z
23 dekabr 2022-ci il
Bənövşəyi
144 m
Çingizxan küç 55
“Bakımetrolayihə” İnstitutu
Bənövşəyi xəttin “Xocəsən” elektrik deposunun ərazisində eyniadlı yerüstü stansiya istismara verilib. Bu, metropolitenin sayca 27-ci və 2-ci yerüstü stansiyasıdır. Layihəsi “Bakı Metropoliteni” QSC-nin “Bakımetrolayihə” İnstitutu tərəfindən hazırlanan stansiyanın tikintisi inşaat işlərinin ikinci mərhələsinə planlaşdırılsa da, ərazinin sürətli sosial-iqtisadi inkişafı, əhalinin məskunlaşma tempi və yol infrastrukturunun şaxələnməsi nəzərə alınaraq, birinci mərhələyə keçirilib.
Çingizxan küçəsi 55 ünvanında yerləşən “Xocəsən” stansiyası iki mərtəbəlidir. Kompleksin ümumi sahəsi 4204.53 m2, uzunluğu isə 165 metrdir.
Stansiyanın giriş sahəsində vestibül yerləşir. Burada sərnişin avtomatikası, o cümlədən, avtomat nəzarət-buraxılış məntəqəsi mövcuddur. Vestibüldən sərnişin platformasına qədər 59 metr uzunluğunda keçid dəhlizi inşa olunub. Sərnişinlərin platforma səviyyəsinə qalxması üçün Almaniyanın “Thyssen Krupp” şirkətinin istehsalı olan “Tugela FT-945” tipli iki müasir eskalator və pilləkənlər quraşdırılıb. Eskalatorun qalxma hündürlüyü 4.8 metr, lentinin uzunluğu 12 metrdir.
Qapalı və açıq gözləmə zalları, xidməti personalın otaqları platforma səviyyəsindədir. Xüsusi çətir stansiya yolunu, platforma və platformaaltı infrastrukturu açıq hava şəraitinin təsirlərindən qoruyur.
Bənövşəyi xətt 7 vaqonluq qatarların hərəkəti üçün nəzərdə tutulduğundan xəttin sayca 4-cü stansiyasının platforması da 144 metr uzunluğundadır. 2016-cı ildə istismara buraxılmış xətdə məhz “Xocəsən” stansiyasının istifadəyə verilməsi ilə ilk dəfə yeddivaqonluq qatarlar hərəkət etməyə başlayıb. Buna qədər sərnişindaşıma həcminin tələbatına uyğun olaraq, xətdə beşvaqonluq qatarlar hərəkət edib.
Stansiya vestibülü, keçid dəhlizi və platformanın döşəmə və divarları daha uzunömürlü qranit və keramoqranitlə üzlənib. Döşəməyə İtaliya və Ukrayna istehsalı olan qranit, divarlara keramoqranit vurulub. Bu da stansiyanın estetik görünüşünə zənginlik gətirir.
İkimərtəbəli binanın vestibülə bitişik zonası və ikinci mərtəbəsindəki otaqlar xidməti personal və texniki heyət üçün nəzərdə tutulub.
Stansiyanın yanğınsöndürmə və içməli su təchizatı üçün su anbarları və nasosxana tikilib, müasir yanğın təhlükəsizliyi sistemi və avadanlıq quraşdırılıb. İşıqlanma sistemi müasir, qənaətcil və erqonomik xüsusiyyətlərə malik olmaqla, stansiyanın memarlıq ansamblını tamamlayır.
Tunellərdən çıxışda yerləşən portal sahəsindən stansiyayadək 806 metr dəmiryol xətti çəkilib. Yollar dəmir-beton şpallar, yoldəyişdiricilər isə dəmir-beton tirlər üzərində qurulub. Bu, iqtisadi və praktiki cəhətdən daha səmərəli və uzunömürlü olmaqla, qulluğu asan, ən əsası, qatarların hərəkət rəvanlığını və təhlükəsizliyini təmin edir.
Qatarların Bənövşəyi xətt üzrə “Xocəsən” stansiyasına və əksinə hərəkəti xüsusi cədvəllə təmin olunub. Cədvəllər metropolitenin rəsmi internet saytında dərc edilir.