z
17 APREL / 2023 / 12:48
1968-ci ilin fevralında “Xətai" stansiyası istifadəyə verilməklə Bakı metropoliteninin birinci növbəsinin birinci buraxılış sahəsində tikinti işləri başa çatdı. Artıq metro Bakı sakinlərinin həyatının mühüm bir sahəsinə çevrilmişdi. Yeraltı xətlərin uzadılması üzrə işlər isə davam edirdi.
1969-cu ilin iyul ayından respublika partiya təşkilatına rəhbərlik etməyə başlayan Heydər Əliyevin birbaşa nəzarəti ilə tikinti işləri daha geniş vüsət aldı. Qazma işləri 6.3 km uzunluğu olan "Nərimanov-Neftçilər” sahəsində aparılırdı. Yeni sahənin ilk stansiyası Sovetlər dövrünün ən əlamətdar hadisəsi olan yubileyə - Vladimir Leninin anadan olmasının 100 illiyinə hədiyyə olmalı idi. O vaxtın ənənələrinə görə hər müəssisə ölkənin əlamətdar hadisələrini əmək nailiyyətləri ilə qarşılamalı idi. Metro inşaatçılarının Leninin yubileyinə hədiyyəsi isə "Ulduz" stansiyası olmalı idi.
Stansiyanın açılışı Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi üçün də əlamətdar olacaqdı. Ulu Öndər Heydər Əliyev Respublika rəhbəri kimi metro sansiyasının açılışında ilk dəfə iştirak edəcəkdi.
1970-ci ilin aprel ayının 17-də Bakının böyük sənaye rayonunundakı meydana xeyli insan toplaşmışdı. Onların böyük əksəriyyəti yaxınlıqda yerləşən Bakı Elektrik Maşınqayırma Zavodunun, Bakı Elektrik Ştamp Zavodunun, Bakı Komvol Kombinatı və digər müəssisələrin işçiləri idilər. Bu stansiyanın açılışına hamıdan artıq sevinən də onlar idi. Bundan sonra işə rahat gedib-gələcək, yola sərf etdikləri vaxta qənaət edəcəkdilər.
Açılış mərasimi münasibətilə təşkil edilən mitinqi Bakı Şəhər Partiya Komitəsinin birinci katibi Abdulla Qədirov açdı. Bakı Tunel Tikintisi İdarəsinin rəisi Əlövsət Əbdülrəhimov metro inşaatçılarını Leninin yubileyi münasibətilə təbrik etdi. Yubiley şərəfinə zərbəçi əmək növbəsindən danışdı. Sonra söz metropolitenin rəisi Lütfəli Nuriyevə verildi. Metro rəisinin çıxışından sonra mikrofona Heydər Əliyev yaxınlaşdı. O dedi:
- Şanlı metro inşaatçıları kollektivi "Ulduz" stansiyasının tikintisini başa çatdırmaqla Bakı zəhmətkeşlərinə gözəl yubiley hədiyyəsi təqdim etmişlər. Bu, yeni böyük əmək qələbəsidir və tuneltikmə texnikasını təkmilləşdirmək yolunda irəliyə doğru yeni addımdır. Yoldaş metro inşaatçıları, metropolitenin yeraltı xətti mürəkkəb şəraitdə keçdiyindən sizin üzərinizə öyrənilməmiş yolları qət etmək vəzifəsi düşmüşdü. Lakin yaradıcı təxəyyülünüz, Leninin yubileyini ləyaqətlə qarşılamaq səyiniz, sizin ilhamlı əməyiniz yeni cəsarətli texniki vasitələr tapmağa imkan vermişdir. Böyük razılıq hissi ilə qeyd edirik ki, qarşınıza qoyulan məsul vəzifənin öhdəsindən gəlməklə bərabər, Vətənimizdə metro tikintisi təcrübəsini bir sıra yeni üsullarla zənginləşdirmisiniz. İndi həmin üsullardan başqa şəhərlərdə metropolitenlərin tikintisində müvəffəqiyyətlə istifadə olunur. Bakıda metropoliten tikintisi ölkəmizdə xalqlar dostluğunun canlı və böyük qüvvəsinə daha bir misaldır. Bütün müttəfiq respublikaların 150-dək müəssisəsi buraya avadanlıq, aparatlar və kabel məhsulları göndərmişdir. Nəqliyyat Tikintisi Nazirliyi, Baş Tunel Metro Tikintisi İdarəsi, Moskva, Leninqrad (indiki Sankt-Peterburq – red.), Kiyevin metro inşaatçılarının qardaş kollektivləri şəhərimizdə metro tikintisinə böyük yardım göstərmiş və göstərirlər. Lenin ordenli Bakı Tunel Tikintisi İdarəsinin kollektivinə Lenin yubileyi Fəxri fərmanının verilməsi kollektivin əməyinin nəinki yüksək qiymətləndirmək, həm də onu yeni müvəffəqiyyətlərə çağırmaq deməkdir.
Heydər Əliyev əmin olduğunu bildirib ki, metro inşaatçıları dövrün çağırışlarına cavab olaraq tikinti-quraşdırma işlərinin müvəffəqiyyələ və yüksək keyfiyyətlə görəcək, yeraltı tikinti texnikasının səviyyəsini daha da yüksəldəcək, qazmanın sürətini daha da artıracaqlar.
Mitinqdən sonra Heydər Əliyev stansiyanın açılışının rəmzi olan qırmızı lenti kəsdi. Saat 15:45-də maşinistlər Rəfail Əliyev və Ramiz Məmmədovun idarə etdikləri qatar iştirakçıların hərarətli alqışları altında “Nərimanov” stansiyasına doğru yola düşdü.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana birbaşa rəhbərliyi dövründə, onun Moskvada SSRİ-nin ali hakimiyyətində Nazirlər Soveti Sədrinin Birinci müavini vəzifəsində çalışdığı müddətdə yaxından dəstəyi sayəsində və daha sonra müstəqil Azərbaycanın Prezidenti olduğu illərdə Bakı metropoliteninin inşasında əvəzsiz xidmətləri olub. Təkcə onu demək yetər ki, 2003-cü il üçün istifadədə olan 31,5 km-ə bərabər metropoliten xətlərinin 22,3 kilometri, o cümlədən 14 metro stansiyası məhz Ulu Öndərin birbaşa iştirakı və dəstəyi ilə inşa olunub.
Bu əvəzsiz xidmətlər heç vaxt unudulmayacaq.