z
10 DEKABR / 2023 / 09:21
Dekabrın 12-si xalqımızın Ümummilli lideri, müasir Azərbaycanın memarı və qurucusu, dünyaşöhrətli dövlət xadimi Heydər Əliyevin anım günüdür. Bütün həyatını Vətəninin rifahına həsr etmiş əvəzolunmaz şəxsiyyətin vəfatından 20 il ötür.
Ömrünü xalqının xoş gələcəyinə həsr etmiş Heydər Əliyevin adı Bakı metropoliteninin də inkişaf tarixi ilə sıx bağlıdır. Bu nəqliyyat sahəsi daim onun nəzarətində, diqqət mərkəzində olub. Hələ Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində çalışdığı dövrdə metro tikintisində baş verən bütün prosesləri yaxından izləyən Ulu Öndər Bakıda metro tikintisinin əhəmiyyətini yaxşı başa düşür və buna xüsusi yanaşırdı. Bu gün Bakı şəhərinin tıxaclarında əsas nəqliyyat nəfəsliyi olan Bakı metropoliteninin şəhər üçün əhəmiyyəti bunun bariz nümunəsidir.
Ümumilli Lider həm Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi, sonradan Moskvada SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini kimi ən yüksək dövlət postlarından birində işlədiyi illərdə Bakı metrosunun tikintisi və inkişafı yolunda əlindən gələni əsirgəmirdi.
Onun rəhbərliyi ilə “Nərimanov-Ulduz” sahəsinin inşası cəmi bir neçə ay ərzində tamamlandı. O, “Ulduz” stansiyasının açılışı mərasimində söylədiyi nitqdə qarşıya ən böyük vəzifələri qoydu və buna Bakı metropoliteninin inşası və istismarında artıq formalaşmış bir kollektivin sayəsində getmək üçün hədəfləri müəyyənləşdirdi. “Ulduz-Neftçilər” sahəsində iki deyil, üç stansiyanın, indiki “Qara Qarayev”in inşası məhz onun fədakarlığının və uzaqgörənliyinin nəticəsi idi.
“Nizami” stansiyasının tikintisi haqqında kifayət qədər fikir söyləmək olar. Dünya təsviri sənətinə Azərbaycan miniatür məktəbinin ən nadir incilərindəən biri kimi metropoliten stansiyasının bəxş olunması da Heydər Əliyevin bir rəhbər kimi nüfuzunun göstəricisi idi. Axı bütün planları Moskvada təsdiq edilən, maliyyəsi məhz Mərkəzdən yönəldilən Bakı metrosunun inşasında bu qədər cəsarətli addım atmaq qeyri-mümkün idi. Amma o bunu bacararaq, bu gün nadir rəssamlıq nümunəsinin haqlı olaraq həmmüəlliflərindən biridir.
Moskvada işlədiyi illərdə dəmiryol relsi, şpal, hətta armatur və tübinqin çatışmazlığı şəraitində məhz onun himayədarlığı daha sonralar nəinki “Nizami-Memar Əcəmi” sahəsi və 4 stansiyanın inşasını, ta 2002-ci ildə “Həzi Aslanov” stansiyasına qədər yetərli olan tikinti məhsullarının Bakıya gətirilməsi ilə nəticələndi.
Müstəqilliyin ilk illərində bütün təchizatı SSRİ-nin digər respublikalarından asılı olan Bakı metrosu tənəzzülə uğramış iqtisadiyyatın və sənaye münasibətlərinin təsiri altında məhvə sürüklənməkdə, hələ üstəlik, o vaxtın demokratik imicli hakimiyyətinin də səriştəsiz münasibəti ilə ümidlər tamamilə solmaqda idi. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə bütün mənzərə tam dəyişdi. Metro himayədarının xilaskar nəfəsinin istisini hiss etməyə başladı.
Onun hələ Moskvada çalışdığı illərdə böyüyüb genişlənməsində və Rusiyanın dövlət kimi formalaşmağa başladığı dövrdə bu gün “Metrovaqonmaş” kimi tanınan Mıtişşi Maşınqayırma Zavodunun dünya vaqon istehsalı sənayesinin öncülləri sırasında yer almasına səbəb olan sexin inşasındakı rolu bu illərdə sözünü deməyə başladı. Sərnişin sayı kəskin artmaqda olan Bakı metrosunun yeganə xilas mənbəyi olan qatarların alınmasına başlanıldı. Beləcə, xilaskar missiyası başladı və tezliklə işçilərin sosial rifah da daxil olmaqla, metropolitendə yeni ümidlər dövrünün təməlini qoydu.
2003-cü il oktyabrın 1-də xalqa müraciətində “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyən Ulu Öndərin ölkəmizin çiçəklənməsi ilə bağlı ideyalarını böyük uğurlarla həyata keçirən cənab Prezident İlham Əliyev metronun yeni stansiyalarının inşasının davam etdirilməsi ənənəsini qaytardı, uzunmüddətli perspektiv və inkişaf planının hazırlanmasına nail oldu. Həmin işlər bu gün də davam edir, dahi şəxsiyyətin Bakı metrosu barədə arzuları həyata keçir və metropolitençilər qəti əmindirlər ki, bu yol davamlı inkişaf və yeniləşən ənənələr tarixi olacaq.