z

28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günüdür

28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günüdür

27 APREL / 2023 / 16:39

Beynəlxalq Əmək Təşkilatı tərəfindən 2003-cü ildə 28 aprel Ümumdünya Əməyin Mühafizəsi Günü elan edilib. Bu günün təsis olunmasının məqsədi istehsalatda bədbəxt hadisələrin baş verməsinin qarşısının alınmasına, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına ictimai diqqətin artırılmasıdır.
BƏT tərəfindən hər il Ümumdünya Əməyin Mühafizəsi Günü müasir çağırışlardan irəli gələn mövzularda elan olunur. 2023-cü ilin bu günü “Əmək dünyasında əsas prinsip və hüquq kimi sağlam və təhlükəsiz əmək şəraiti” mövzusuna həsr olunub.
Ölkəmizdə əməyin mühafizəsi, işçilərin hüquqlarının qorunması, təhlükəsiz və sağlam iş yerlərinin yaradılması sosial siyasətin əsas istiqaməti hesab olunur. Respublikamızda əmək münasibətləri və əməyin mühafizəsi sahəsində beynəlxalq prinsiplərə uyğun normativ-hüquqi aktlar qəbul olunub, Beynəlxalq Əmək Təşkilatının bir sıra konvensiyaları ratifikasiya edilərək zəngin qanunvericilik bazası yaradılıb. “Azərbaycan dövlətinin ən qiymətli sərvəti onun insanlarıdır”, - deyən Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ təsbit olunub. Bununla yanaşı, əmək münasibətlərini tənzimləyən əsas qanunvericilik aktı 1999-cu ildə qəbul edilən Azərbaycan Respublikasının Əmək Məcəlləsidir. Məcəllədə əmək münasibətlərində olan işçilərin və işəgötürənlərin hüquq və vəzifələri, qarşılıqlı məsuliyyətləri, habelə əməyin mühafizəsini tənzimləyən norma, qayda və prinsiplər öz əksini tapıb. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə əmək hüquqlarının təmin olunmasını diqqətdə saxlayır, onun tapşırıqları əsasında əməyin mühafizəsi sahəsində qanunvericilik təkmilləşdirilir, əmək şəraiti yaxşılaşdırılır.
     Strateji əhəmiyyətə malik Bakı metropolitenində də əməyin mühafizəsi üzrə tədbirlər daim diqqət mərkəzində saxlanılır. Əmək şəraitinin yaxşılaşdırılması ilə yanaşı, bədbəxt hadisələrin qarşısının alınması istiqamətində də bir çox tədbirlər həyata keçirilir. Genişmiqyaslı tikinti işləri, işçilərin əmək hüquqlarının qorunması əməyin mühafizəsi üzrə tədbirlərin həyata keçirilməsini şərtləndirir.
Əməyin mühafizəsi istiqamətində əmək qanunvericiliyinin tətbiqinə dair maarifləndirici tədbirlər də mütəmadi olaraq davam etdirilir. “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun 2023-cü ildə təsdiq etdiyi ixtisasartırma və kadr hazırlığı kurslarının tədris planına əsasən mühəndis-texniki işçilərlə Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə kursların keçirilməsi, təhlükə potensiallı obyektlərdə müxtəlif peşələr üzrə çalışan işçilərin müvafiq təlimlərə cəlb edilməsi həyata keçirilir. Əməyin mühafizəsi sahəsində həyata keçirilən tədbirlər insan amilinə yüksək diqqət və qayğını özündə ehtiva edir. Əməyin mühafizəsinin təşkili “Bakı Metropoliteni” QSC-də bundan sonra da xüsusi diqqət yetirilən vacib məsələlərdən biri olacaq.


Nəriman Mantaşev,
SƏTƏMM şöbəsinin rəisi, baş mütəxəssis