z

Bakı metropolitenində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd edilib

Bakı metropolitenində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd edilib

28 APREL / 2023 / 15:53

“Bakı Metropoliteni” QSC-də Sağlamlıq, Əməyin və Ətraf Mühitin Mühafizəsi (SƏTƏMM) şöbəsi əmək qanunvericiliyinin tətbiqi, əməyin mühafizəsi və maarifləndirici iş mövzusuna müvafiq olaraq, struktur rəhbərləri üçün 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar “Nərimanov” elektrik deposunun akt zalında tədbir keçirib.
Tədbir şöbə mütəxəssislərinin əməyin mühafizəsi norması, qayda və prinsipləri, sağlamlıq, maliyyə təminatı məsələləri və təhlükəsiz əmək şəraitinin təşkilinə həsr olunmuş təqdimatı ilə başlanıb.
İştirakçılar əmək şəraitinin və əməyin mühafizəsinin yaxşılaşdırılması, istehsal qəzaları, xəsarət və zədələr, həmçinin peşə xəstəliklərinin qarşısının alınmasına yönəldilmiş fəaliyyət birliyi mövzusunda məruzə ilə tanış olublar. Qeyd edilib ki, işçinin həyat və sağlamlığı müəssisənin istehsal fəaliyyətinin nəticələrindən üstün tutulmalı və əməyin mühafizəsi tələbləri tam yerinə yetirilməlidir. Yerlərdə əməyin yüksək mühafizəsi şəraitinin təmin edilməsi və müntəzəm təkmilləşdirilməsi, işçilərin xüsusi geyim və fərdi mühafizə vasitələri ilə, qida məhsulları və digər vasitələrlə təminat və s. mövzular barədə də geniş məlumat təqdim edilib.
Ötən aylar ərəzində görülmüş işlər barədə hesabat təqdim edib. İlin 3 ayı ərzində iş yerlərində xəsarət hadisəsi qeydə alınmayıb.
2023-cü ilin 3 ayı ərzində əməyin mühafizəsi üzrə 75, bədbəxt hadisələrin qarşısının alınması istiqamətində 70, əmək şəraitinin yaxşılaşdırılması üzrə 5 tədbir yerinə yetirilib. Zərərli əmək şəraitində çalışan 1126 nəfər işçiyə, ənənəvi qaydada olmaqla, 9 min 912,5 litr süd verilib.
Məlumat üçün 2022-ci il üzrə bəzi rəqəmlər də səsləndirilib. Ötən il əməyin mühafizəsi üzrə 98 tədbir yerinə yetirilib. Bədbəxt hadisələrin qarşısının alınması istiqamətində 75, əmək şəraitinin yaxşılaşdırılması üzrə 23 istiqamətdə müxtəlif tədbirlər görülüb. Fərdi mühafizə vasitələri və xüsusi geyimlə təminat diqqətdə saxlanılıb. İl ərzində zərərli əmək şəraitində çalışan 4872 nəfər işçiyə 46 min 651,5 litr süd verilib.
İş yerlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunması məqsədilə 1450 dəfə yoxlama aparılıb. İşə qəbul olunan, ezamiyyətə gələn, istehsalat təcrübəsinə göndərilən tələbələr daxil, ümumilikdə 996 nəfərə giriş təlimatı keçirilib, təhlükə potensiallı obyektlərdə çalışan 123 nəfər işçi təlimlərə cəlb edilib.
Ümumən Bakı metropolitenində əməyin mühafizəsi üzrə tədbirlər daim diqqət mərkəzində saxlanılır. Əmək şəraitinin yaxşılaşdırılması ilə yanaşı, bədbəxt hadisələrin qarşısının alınması istiqamətində də tədbirlər şaxəli olaraq və yerlərdən təkliflər nəzərə alınmaqla həyata keçirilir.
Tədbirdə istehsalatda baş vermiş bədbəxt hadisələrin vaxtında araşdırılması, dərhal qeydiyyata alınaraq təhlil edilməsi və bunun əsasında istehsalat xəsarətlərinin, zədələrin və peşə xəstəliklərinin vəziyyəti barədə işçilərə dürüst məlumatların verilməsi, istehsalatda bədbəxt hadisələrdən zərər çəkmiş və ya peşə xəstəliklərinə tutulmuş işçilərin mənafelərinin sosial, maddi və mənəvi müdafiəsi diqqətə çatdırılıb.
Yekunda iştirakçılarla müxtəlif mövzularda müzakirələr və fikir mübadiləsi aparılıb. Qeyd edək ki, 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar struktur vahidlərində təlimlər, məşğələlər və maarifləndirici tədbirlər keçirilib, müzakirələr təşkil edilib.