z
09 IYUN / 2023 / 13:00
Bakı metropoliteninin stansiyaları və tunellərində mikroiqlim şəraitinin müasir tələblərin səviyyəsinə qaldırılması istiqamətində miqyaslı tədbirlərdən biri kimi dempferlərin quraşdırılması prosesi davam etdirilir. 2022-2023-cü illərin planına uyğun, ventilyatorlarla yanaşı, 6 dempfer quraşdırılıb. Hündürlüyü 2, eni 2.5 m olan dempferlər “Azadlıq prospekti”, “Xalqlar dostluğu”, “Neftçilər”, “Nərimanov”, “Gənclik” və “Əhmədli” stansiyalarının şaxtalarında qurulub.
Quruluşca sadə olan dempferlər təbii hava axınının tənzimlənməsi və düzgün yönləndirilməsində, həmçinin bu imkanlardan geniş istifadə olunmasında xüsusi əhəmiyyət kəsb edir. Stansiya və tunellərin mikroiqlim mühitinin müsbət istiqamətdə təsirlərini artıran bu qurğuların tətbiqinə 2019-cu ildən başlanılıb.
Qeyd edək ki, dempferlər təbii havalandırmanın və oksigen miqdarının normalar həddində saxlanılaraq, yeraltı stansiyalarda və tunellərdə uyğun biomühitin yaradılmasının mühüm elementlərindəndir. Dempferlərin iş rejimi süni havalandırmanı təmin edən güclü ventilyatorlarla vahid sistemdə qurulur və dispetçer mərkəzindən idarə olunur. Qrafik üzrə, həmçinin hava şəraitindən asılı olaraq, ventilyatorların işinə fasilə verildikdə dempferlər avtomatik açılır. Bununla həm şaxtalardan daxil olan, həm də qatarların hərəkətindən yaranan hava kütləsinin müvafiq qaydada daha səmərəli paylanması təmin edilir.
Bu xüsusda aparıcı dünya şirkətlərinin məhsullarının texniki detalları öyrənilərək Bakı metropoliteninin xüsusiyyətlərinə uyğun formatda tətbiq olunub. Bu günə qədər Yaşıl və Qırmızı xətlərdə 15 dempfer quraşdırılıb. Müqayisə üçün deyək ki, Bənövşəyi xətdə bu sistemlər layihələndirmə mərhələsində nəzərdə tutularaq tətbiq edilir. Hazırda bu xətt üzrə 86 dempfer istismardadır.
Gələcəkdə dempferlərin quraşdırılması bütün şaxtalarda tətbiq olunacaq.