z

Beynəlxalq konfransda “Bakı Metropoliteni” QSC-nin fəaliyyəti qiymətləndirilib

Beynəlxalq konfransda “Bakı Metropoliteni” QSC-nin fəaliyyəti qiymətləndirilib

03 MAY / 2023 / 16:05

Dövlət və özəl şirkətlər üçün beynəlxalq platformalarda fəaliyyət göstərən Azərbaycanın peşəkar təlim şirkəti TCS-in təşkilatçılığı ilə 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilmiş ikinci illik Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühitin Mühafizəsi (SƏTƏMM) üzrə konfrans keçirilib.
“Bakı Metropoliteni” QSC-nin nümayəndələrinin təmsil olunduğu tədbirdə IOSH - Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Əməyin Təhlükəsizliyi və Sağlamlığı İnstitutunun Strateji Məşğulluq şöbəsinin rəhbəri Alan Stivens, Böyük Britaniyanın “Kimya təlimləri qrupu” MMC-nin texniki direktoru Tayron Uilyams, BP-nin SƏTƏMM meneceri Çingiz Salahov və bu sahə üzrə digər peşəkar yerli və beynəlxalq nümayəndələr iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd qloballaşan dünyada sağlamlıq, təhlükəsizlik və ekoloji risklərin sürətlə artmasının qarşısının alınması, beynəlxalq təcrübələrin öyrənilməsi, bu sahədə yerli və beynəlxalq təşkilatların üzərinə düşən məsuliyyətin artırılması və aidiyyəti sahələr üzrə digər aktual məsələlərin müzakirəsi olub.
Sənaye sferası üzrə aparıcı mütəxəssislərin toplaşdığı konfransda yerli və xarici qonaqların çıxışlarından sonra SƏTƏMM sahəsində yüksək xidmət göstərmiş şəxslər mükafatlandırılıblar.
Qaliblər arasında yer almış “Bakı Metropoliteni” QSC-nin bu sahədə qurulmuş səmərəli fəaliyyət, tətbiq edilmiş yeniliklər, əməyin mühafizəsi, iş yerlərinin təşkilində ekoloji standartlar, əməyin təhlükəsizliyi texnikası, əmək şəraitinin normalara uyğunluğuna diqqət edilməsi və s. məsələlərdə təcrübəsi yüksək dəyərləndirilib. Görülən işlər nəzərə alınmaqla metropolitendə sahənin rəhbər və bir sıra aparıcı mütəxəssislərinə diplom və sertifikatlar təqdim olunub.