z
21 AVQUST / 2024 / 10:30
Bakı metropolitenində yaradılmış Metropolitendə işləyən şəhid ailələrinə və Qarabağ müharibələrinin veteranlarına yardım mərkəzinin növbəti iclası keçirilib. İclasda İdarə heyətinin 7 üzvünün hamısı iştirak edib. Daxil olmuş hər bir müraciətə ayrı-ayrılıqda baxılaraq, fikir mübadiləsi aparılıb. Yekunda üzvlərin müvafiq rəyləri əsasında yekdil qərarla 26 nəfərin müraciəti müsbət cavablandırılıb. Bütün müraciətlər üzrə verilən qərar əsasında ümumilikdə 11 min 500 manat vəsait ayrılıb. 2024-cü ilin bunaqədərki dövründə isə Mərkəzin 53 üzvünə 21 min 800 manat yardım ayrılıb.
Qeyd edək ki, Mərkəzin əsas maliyyə mənbəyi “Bakı Metropoliteni” QSC və Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) ayırdığı təyinatlı maliyyə vəsaiti hesabına formalaşır. Mərkəzin İdarə heyətinə daxil olan 7 nəfərdən biri “Bakı Metropoliteni” QSC-nin təmsilçisi kimi sədr müavini Hidayət Məmmədov, digəri MİHİ sədri Bəhruz Əhmədov, digər 5 nəfər isə aidiyyəti kateqoriyadan olan metropoliten işçiləridir. Onlar bütün üzvlərin iştirakı ilə Mərkəzin keçirilmiş hesabat konfransında səsvermə yolu ilə seçilirlər.
Hazırda Bakı metropolitenində Qarabağ müharibələrinin 353 veteranı və 30 şəhid ailəsi üzvü çalışır.