z
12 DEKABR / 2023 / 13:16
12 dekabr Ümumilli Lider Heydər Əliyevin anım günüdür. “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi və kollektivi Bakı metropoliteninin inkişafında və tarixində müstəsna rol oynamış əvəzsiz şəxsiyyətin anım günü ilə əlaqədar müəssisənin “Nərimanov” elektrik deposunda qoyulmuş büstünü ziyarət edib.
QSC rəhbərliyi əsas parkda yerləşən abidənin önünə əklil qoyub, dahi rəhbərin xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Qeyd edək ki, Azərbaycan xalqının dahi liderinin 100 illiyinin qeyd olunduğu bu il Bakı metropolitenində silsilə tədbirlər həyata keçirilir. Heydər Əliyevin Bakı metropoliteninin inkişafında danılmaz xidmətləri müəssisənin hər bir işçisi tərəfindən daim hörmət və sevgi ilə anılır.
İstər Sovet dövründə böyük çətinliklərə rəğmən, bu nəqliyyat növünün inkişafı, istərsə də müstəqilliyin ilk illərində keçmiş SSRİ respublikaları arasında iqtisadi əlaqələrin tənəzzülə uğradığı dövrdə məhz Heydər Əliyevin nüfuzu, zəhməti və yaxından dəstəyi ilə Bakı metropoliteni sərnişinlərinə nümunəvi xidmətini davam etdirib.
Qeyd etmək yerinə düşər ki, 2003-cü ilə qədər Bakı metropoliteninin xətlərinin uzunluğu 31,5 km idisə, bunun 21,3 km-i məhz Heydər Əliyevin rəhbərliyi və ya yaxından iştirakı ilə tikilərək sərnişinlərin xidmətinə verilib. Sərnişin sayının kəskin artdığı və çatışmazlıqların yarandığı həmin dövrlərdə yeni metro vaqonlarının alınması, dağılmış təsərrüfatın bərpası məhz Ulu Öndər sayəsində həllini tapıb.
Bakı metropoliteninin kollektivi və yeni nəsilləri adət-ənənəyə sadiq qalaraq, Heydər Əliyevin xatirəsini daim əziz tutacaq.
Gün ərzində metropoliten kollektivinin nümayəndələri Fəxri Xiyabana gedərək dahi şəxsiyyətin məzarını ziyarət edir, xatirəsini ehtiramla anır və ruhuna dualar oxuyurlar.