z
09 IYUN / 2023 / 13:02
Bakı metropolitenində plana uyğun olaraq, 4 yeni güclü ventilyatorun quraşdırılması işləri başa çatdırılıb. Daha iki köhnə ventilyatorun yeni nəsil analoqları ilə əvəzlənməsi davam etdirilir.
Yeni ventilyatorlar quraşdırılmazdan əvvəl köhnəsi sökülməklə beton özül təbəqəsi dağıdılır. Daha sonra yeni ventilyatorun texniki tələblərinə uyğun yeni təməl meydança qurulur. Bu zaman ventilyatorun maksimum faydalı işləməsi üçün özül təbəqənin hündürlüyü müvafiq standartlara uyğunlaşdırılır. Yalnız bundan sonra yeni ventilyator quraşdırılır.
Ventilyasiya sisteminin səmərəli fəaliyyəti metropolitenin tunel və stansiyalarında sərnişin təhlükəsizliyi prinsiplərinin ən mühüm tərkib hissəsidir. Bu səbəbdən istismar müddətini başa vuran havalandırma qurğularının yenilənməsi və digərlərinin təkmilləşdirilməsi davamlı aparılan bir prosesdir. “Bakı Metropoliteni” QSC-nin dünya istehsalçıları arasında apardığı monitorinq və müvafiq qiymətləndirmənin nəticəsi kimi, son illərdə havalandırma qurğuları Rusiyanın Artyomovsk şəhərində yerləşən “Ventprom” maşınqayırma zavodundan alınır.
Dünyada fəaliyyət göstərən müəssisələr arasında Rusiya şirkətinin ventilyatorları keyfiyyəti, texniki parametrləri, üstünlüyü və səmərəsi ilə digər analoqlarından seçilir. Avadanlıq iqtisadi cəhətdən də daha münasib olmaqla yanaşı, texniki qulluğu və təmir-təftişi daha rahat, asandır. Elektrik enerjisinə daha çox qənaət edir və idarəetmə dolabları tezlik çeviricilidir. Şirkət servis qulluğunu digər əcnəbi istehsalçılarla müqayisədə bir neçə dəfə tez - iki həftə ərzində yerinə yetirir. Həmçinin server qulluğu daha sadə və asandır. Texniki istehsal tapşırıqlarında Bakının iqlim şəraiti, metropolitenin geoloji, infrastruktur şəraiti və digər texniki məsələlərə diqqət edilməsi də yer alıb.
Son illərdə metropolitendə ventilyasiya sisteminin, həmçinin qurğu və avadanlıqların dövrün texnoloji tələbləri səviyyəsində müasirləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. 2018-ci ildən ventilyatorların iş qrafiki fəsillərə uyğun tənzimlənir, 2019-cu ildə 7, 2020-2021-ci illərdə 10 yeni ventilyatorun tətbiqi yeniliklərin daha bir mərhələsinin təməlini qoyub.
Əvvəlki analoqları ilə müqayisədə, yeni ventilyatorlar daha güclü və məhsuldar olmaqla, quraşdırılacağı stansiya və tunelləri 2-3 dəfə artıq təmiz hava kütləsi ilə təmin edir. Onların idarə edilməsi də müasir dövrün tələblərinə uyğun, mərkəzləşmiş qaydada dispetçer tərəfindən aparılır. Bu isə ventilyatorun iş rejiminin ən qısa müddətdə dəyişdirilməsinə və operativ işinin qurulmasına zəmin yaradır. Beləliklə, ventilyatorların işinin təşkilində təhlükəsizlik yüksək səviyyədə artırılıb, xüsusən fövqəladə hallarda rejimdən rejimə daha sürətli və çevik keçid imkanları yaradılıb. Bu məqsədlə fiberoptik kabelləşmədən və müasir texnoloji idarəetmə şkaflarından istifadə olunur. İdarəetmə dolabları və sistemlər "Siemens", "Schneider", ETON kimi aparıcı istehsalçıların elektron avadanlıqları ilə qurulub.
2022-2023-cü illərin planına uyğun, “VOM 24-R” tipli 75 kVt və “VOM 20” tipli 55 kVt gücə malik tipli havalandırma qurğuları isə stansiya və tunel şaxtaları üçün nəzərdə tutulub. Hazırda 4 ventilyator “Əhmədli-Həzi Aslanov” mənzili, “Cəfər Cabbarlı” və “Xətai” (2 ədəd) stansiyalarında quraşdırılıb. Daha 2 ventilyatorun “Əhmədli-Həzi Aslanov” və “Qara Qarayev-Neftçilər” mənzillərində quraşdırılması üçün hazırlıqlara başlanılıb.
Ümumilikdə, metropolitendə 123, o cümlədən son 5 il ərzində Yaşıl və Qırmızı xətlərdə 23 yenilənmiş və yeni stansiyalarda quraşdırılmış daha 8 güclü ventilyasiya qurğusu var və hər biri tam işlək vəziyyətdədir. Əldə olunmuş müsbət nəticələrə əsasən, yeni ventilyator qurğularının istifadəyə verildiyi stansiyalarda temperatur rejimi 3 dərəcəyə qədər aşağı salınıb.