z

Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar tədbir keçirilib

Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar tədbir keçirilib

29 APREL / 2024 / 09:44

Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun, “Azərbaycan Dəmir Yolları” QSC-nin Əməyin mühafizəsi və mülki müdafiə departamentinin, həmçinin, Ətraf mühitin mühafizəsi üzrə mütəxəssis və “Bakı Metropoliteni” QSC-nin SƏTƏMM şöbəsinin əməkdaşları iştirak ediblər.
İşçilərin həyat və sağlamlığının qorunması, əmək şəraitinin yaxşılaşdırılması və təhlükəsiz əmək şəraitinin yaradılması mövzusuna həsr edilmiş görüşdə Azərbaycanda bu sahəyə xüsusi önəm verildiyi və hər il Ümumdünya Əməyin Mühafizəsi Gününün bütün idarə və müəssisələrdə, dövlət qurumlarında silsilə tədbirlərlə qeyd edildiyi diqqətə çatdırılıb.
2003-cü ildə Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən təsis edilən Ümumdünya Əməyin Mühafizəsi Gününün Azərbaycan dövlətinin sosial siyasətinin əsas məqsədlərindən biri olduğu vurğulanıb. Beynəlxalq Əmək Təşkilatının əməyin mühafizəsi ilə bağlı Konvensiyalarının ölkəmiz tərəfindən qəbul edildiyi və bunun müvafiq qanunvericiliklə tənzimləndiyi bildirilib.
Tədbirdə çıxış edən “Bakı Metropoliteni” QSC-nin SƏTƏMM üzrə böyük mütəxəssisi Aydın Hüseynli günün əhəmiyyətini qeyd edərək, spesifik və mürəkkəb sahə olan Bakı metropolitenində əməyin mühafizəsinə xüsusi yanaşılmasından, işçilərin əmək şəraitinin yaxşılaşdırılmasından və təhlükəsiz əmək şəraitinin yaradılmasından danışıb. Aydın Hüseynli bildirib ki, Bakı metropolitenində əməyin mühafizəsi tələblərinə ciddi riayət olunmaqla yanaşı, vaxtaşırı işçilər üçün müxtəlif səpkili maarifləndirici təlimlər təşkil edilir, eyni zamanda, müəssisəyə məxsus depolar, idarə və stansiyalarda mühəndislər tərəfindən ciddi yoxlamalar həyata keçirilir.