z

Tarix yaradan şəxsiyyət

Tarix yaradan şəxsiyyət

12 DEKABR / 2022 / 11:20

12 dekabr müasir dövlətçiliyimizin banisi, Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Dahi şəxsiyyətin fiziki yoxluğundan illər ötməsinə baxmayaraq, xalqımız öz xilaskarını heç zaman unutmur, daim ehtiramla yad edir.
Bəşəriyyət yarandığı gündən çox böyük şəxsiyyətlərə, sərkərdələrə, onların əldə etdikləri şanlı qələbələrə şahidlik edib, bu şəxsiyyətlərin qurub-yaratdıqları, miras qoyduqları dövlətçilik ənənələri, dünya xalqlarının gələcəyinə işıq tutub, onların bəlkə də yüz illər sonrakı tarixdə mövqeyini müəyyənləşdirib. Məhz, buna görə də, belə şəxsiyyətlər tarixdə dahi, öndər, lider kimi öz layiqli yerlərini tutublar.
Ümummilli Lider Heydər Əliyev birmənalı olaraq, həm tarixi şəxsiyyətdir, həm də tarixi yaradan şəxsiyyət! Ulu Öndər o şəxsiyyətlərdəndir ki, bir tarix yaradaraq zamanın axarını nizamlamaq qüdrətinə sahib olub.  Onun fəaliyyətinin, gərgin əməyinin bəhrələrindən təkcə xalqımız yox, bütün region xalqları, böyük İslam dünyası və türk xalqları faydalanır. Elə buna görə də, Ulu öndərimizin adı dünyanın hər yerində uca tutulur, xatirəsi ehtiramla anılır.
Ulu öndərin Sovet Azərbaycanına rəhbərliyə başladığı birinci dövrdə respublika iqtisadi-sosial sahələrdə inkişafın sürətinə görə bir çox sahələrdə geri qalırdı. Respublikanın partiya təşkilatının sükançısı olduğu 14 ildə Azərbaycan sənayesinin inkişafında nailiyyətlər ildən-ilə sistemli şəkildə artmağa başlayıb.
Həmin illərdə Bakı metropoliteninin tikintisində də böyük canlanma və inkişaf başlanıb. 1970-ci illərdə “Ulduz”, 1972-ci ildə “Məşədi Əzizbəyov” (“Koroğlu”), “Qara Qarayev”, “Neftçilər”, “Nizami” stansiyalarının tikintisi və açılışı Heydər Əliyevin adı ilə bağlıdır. Xüsusən dünyanın sənət, memarlıq incilərindən sayılan “Nizami” stansiyasının (1976-cı il) ərsəyə gəlməsi birbaşa Ulu öndərin xidmətlərinin bəhrəsidir. O, elektrik deposunun kiçik platformasının həmin dövrdə iri sənaye zonasına çevrilən ərazidə funksional infrastrukturlu stansiya ilə (indiki “Bakmil” stansiyası, 1976-cı il) əvəzlənməsi barədə göstəriş verməsi onun konseptual qərarlarının daha bir nümunəsi idi.
1983-1987-ci illərdə o, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində olarkən, Bakı metrosunun inkişafında müstəsna rol oynayıb. Onun xüsusi münasibəti və səyləri ilə vəsaitin ayrılması, ələlxüsus yeni stansiyaların tikintisi üçün lazım olan materialların təminatına böyük diqqətlə yanaşılıb.
Ümumiyyətlə, Heydər Əliyevin Bakı metrosuna münasibəti xüsusi idi, fərqli idi. Hətta demək olar ki, metronu Bakının özü kimi sevirdi, ona millətin iftixarı, sərvəti deyirdi: “Vətəndaşlarımız, ümumiyyətlə, xalqımız bilməlidir ki, bizim millətimizin əlində nə kimi böyük və nadir bir sərvət var. Bu sərvət müstəqil Azərbaycan dövlətinə yaxın keçmişdən miras qalıbdır. Ancaq eyni zamanda, bu sərvət Azərbaycan xalqının zəhmətkeş insanlarının böyük əməyi, əzmi nəticəsində yaranıbdır və belə bir möcüzəli şəkil alıbdır. Ona görə də Bakı metropoliteni Azərbaycan xalqının milli sərvətidir. Deyə bilərəm ki, ən dəyərli sərvətidir”.Ulu  öndərin ölkəmizin gələcəyi barədə göstəriş və tövsiyələri onun varisi, siyasi fəaliyyətinin davamçısı möhtərəm Prezidentimiz, qalib ordumuzun Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun şanlı zəfəri sayəsində işğal altında olan torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. Qarabağ və Şərqi Zəngəzur yenidən çiçəklənən bir diyara çevrilməkdədir.
"Azərbaycan mənim ürəyimdir! Azərbaycan mənim nəfəsimdir! Azərbaycan mənim həyatımdır! Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir” deyən Heydər Əliyevin Azərbaycan dövlətinin qurucusu kimi tarixi missiyası bu gün uğurla davam etdirilir. Onun görmək istədiyi Azərbaycan dünyəvi dövlətlər sırasında layiqli yerini tutur. Ölkəmiz cənab Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Heydər Əliyev siyasi kursu ilə inamla irəliyə, daha aydın və firavan günlərə doğru addımlayır.
Mənalı və şərəfli həyatını öz xalqına bəxş etmiş Ulu öndər Heydər Əliyevin zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində ölkəmizin inkişafı, rifahı, əminamanlığı naminə gələcək nəsillərin faydalanacağı əsil xəzinə, idarəçilik və vətənpərvərlik məktəbidir.