z
19 DEKABR / 2023 / 12:38
“Bakı Metropoliteni” QSC-nin inzibati binasında “Əlçatan metro” layihəsi üzrə növbəti nəzəri təlim keçirilib. Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi şöbəsinin təqdimatı ilə baş tutan təlim “Əlçatan metro” layihəsindən istifadə edən sərnişinlərlə davranış qaydaları, texniki təchizat, texniki vasitələrdən istifadə və digər mühüm məsələləri əhatə edib.
Son dövrlərdə bu kateqoriyadan olan sərnişinlərin sayının artması ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub. Təqdimat zamanı Bakı metropoliteninin əsas sərnişindaşıma vəzifəsi kimi təhlükəsiz və rahat istifadə ilə bağlı məsələlərə toxunulub, iştirakçılara bu sahə ilə bağlı qanunvericilik, beynəlxalq konvensiyalar haqqında da məlumat verilib.
SƏTƏMM mütəxəssisi yeni alınmış tam müasir daşıma arabalarının istifadə qaydaları barədə geniş məlumat verib və metropoliten əməkdaşları növbəti dəfə təlimatlandırılıblar.
Xidmətin əməkdaşları bu sahədə ötən dövrdə əldə olunmuş təcrübə ətrafında müzakirə aparıblar. Əsas problemlər və onların həlli yolları, xidmətin işçiləri vasitəsilə daxil olmuş təkliflər xüsusi diqqət mərkəzində olub.
Qeyd edək ki, “Əlçatan metro” layihəsi Bakı metropolitenində 2019-cu ilin aprel ayından həyata keçirilir. Layihə metropolitendən istifadə imkanları məhdud olan bütün şəxslərin bu nəqliyyat növündən istifadəsini nəzərdə tutur.
Əlil arabası istifadəçiləri ilə yanaşı, bu xidmətdən uşaq arabacıqları ilə hərəkət edənlər, ahıllar və yaşlılar, habelə, əl yükü olan hamilə qadınlar faydalana bilərlər. Bunun üçün “Bakı Metropoliteni”nin internet saytında aidiyyəti bölmədə qeyd olunmuş əlaqə vasitələrindən istifadə etmək və 1 saat öncədən sifariş vermək kifayətdir. Sərnişin bu xidmət zamanı, müvafiq imtiyazı yoxdursa, yalnız gediş haqqını ödəyir.