z

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

01 IYUN / 2017 / 00:00

“Bakı Metropoliteni” QSC rəhbərliyinin xüsusi diqqət yetirdiyi məsələlər sırasında sosial yönümlü layihələrə daha böyük əhəmiyyət verilir.
Belə ki, iyunun 1-dən metronun bütün stansiyalarının bir neçə monitorunda uşaqların rəsmləri yerləşdirilib. Bununla, “Bakı Metropoliteni” QSC 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş daha bir sosial layihəni gerçəkləşdirib. Bu layihə metropolitenin uşaqlara ayırdığı diqqətin və qayğının göstəricisidir. Layihənin maraqlı cəhəti ondan ibarətdir ki, istedadlı balalar, məhz metropoliten əməkdaşlarının övladları, nəvələridir. “Gəzinti” Azərin Qədirli, “Mənim dünyam ailəmdir”, “Gəlin, dünyamızı qoruyaq” Dəniz Paşayeva, “Lalələr” Hikmət İsmayılov, “Bizim sevimli metromuz”, “Uşaqların rəngli dünyası” Fidan Rüstəmli, “Hər daşı bir aləm şəhər” Ləman Mustafayeva və “Görüş” Sevinc Bağırovanın çəkdikləri rəsmlərdə bir-birindən fərqli mövzular əks olunub. Saf duyğularla həyatın müxtəlif məqamlarının ifadə olunduğu rəngarəng rəsmlərə baxdıqca, sanki uşaqların rəngli dünyasına daxil olursan.
Tarixə nəzər salsaq, 1950-ci il iyunun 1-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən Qadınların Beynəlxalq Konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. Bu gün, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd edilir. Uşaqların problemlərinin həlli istiqamətində ölkəmizdə müxtəlif layihələr həyata keçirilir.
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə “Bakı Metropoliteni” QSC bununla sayca üçüncü layihəni həyata keçirir. İlk layihə “Nəriman Nərimanov” stansiyasının yeni təmir olunmuş keçidlərində uşaqların rəsm qalereyasına həsr olunmuşdu. Həmin sərgidə əsas məqsəd, cəmiyyətdə uşaqlar arasında rast gəlinən talassemiya və bu kimi qan xəstəliklərinə qarşı mübarizəyə diqqəti artırmaq, könüllü və mütəmadi donorluğu təbliğ etmək, eyni zamanda könüllü qan donorlarına olan ehtiyacı və zərurəti nümayiş etdirmək idi. 3 ay davam edən layihə ictimaiyyətdə geniş marağa səbəb olmuşdu. Xüsusilə, qan donorluğunun təbliği layihənin əhəmiyyətini daha çox artırmışdı. Ötən il metronun stansiyalarında “Uşaqlar bizim gələcəyimizdir!” devizi altında həyata keçirilən layihə də sərnişinlər tərəfindən maraqla qarşılanmışdı.