z

Qatar trenajoru: yeni maşinistlər nəslinin mayakı

Qatar trenajoru: yeni maşinistlər nəslinin mayakı

13 IYUN / 2022 / 13:49

Təlim-tədris mərkəzinin ən əhəmiyyətli texnoloji yeniliklərindən biri qatar trenajorudur. Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə 2015-ci ildən başlayaraq, Bakı metropoliteninə yalnız ən müasir, texnoloji innovasiyalar baxımından sonuncu – 4-cü nəslə mənsub qatarlar alınır. Artıq Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyətinin istehsalı olan 15 belə yeni qatar paytaxt metrosunda sərnişinlərə xidmət göstərir. Gələcəkdə də bu strateji xətt davam etdirilərək, istismar müddətini başa vuran qatarlar yalnız bu standartlara cavab verən müasir qatarlarla əvəz olunacaq. Bu səbəbdən qatar maşinistlərinin avtomatlaşdırılmış qatarların tələblərinə uyğun yenidən ixtisaslaşdırılması, eləcə də yeni nəsil maşinistlərin hazırlığı prosesi "81-765" tipli qatarların bazasında yaradılmış trenajorda aparılır. 
Rusiyanın bu sahədə ixtisaslaşmış "Loqos" şirkətinin məhsulu olan trenajor tam interaktiv şəkildə Bakı metropoliteninin xətlərinin real məkan və zaman rejimində müasir qrafik təsvirlər vasitəsilə işlənib. Proqram təminatında Bakı metrosunun özəllikləri ilə yanaşı, qatar maşinistinin qarşısına çıxa biləcək bütün təlimat tapşırıqları, qəza vəziyyətləri də yer alıb. Təlimatdan irəli gələn tapşırıqlar, qəza vəziyyətləri maşinist kabinasının yaxınlığında qurulmuş idarəetmə mərkəzində təlimatçı tərəfindən verilir, əyani şəkildə izlənilir. Proqrama insan müdaxiləsi qeyri-mümkündür. Proqram təminatı özü maşinistin bütün hərəkətlərini qiymətləndirir. İlkin bacarıqların mənimsənilməsi, peşə vərdişlərinin artırılması və möhkəmləndirilməsi, yenilərinin yaradılması, peşə qabiliyyətinin gücləndirilməsi, maşinistlərin zəif cəhətlərini aşkarlayaraq islah edilməsi istiqamətində müvafiq işin aparılması, tədris prosesinin daha kamil və fərdi proqram üzərində qurulması baxımından bu trenajor əvəzsiz vasitədir.
Trenajorun yaxınlığında isə xüsusi displey ekranında qatarın sərnişin salonları yer alıb. Hər vaqon tam orijinal idarəetmə avadanlıqları ilə təmin edilmiş real təsvirli paneldən ibarətdir. Maşinist burada da müvafiq tapşırıqları alaraq, bilik və bacarığını yoxlaya, qiymətləndirə bilir.
Kabinada sükan arxasında olan maşinistin bütün hərəkətlərini onun həmkarları da quraşdırılmış proyektor vasitəsilə əyani şəkildə izləyib, sonradan müzakirələr apara bilirlər.