z

Gediş haqqı ovucla da ödəniləcək

Gediş haqqı ovucla da ödəniləcək

01 DEKABR / 2023 / 15:28

Özbəkistan paytaxtı Daşkənd metropolitenində yeni ödəniş sisteminin sınaqları aparılır. Gediş haqqını ödəmək üçün xüsusi kart və ya QR kod vasitəsinə ehtiyac qalmayacaq. Bunun üçün biometrik məlumatlar yetərlidir. Yeni sistemin ilk testi “Xalqlar dostluğu” stansiyasında aparılıb.
“UzDaily”nin məlumatına görə, ödəniş üçün əlinin skan edilməsi ilə sərnişinin ovucundakı venaların unikal təsvirindən istifadə olunacaq. Sistemi vahid dövlət inteqratoru “Uzinfocom” ilə ictimai nəqliyyat sektorunda vahid ödəniş sisteminin operatoru ATTO birlikdə həyata keçiriblər. 
Sistem xüsusi mobil əlavə vasitəsilə çalışır. Qeydiyyatdan keçənlər proqramı yükləməklə sistemə şəxsi məlumatlarını daxil etməlidir. Daha sonra virtual kart yaradılmalıdır və hesaba məbləğ köçürülməlidir. Həmçinin nəqliyyat kartını da bu proqrama inteqrasiya etmək olar.
Ödəniş üçün sərnişinə turniket üzərindəki skanerə əlin ovucunu yaxınlaşdırmaq yetərlidir. Layihəni həyata keçirənlər sistemin yüksək təhlükəsizlik tələblərinə cavab verdiyini, şəxsi məlumatların və hesabdakı vəsaitin ən optimal mühafizəsinin olduğunu bildiriblər.