəsizlik texnikası, ekoloji mühitin tələblərini nəzərə alan şərait yaradılıb.
Yük terminalı (xidmətlərin yükləmə-boşaltma məntəqəsi) depo ərazisinə gətirilən və oradan çıxarılan yüklərin toplanması üçün nəzərdə tutulub. Tuneldə aparılan işlər üçün tikinti materialları – qum, qırmadaş, sement və s. buraya toplanır, tuneldən çıxan tullantılar da təsərrüfat qatarları ilə yük həyətinə daşınır. Burada 2 körpülü kran quraşdırılıb. Deponun tikintisinin ikinci mərhələsinə aid olan sərnişin qatarlarının təmir-baxış və saxlanma korpusu hazır olana qədər motovoz və təsərrüfat qatarlarının platformalarına baxış və onların təmiri yük həyətində aparılacaq. Bu məqsədlə orada 20 m uzunluğunda qanov tikilib və bütün müvafiq şərait yaradılıb.

Deponun fəaliyyətini təmin edən infrastruktur layihələri
Deponun mərkəzləşmə məntəqəsinin binası, elektrik yarımstansiyası kimi, bir çox digər infrastruktur layihələri hər üç mərhələnin yekunundan sonrakı vəziyyət üçün hesablanıb. Bu səbəbdən bütün kommunikasiya xətlərinin layihəsinə uyğun işlər ərazini tam əhatə edir. Kabel kollektorları, kanalizasiya xətləri və onların potensial daşıma gücü layihənin tam həcmini əhatə edir. Buna görə ikinci mərhələdə yalnız əsas infrastruktur sahələrinin tikintisi işləri aparılacaq.
Depoda müasir mühafizə, informasiya-kommunikasiya, rabitə, yanğından mühafizə, işıqlanma sistemləri, 2 qazanxana fəaliyyət göstərir. Avtomobillərin parklanması üçün müasir avadanlıqlarla təchiz olumuş sahələr ayrılıb. Hər iki buraxılış-nəzarət məntəqəsi xidməti vəsiqə ilə avtomatik nəzarət-qeydiyyatı təmin edən avadanlıqla təchiz olunub. Onların yaxınlığında müasir tipli avtoparkinq yaradılıb.