z

Müasir tələblərə cavab verən 5 yeni ultrasəs diaqnostikası aparatı alınıb

Müasir tələblərə cavab verən 5 yeni ultrasəs diaqnostikası aparatı alınıb

10 IYUN / 2022 / 10:26

Bakı metropoliteninin dəmir yollarının ultrasəs diaqnostikasını yerinə yetirən 5 yeni “AVİKON-31” aparatı alınaraq istifadəyə verilib. Relslərin, yoldəyişdirici qurğularının, qaynaq qovuşuqlarının tamlığını yoxlamaqla problemləri zamanında müəyyən etmək bu yeni cihazların əsas vəzifəsidir.
Metropoliten xətlərində qatarların intensiv hərəkətini nəzərə alsaq, relslərin müxtəlif təsirlərə məruz qalması təbii haldır. Bu səbəbdən defektoskop cihazlarının metropolitendə rolu əvəzsizdir.
“Avikon-31” üçölçülü orijinal skanedici qurğu vasitəsilə rels başlığında olan çatışmazlıqları, qüsurların dərinliyini dəqiq qiymətləndirərək onları vaxtında aşkara çıxarmağa kömək edir. 
Yeni alınmış aparatlar əvvəlki nəsil analoqlarından operativliyi, effektivliyi və idarəetmə panelinin çoxfunksiyalılığı ilə fərqlənir. Əvvəlki nəsil defektoskoplarından üstünlükləri sırasında sensor üsulu ilə işləməsi və 8 düymlük böyük rəngli ekrana malik olması işin rahatlığını təmin edir. 
Koordinatlar GPS vasitəsilə avtomatik təyin edilir, məlumat mərkəzi serverə ötürülərək təhlil olunur və müvafiq qərarlar verilir. Müxtəlif funksiyaları özündə mükəmməl şəkildə birləşdirməklə əl əməyini minimuma endirən qurğu 7 km/saat sürətlə hərəkət edir. Siqnalları avtomatik idarə olunur, qüsurlu hissələrin foto və video görüntüsünü qeydə alınır, serverə məsafədən simsiz ötürməni həyata keçirilir.
Metropoliten xətləri defektoskop vasitəsilə ultrasəs müayinəsi ilə yanaşı, müasir diaqnostika kompleksi ilə də ay ərzində iki dəfə yoxlanılır. Ultrasəs müayinəsi aparatlarından fərqli olaraq, bütün metropoliten infrastrukturunu müxtəlif parametrlər üzrə yoxlayan diaqnostika qatarı real sərnişindaşıma prosesi zamanı relslərə düşən yükü də nəzərə almaqla, yolların vəziyyətini qiymətləndirir. 
Həm universal kompleks, eləcə də gündəlik iş rejimində planlı surətdə xətlərdə aparılan yoxlamalar sayəsində metropolitenin dəmiryol şəbəkəsinin optimal təhlükəsizliyi təmin edilir.