z
21 APREL / 2021 / 17:06
Mürəkkəb spesifik xüsusiyyətləri ilə çoxşaxəli infrastruktura malik Bakı metropoliteni üçün zəruri olan peşələr və ixtisaslar üzrə kadr hazırlığı ən aktual məsələlərindən biridir. Metropolitenin əsaslı təmir edilərək yeni formatda və dövrün tələblərinə uyğun baza əsasında qurulmuş təlim-tədris mərkəzində hər bir şərait yaradılıb. Kadr hazırlığı, ixtisasartırma, ixtisas seçimi, peşə səviyyəsinin təkmilləşdirilməsi, tədris proseslərinin təşkili baxımından davamlı layihələr bir-birini təqib edir. Belə layihələr sırasına daha biri də əlavə olunub.
Qısaca “təcrübəçi layihəsi” də adlandırılan işçi seçimi prosesi istedadlı və bacarıqlı kadrların daha dəqiq seçim və mərhələli şəkildə uyğunlaşdırma ilə işə cəlb edilməsini təmin edir. Bu səbəbdən iş təcrübəsi olmasa belə, ali təhsilli namizədlərin prinsipial baza bilikləri əsasında metropolitenin müxtəlif sahələrinə uyğun yetişdirilməsini sürətləndirmək, onların peşəkarlığını formalaşdırmaqla gələcək perspektivinə dəstək olmaq əsas məqsəddir.
Pilot layihənin iştirakçısı olan bir neçə təcrübəçi artıq işlə təmin edilib. Formalaşdırılmış ilk iki qrupda 6 nəfərdən üçü elektrik təchizatı, ikisi vaqon təmirində avtomatika, bir nəfər isə qazanxana sahəsində sınaq müddətini uğurla başa vurublar.
Yeddi nəfərdən ibarət daha bir qrupda da təcrübə prosesi yekunlaşdırılıb. Elektrik təchizatı ilə işarəvermə və rabitə xidmətlərinin hər birinə iki nəfər, vaqonların əsaslı təmiri xidməti, “Bakımetrolayihə” İnstitutu və depolar üzrə iş departamentinin hər biri üzrə bir nəfər sınaqarları uğurla başa vuraraq əmək fəaliyyətinə başlayıb.
Dördüncü qrupda da təcrübə prosesi başlanıb. Seçilən təcrübəçilər üç ay müddətində seçdikləri peşəyə daha yaxından bələd olur, mərhələ ilə uyğunlaşır, biliklərə dərindən yiyələnmək şansı qazanırlar. Təlimin ilk həftəsində təcrübəçilər mərkəzdə nəzəri biliklərə yiyələnməklə, yanaşı metropolitenlə bağlı ümumi məlumatları alır, bununla həm də uyğunlaşma mərhələsini başlamış olurlar. Sonra ixtisaslara uyğun şəkildə metropolitenin müxtəlif sahələrinə təhkim olunan gənclər məsul şəxslərin daimi nəzarəti ilə iş prosesini dərindən mənimsəməyə başlayırlar.
Layihə nəzarətsiz qalmır, təlim tədris mərkəzinin təlimçiləri davamlı olaraq təcrübəçilərin işini yerində yoxlayır, birgə təcrübə və fikir mübadiləsi aparırlar. Təcrübəçilər həm də mərkəzdə öz sahələrinə uyğun təlimlərə dinləyici qismində mütəmadi cəlb edilirlər.
Müddətin sonunda təcrübəçilərin hazırlığı təhkim olunduqları sahələrin rəhbərlərinin rəyi ilə qiymətləndirilir. Müsbət rəy olduqda sonuncu imtahan prosesi kadr komissiyasında aparılır.
Layihə çərçivəsində ali təhsilini yeni başa vurmuş və metropoliten üçün tələb olunan sahələrdə yararlı ola biləcək kadrlara üstünlük verilir.
Tədrisin keyfiyyəti bu işi aparan mütəxəssislərin bilik və bacarığını təcrübəçilərə aşılamasından çox asılıdır. Buna görə təlimçinin seçdiyi tədris metodları, tərtib edilən proqramlar, habelə ardıcıllığı, münasibliyi və tətbiq edilən təlim üsullarına xüsusi diqqət yetirilir. Bütün bunlar kompleks şəkildə metropolitendə bu sahəyə daha çox marağı, müvafiq bilik bazası olan ixtisaslı kadrların işə cəlb edilməsini sürətləndirəcək. Bununla, metropolitenin güclü kadr bazasının möhkəmləndirilməsi də sürətləndiriləcək.