z

Ümummilli Lider metronu bütün nəqliyyat vasitələri arasında ən yaxşısı adlandırırdı

Ümummilli Lider metronu bütün nəqliyyat vasitələri arasında ən yaxşısı adlandırırdı

20 FEVRAL / 2023 / 13:45

Heydər Əliyevin Azərbaycana rəhbərliyə başladığı birinci dövrdə respublikada sənayenin inkişafında nailiyyətlər ildən-ilə sistemli şəkildə artmağa başladı. Eləcə də əhalinin sosial-məişət şəraitinin yüksəldilməsinə böyük önəm verən Ulu Öndər insanların məişət şəraitinin yaxşılaşdırılmasını mühüm ictimai problem hesab edirdi. Bütün fəaliyyəti dövründə o, həmişə bu məsələyə böyük diqqət ayırıb, problemin həll edilməsi üçün çalışıb. 1970-1980-ci illərdə Heydər Əliyevin respublikanın gələcəyinə, Azərbaycanın yaxın perspektivinə istiqamətlənən planlarından biri də sənayenin sürətlə inkişaf etdiyi bir dövrdə yeni yaşayış əraziləri ilə böyüyən şəhərin nəqliyyat sisteminin, xüsusən Bakıda sərnişin nəqliyyatının problemlərinin həlli idi.


AZƏRTAC Ümummilli Lider Heydər Əliyevin Bakı Metropolitenin inkişafındakı müstəsna xidmətlərinə nəzər salır.


Ümummilli Lider vəziyyətdən çıxışın ən doğru yolunu metropolitenin inkişaf etdirilməsində görürürdü. “Metropoliten bütün nəqliyyat vasitələri içərisində ən gözəl nəqliyyat növüdür. Nəyə görə? Birincisi, sərnişinləri mənzil başına çox yüksək sürətlə çatdırır. İkincisi, təhlükəsizlik tamamilə təmin olunur. Üçüncüsü və ən əsası, metropoliten kütləvi nəqliyyat vasitəsidir, hər bir insanın istifadə etmək imkanı olan nəqliyyat vasitəsidir”, - deyən Heydər Əliyevin sayəsində həmin illərdə Bakı metropoliteninin tikintisində başlanan böyük canlanma da bunu təsdiq edir. 1970-ci ildə “Ulduz”, 1972-ci ildə “Məşədi Əzizbəyov” (“Koroğlu”), “Avrora” (Qara Qarayev), “Neftçilər”, 1976-cı ildə “Nizami” stansiyalarının tikintisi və açılışı Heydər Əliyevin adı ilə bağlıdır. Xüsusən dünyanın sənət, memarlıq incilərindən sayılan “Nizami” stansiyası Ulu Öndərin bu sahədə əvəzsiz xidmətlərin nəticəsi idi.
Bakı metrosunun 1967-ci ilin noyabr ayında birinci növbəsinin birinci sahəsi istifadəyə verildikdən sonra tikintinin davam etdirilməsi sual altında idi. Moskva tikintinin maliyyə cəhətdən özünü doğrultmasını, eləcə də tikintini respublikanın öz vəsaiti hesabına aparılmasını tələb edirdi. İnşaat xərclərinin aşağı salınması üçün "Nərimanov" stansiyasından sonra metro tikintisinin estakada üsulunun tətbiq olunması təklif olunurdu. Bu variant qəbul olunsaydı, indi evlərinin damları üzərindən taqqıltı ilə elektrik qatarları şütüyən şəhərimizi təsəvvürə gətirmək çətin olmaz. Xoşbəxtlikdən 1969-cu ilin iyul ayında respublika rəhbərliyinə Heydər Əliyev gəldi. Təxminən avqust ayında Bakı Tunel Tikinti İdarəsinin rəisi Əlövsət Əbdülrəhimov Mərkəzi Komitəyə, Heydər Əliyevin yanına çağırıldı. İdarə rəisi başçılıq etdiyi müəssisədə işlərin vəziyyəti, eləcə də həlli ancaq Moskvada mümkün olan məsələlər barədə məlumat verdi. Heydər Əliyev bütün məsələləri şəxsən araşdırdıqdan sonra işi şəxsi nəzarətinə götürdü.
Bununla bağlı o, bir sıra məsələləri şəxsən həll edir və çox keçmədən Ə.Əbdülrəhimova Moskvaya yollanmağı tapşırır. Bununla bağlı müşavirədə şəxsən özü də iştirak edərək, bütün məsələlərin həllinə nail olur. Həqiqətən tezliklə estakada məsələsi gündəmdən çıxarılır və tikintinin yerin altı ilə aparılması, eləcə də "Ulduz" stansiyasının 1970-ci ildə istifadəyə verilməsi barədə qərar qəbul edilir.
İlkin layihəyə görə, bundan sonra iki stansiya - "Əzizbəyov" (indiki Koroğlu) və "Neftçilər" tikilməli idi. O vaxt "8-ci km" yaşayış sahəsində mənzil tikintisi sürətlə aparılırdı. Hazırda “Qara Qarayev” stansiyasının yerləşdiyi ərazilərdə sürətli məskunlaşma gedirdi. Vəziyyət həmin iki stansiya arasında daha bir yeraltı sarayın tikintisini tələb edirdi. Həqiqətən bu stansiya olmasaydı, Bakı metrosu sərnişindaşıma prosesində böyük problemlər qarşısında qalacaqdı. Çünki metro prinsiplərində mənzillərin uzun olması, eləcə də qeyd edilən ərazilərin sürətlə məskunlaşması digər nəqliyyat növlərinin inkişafı ilə yanaşı, metronun da aktuallığını xüsusi çəkiyə gətirmişdi. Metro tikintisi prinsipləri də nəzərə alınaraq, texniki-iqtisadi əsaslar hazırlandı və Ümummilli Lider Heydər Əliyevin birbaşa səyləri ilə “Əzizbəyov-Neftçilər” sahəsində daha bir stansiyanın inşası gündəliyə salındı. Bu tələbdən irəli gələn stansiyanı o vaxt "Avrora" (indiki "Qara Qarayev") adlandırdılar.
Sovet dövründə metropoliten kimi əsaslı tikintilər üzrə məsələlər SSRİ Dövlət Plan və Tikinti komitələrinin razılığından sonra hökumət tərəfindən müzakirə olunub, təsdiq edilirdi. Ona görə də həmin orqanların razılığını almaq lazım idi. Özü də bu, heç də asan məsələ deyildi. Axı, Bakının ağır hidrogeoloji şəraiti də bəlli idi və burada metro tikintisinin SSRİ rəhbərliyi miqyasında əleyhdarları bu amildən də geniş istifadə edirdilər. “Bilirsiniz, birincisi, metronun maliyyələşdirilməsi Moskvadan xüsusi xətlə gəlirdi. O vaxtlar onun Azərbaycanın dövlət büdcəsinə aidiyyəti yox idi. Bu, mərkəzləşmiş maliyyələşdirmə idi. Haraya vəsait vermək olar, hara vermək olmaz - bunu Moskva, Nazirlər Soveti, Mərkəzi Komitə müəyyən edirdi. Hər il gələn il üçün metronun tikintisinin vəsaitini almaq üçün biz mərkəzlə nə qədər iş aparırdıq. Məhz bizim apardığımız o gərgin işlərin nəticəsində vəsaitləri ala bilirdik”, - deyən Heydər Əliyevin titanik səyləri, nüfuzu, inandırmaq bacarığı və belə işləri əsl mütəxəssis səviyyəsində bilməsi sayəsində bu məsələlər uğurla həll olundu. İnamla onu da demək olar ki, 1960-cı illərin əvvəllərində respublikaya Heydər Əliyev rəhbərlik etsəydi, yəqin ki, "28 May" və "Gənclik" stansiyaları arasında Azadlıq prospektinə çıxışı olan daha bir yeraltı saray tikiləcəkdi. Lakin respublikanın ovaxtkı rəhbərləri bu işdə lazımınca inadkarlıq və əzm göstərə bilməyib. “Qara Qarayev” stansiyasının yerləşdiyi coğrafiya üçün əhəmiyyətini nəzərə alsaq, məsələ bu gün meqapolisə çevrilməkdə olan bir şəhər üçün nə qədər aktual olduğunu və doğru qərar verildiyini təsdiq edir.
1972-ci ildə "Ulduz”-“Neftçilər" xətti istismara verildikdən sonra, 5 stansiyalı "28 May”-“Memar Əcəmi" sahəsinin tikintisi məsələsi Sovet rəhbərliyi qarşısında qaldırıldı. Bu, əvvəlkindən də ağrılı məsələ idi. Çünki bu sahənin əhatə etdiyi coğrafi ərazilər də həmin illərdə geniş məskunlaşmaya cəlb edilmişdi. İri tədris və sənaye ocaqları, elmi-tədqiqat müəssisələri məhz bu istiqamətdə açılırdı. “Mənim xatirimdədir, 1976-cı ildə "Nizami" stansiyası hazır olmuşdu. Oranı neçə dəfə su basdı. Bir dəfə səhər işə gələndə xəbər verdilər ki, tunel tamamilə su ilə dolubdur. Onu oradan çıxarmaq nə qədər çətin məsələ idi. Yaxud, tunelləri qazanda hər dəfə su çıxırdı. Bilməlisiniz ki, Bakının yeraltı geoloji strukturu çox mürəkkəbdir. Bakıda keçmişdə su olmadığına görə quyular qazırdılar. Təxminən 100 il bundan öncə Bakıda ancaq quyu suyundan istifadə edirdilər. Əgər indi o quyular qapanıbsa da, onların alt hissəsi qalır. Bizim metro inşaatçıları dəfələrlə belə quyulara rast gəliblər, oradan su çıxıbdır. Bəzən insanlar da orada ağır vəziyyətə düşüblər. Amma öz işlərindən əl çəkməyiblər. Mən bu gün bu barədə böyük iftixar hissi ilə danışıram. Ona görə ki, Bakı metrosunun tikilib bu səviyyəyə çatması üçün mən illər boyu çox xidmət göstərmişəm, hətta əziyyətlər çəkmişəm”, - deyən Heydər Əliyev əvvəlki kimi, yenə də metro tikintisində işlərin gedişini nəzarət altında saxlayır, əksər hallarda ilk baxışda kiçik görünən, lakin bu gün bəlli olduğu kimi, prinsipial əhəmiyyətə malik məsələlərin həllində yaxından iştirak edirdi.
“Nizami” stansiyasını qeyd etmişkən, stansiyaların memarlığını da xüsusi vurğulamaq lazımdır. Metro stansiyalarının memarlıq tərtibatına da çox böyük əhəmiyyət verən Heydər Əliyev deyirdi: Mən vaxtilə metrodan istifadə edərdim. Keçmişdə Moskva metropolitenindən çox istifadə etmişəm. Leninqradda oxuyanda da metropolitendən çox istifadə etmişəm. Xatirimdədir, hələ ilk dəfə, gərək ki, 1947-ci ildə idi, Moskvaya gedəndə metropoliteni böyük memarlıq abidəsi kimi seyr edirdim. Bu, tək mənə aid deyil, hamıya aid idi, o vaxt Moskvaya gedən insanlara aid idi. O cümlədən Azərbaycanın metro stansiyalarının hər biri memarlıq abidəsidir”. Heydər Əliyevin rəhbərliyi dövründə inşa olunmuş hətta tipik stansiyaların da inşaat-memarlıq üslubunda milli təsviri sənət məktəbinin nümunələri xüsusi qeyd olunmalıdır. “Ulduz”, “Qara Qarayev” və “Neftçilər” stansiyasının hər biri bu mənada özünəməxsusluğu ilə seçilir. "Nizami" metro stansiyası bu baxımdan xüsusi fərqlənir. Mən bu işlərlə məşğul olmuşam. Deyə bilərəm ki, 1967-ci ildən sonra tikilən metro stansiyalarının hamısının layihələrinə baxır, öz mülahizələrimizi bildirir, tövsiyələrimizi verirdik. Beləliklə, biz yaxşı metropoliten stansiyaları yaratmışıq. Ona görə metropoliten, eyni zamanda, həqiqətən, mədəniyyət, memarlıq abidəsidir”, - deyə qeyd edən Ümummilli Lider Heydər Əliyevin Sovet rəhbərliyinin məlum qısqanclığı fonunda buna nail olması xüsusi bir hadisə idi. Bu, tək metro və paytaxtın yol-nəqliyyat infrastrukturu qarşısında deyil, Azərbaycan mədəniyyəti, incəsənəti və memarlığı üçün onun unudulmayacaq əvəzedilməz xidmətlərindən birinin nümunəsidir. Bəli, bu gün Bakı metrosunun bu stansiyası dünyanın ən ecazkar stansiyaları arasında belə öz orijinallığı ilə seçilir. “Nizami” dünyanın Şərq və Azərbaycan memarlıq məktəbi üslubunda, milli miniatür məktəbimizin ən bariz nümunəsi əsasında işlənmiş nadir sənət nümunəsi və təsviri sənət qalereyasıdır. Bu stansiyanın Mikayıl Abdullayevin ərsəyə gətirdiyi sənət əsərləri ilə tərtibatı məhz Heydər Əliyevin ideyasının məhsuludur.
Bu xüsusda bir nümunəni də qeyd etmək olar. Moskvada SSRİ-nin ən mühüm sənaye sahələrinə rəhbərlik etdiyi dövrlərdə Bakıya səfərlərinin birində Heydər Əliyev "Elmlər Akademiyası" stansiyasının tikintisində işlərin gedişi ilə tanış olmaq üçün inşaat meydançasına gəlir. Həmin vaxt stansiyanın orta zalının tavanına ornamental bürünc lövhələr vurulurdu. O zaman Heydər Əliyev kiçik bir nöqsan barədə fikrini stansiyanin memarı Mikayıl Hüseynova bildirir. Birbaşa tavana vurulmuş lövhələr bir qədər baxımsız görünürdü, onlara azacıq qabarıqlıq verilsəydi, daha yaxşı olardı. Bu fikirlə memar akademik də razılaşdı. Həqiqətən də üzərində döymənaxış olan bürünc lövhələr relyefli halda daha gözəl görünərdi. İlk baxışda nəzərə çarpmayan kiçik nöqsanı belə gözdən qaçırmayan bu insandakı müşahidə qabiliyyətinin itiliyinin daha bir bariz nümunəsi valehedicidir.
Yeri gəlmişkən, Ümummilli Lider 1982-1987-ci illərdə Sov.İKP MK büro üzvü olduğu və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrdə də Bakıda metro tikintisi məsələləri ilə yaxından maraqlanırdı. O, qarşıya çıxan problemlərin həlli ilə məşğul olur, təchizat məsələlərində dəyərli kömək göstərirdi. Bakının metro inşaatçıları material və avadanlıqla təmin olunmaq sarıdan heç bir çətinliklə qarşılaşmırdılar. SSRİ Dövlət Plan Komitəsində, Dövlət Təchizat Komitəsində yaxşı bilirdilər ki, Bakıda işlərin gedişinin pozulmasından Heydər Əliyev xəbər tutacaqdı, buna görə də metro inşaatçılarının təchizat məsələsi növbədənkənar həll olunurdu. Bakı Metro Tikintisi İdarəsinin rəisi Əlövsət Əbdülrəhimov bir dəfə ona çuqun tübinqlə təchizatın pis olması barədə narazılığını bildirdi. Heydər Əliyev dərhal SSRİ Nəqliyyat Tikintisi nazirinə bu məsələ ilə bağlı tapşırıq verdi. Bundan sonra əsl möcüzə başladı. Metro tikintisinə o qədər tübinq göndərdilər ki, tikinti meydanlarında yer tapılmadığından onları küçələrə yığırdılar. Elə həmin tübinqlərin hesabına şimal sahəsində də tikintiyə başlamaq və orada qazma işlərinin 40 faizini yerinə yetirmək mümkün oldu.
Bu deyilənlər Ulu Öndərin Bakı metrosunun tikintisində və inkişaf etdirilməsindəki rolunu aydın göstərməklə Onun portret cizgilərinin də incəliklərini xüsusi qeyd edir. Bu gün biz Ümummilli Liderin xalqın səadəti naminə fəaliyyətində ömrünün son anlarına kimi rəhbər tutduğu xoş məramların həyatverici enerjisini daxilimizdə yaşadırıq.

AzərTAC, 20.02.2023

Məqaləyə istinad:Ümummilli Lider metronu bütün nəqliyyat vasitələri arasında ən yaxşısı adlandırırdı