z

31 May – Ümumdünya Tütünlə Mübarizə Günü ilə əlaqədar sosial layihə keçirilib

31 May – Ümumdünya Tütünlə Mübarizə Günü ilə əlaqədar sosial layihə keçirilib

01 IYUN / 2018 / 08:43

“Tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin əsas istiqamətləri və üsulları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 may 2018-ci tarixli 192 nömrəli qərarının icrası ilə bağlı "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov mayın 17-si metropolitendə təbliğat və maarifləndirmə xarakterli aksiya və tədbirlərin həyata keçirilməsini ehtiva edən tədbirlər planını təsdiq edib.
Tədbirlər planına əsasən, istər müəssisə əməkdaşları, istərsə də metropolitendən istifadə edən sərnişinlər arasında 31 May – Ümumdünya Tütünlə Mübarizə Günü ilə əlaqədar təbliğat və maarifləndirmə xarakterli aksiya və tədbirlər həyata keçirilib.
Mayın 25-i “Nərimanov” elektrik deposunun müşavirə zalında müəssisənin struktur vahidlərinin baş mühəndislərinin iştirakı ilə bu mövzuda təbliğatla bağlı geniş tədbir keçirilib. Mayın 29-u isə müəssisənin inzibati binasının müşavirə zalında idarə aparatının struktur vahidlərinin rəhbər şəxslərinin iştirakı ilə tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə maarifləndirici təqdimat təşkil olunub.
Təsdiq olunmuş tədbirlər planına əsasən, 31 May – Ümumdünya Tütünlə Mübarizə Günü ilə əlaqədar müəssisədə “Tütündən istifadəsiz bir gün” elan olunub. Silsilə tədbirlər çərçivəsində “Nərimanov” elektrik deposunda “Sağlamlığın üçün siqaretindən keç” adlı aksiya təşkil olunub. Metropolitençilər “Siqaret qutunu təhvil ver, əvəzində süd və ya dondurma əldə et!” adlı kampaniyada fəal iştirak ediblər.
Tütünlə mübarizə barədə müəssisə əməkdaşlarının bu mövzuda maarifləndirilməsi ilə yanaşı, bütün stansiyaların monitorlarında da təbliğat və maarifləndirmə xarakterli məlumatlar yerləşdirilib. Həmçinin metropolitendən istifadə edən sərnişinlərə “28 May”, “Elmlər Akademiyası” və “İçərişəhər” stansiyalarında tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə maarifləndirici bukletlər paylanılıb.
Qeyd edək ki, yüksək xidmət mədəniyyəti sayəsində kütləvi sərnişin daşınmasında layiqli yerini tutan “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti son illər sosial layihələri ilə də sevilən ictimai nəqliyyat növünə çevrilib.