z
30 MART / 2023 / 16:41
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş futbol turnirinin qrup mərhələsinin qaliblərindən biri olan “Bakı Metropoliteni” QSC-nin işçilərindən ibarət komandası pley-offun ilkin mərhələsini də uğurla keçib.
Metropolitençilər pley-offun birinci mərhələsində “Azəristiliktəchizat” ASC-nin kollektivi ilə qarşılaşıb və 6:4 hesablı qələbə qazanaraq “ikinci mərhələ”nin “D” qrupuna vəsiqə alıb. 4 komandanın yer aldığı qrupda ilk görüşünü İpoteka və Kredit Zəmanət Fonduna qarşı keçirən metropolitençilər bu qarşılaşmadan da qalib ayrılıblar - 3:2. Qrupun ikinci matçı çərçivəsində aprelin 1-də Fövqəladə Hallar Nazirliyinin kollektivi ilə oynayacaq komandamız qalib gəlsə, son turda “Azərbaycan Dəmir Yolları” QSC ilə oyunun nəticəsindən asılı olmayaraq, 1/4 finala vəsiqəni təmin edəcək.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 52 dövlət qurumunu əhatə edən minifutbol yarışı 2023-cü il may ayının 8-nə qədər davam edəcək. 4 mərhələli sistem (qrup mərhələsi, pley-off, ikinci mərhələ, “4-lər finalı”) üzrə təşkil edilən mübarizədə komandalar ilkin mərhələdə hər birində 13 kollektiv olmaqla 4 qrupda yarışıblar. Metropoliten komandası Kənd Təsərrüfatı (4:1), Rəqəmsal İnkişaf və Nəqliyyat (0:3), Xarici İşlər (4:3), Müdafiə (0:7) nazirlikləri, Dövlət Miqrasiya Xidməti (4:1), Statistika (4:1), habelə Şəhərsalma və Arxitektura komitələri (6:3), AZƏRTAC (5:2), Əqli Mülkiyyət (12:2) və Dövlət Reklam agentlikləri (3:2), “Meliorasiya və Su Təsərrüfatı” ASC (3:1) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (7:2) ilə birlikdə “C” qrupunda yarışıb. Komandamız bu qrup mərhələsində keçirdiyi 12 görüşün 10-da qələbə qazanıb.
Metropoliten komandasına MİHİ-nin komitə sədri Anar Həsənovun məşqçiliyi ilə Hərəkət qatarlarının istismarı üzrə iş departamentindən depo növbətçisi Fərid Rəhimov, Depolar üzrə iş departamentindən akkumlyatorçu Turan Mirzəyev, tornaçı Rövşən Quliyev və çilingər Müşfiq Məmmədov, Yol xidmətindən usta Ramin Həsənov, montyorlar Dadaş Kərimov, Anar Əliməmmədov, Fərhad İsgəndərov və Mehdi Abbasov, İşarəvermə və rabitə xidmətindən elektrik montyoru Nicat Rzayev, Elektromexanika xidmətindən soyuducu qurğu maşinistləri Orxan Babayev və Rəşad Həsənov, Birləşmiş emalatxanalardan defektoskopçu Şəhriyar Tağıyev və MİHİ-nin sürücüsü Nizami Niftəliyev daxildirlər.