z

Metropolitençi fotoqrafın növbəti uğuru

Metropolitençi fotoqrafın növbəti uğuru

23 NOYABR / 2020 / 10:50

Fotolar yaşananları, həyatın bir anını göz önündə canlandırmaqla dünənlə bu günü müqayisəli şəkildə aparmaq üçün bizə geniş imkanlar yaradır. Bu mənada fotoqrafiya sənətini tarixin real yaddaşı da adlandırmaq olar. Məhz bu nöqteyi-nəzərdən fotoqrafiya olduqca əhəmiyyətli sahə kimi diqqəti çəkir.
Bu günlərdə ölkəmizin fotoqraflarının beynəlxalq miqyasda əldə etdiyi növbəti uğurda metropolitençi həmkarımızın çəkdiyi fotolar da yer alıb. “Gilavar” foto klubu yeni yaranmasına baxmayaraq, FIAP-ın (Beynəlxalq Foto Sənəti Federasiyası) üzvü, bu təşkilatın Azərbaycanda yerli fərdi klubudur.
Onu da qeyd edə bilərik ki, FIAP UNESCO-nun tanıdığı yeganə fotoqrafiya təşkilatıdır. Təşkilatın rüblük bülleteninin üç səhifəsi “Gilavar”ın hazırladığı “Koronavirus” virtual sərgisinə həsr olunub. Burada sərgi haqqında məqalə və fotolar dərc edilib. Ümumiyyətlə, bu virtual sərginin məqsədi çətinliklərə, xüsusən xəstəlik riskinə rəğmən, kadr arxasında qalmaqla peşə fəaliyyətini davam etdirən insanları cəmiyyətə tanıtdırmaq, həmin insanların zəhmətlərinə dəyər və dəstək verməkdir. Sərgidə ölkənin tanınmış fotoqraflar cərgəsində “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Məhərrəm Məcidovun fotokamerasının yaddaşına həkk etdirdiyi əl işi də nümayiş etdirilib. Gənc həmkarımızı növbəti uğur münasibətilə təbrik edir, işlərində müvəffəqiyyətlər, böyük müsabiqələrdə qələbələr arzulayırıq.