z

Yaxın keçmişdən qalan mirasın nəsillərə əmanəti - Bakı metropoliteni

Yaxın keçmişdən qalan mirasın nəsillərə əmanəti - Bakı metropoliteni

10 MAY / 2023 / 14:00

“Metro bizim müstəqil dövlətimizə keçmişdən çatmış mirasdır. Biz bunu qorumalıyıq, saxlamalıyıq, inkişaf etdirməliyik. Bu, bizim hamımızın vəzifəsidir”.
Ümummilli Lider Heydər Əliyev, 6 noyabr 2002-ci il.

İstər sovet dövründə, istərsə də müstəqilliyimizin ilk illərində Azərbaycana rəhbərlik etdiyi zaman iqtisadiyyatın bütün sahələri kimi, sərnişin nəqliyyatının, xüsusən şəhər yeraltı nəqliyyatın problemləri, inkişafı, metro şəbəkəsinin genişlənməsi Ulu Öndər Heydər Əliyevin xüsusi diqqəti altında olub. Metro tikintisinin həm də strateji mahiyyətə malik dövlət əhəmiyyətli məsələ olduğunu nəzərə alsaq, bu iş ilk gündən xüsusi orqanların, Dövlət Təhlükəsizlik Komitəsinin nəzarəti olmadan həyata keçirilə bilməzdi. Xüsusi əhəmiyyətli obyektin tikintisində çalışan insanların siyasi yetkinliyinə və sayıqlığına, dövlət sirrlərini mühafizə etmək bacarığına təhlükəsizlik orqanları çox ciddi yanaşırdılar. DTK nümayəndələri tez-tez inşaatçılar arasında olur, onlara siyasi sayıqlıq barədə təlimatlar, tövsiyələr verirdilər. O vaxt DTK zabiti gənc Heydər Əliyevi metro tikintisi meydanlarında görən, bunu təsdiq edən metro inşaatçıları, təəssüf ki, artıq dünyalarını dəyişiblər.
1953-cü ildə Stalinin ölümündən sonra Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin sədri Nikita Xruşşovun göstərişi ilə Bakıda metro tikintisi konservasiya olundu. Ovaxtkı respublika rəhbərliyi bu ağılsız qərarın ləğv olunması üçün səy göstərirdi. Həmin dövrdə Heydər Əliyev də bu qərarın əsassız, heç bir məntiqə sığmadığı barədə məlumatları hazırlayıb, SSRİ DTK-sına təqdim edir, Bakıda metro tikintisinin davam etdirilməsi üçün bütün imkanlara əl atırdı. Bu cəhdlərin və respublika rəhbərliyinin səyi nəticəsində SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Mixail Pervuxin Bakıya dəvət olundu. Moskva nümayəndəsi yarımçıq qalmış tikinti ilə tanış olub, görülən işlərin həcmini müəyyənləşdirdikdən sonra tikintinin dayandırılmasının doğrudan da iqtisadi cinayət olduğu ilə razılaşdı və bu barədə Xruşşova məlumat verəcəyini bildirdi. Lakin Pervuxin Moskvaya qayıtdıqdan sonra çox çəkmədi ki onu vəzifəsindən azad etdilər.
Bakıda isə vəziyyətlə barışmaq istəmirdilər. Bu dəfə respublika başçıları Pervuxini əvəz edən İosif Kuzmini Bakıya dəvət etdilər. O da məsələ ilə yerində tanış olub, söz verdi ki, problemin həllinə çalışacaq. Amma Kuzmin də Bakı metrosunun yarımçıq qalmış tunellərini şərab anbarlarına çevirmək istəyən Nikita Xruşşovu inadından döndərə bilmədi. Onun da aqibəti Pervuxin kimi oldu.
Yerli partiya və dövlət orqanlarının, o cümlədən respublika təhlükəsizlik komitəsinin bütün əsaslandırmalarına baxmayaraq, mərkəzi hökumət Bakı metrosu barədə heç bir yeni qərar qəbul etmədi. Həmin dövrdə Heydər Əliyev Bakı metrosunda tikintinin davam etdirilməsi ideyasını əsaslandıran sənədlər üzərində işini davam etdirirdi. Nəhayət, çəkilən zəhmət hədər getmədi. 1960-cı ildə Azərbaycanda Sovet Hakimiyyətinin 40 illiyi münasibətilə Bakıda səfərdə olan Xruşşovu respublika rəhbərliyi yola gətirə bildi.
Bu qərardan da bir qədər əvvəl respublika partiya təşkilatı öz bürosunda metroda tikintinin bərpa olunması məsələsini müzakirə etmiş və büro respublikanın daxili imkanları hesabına tikintini davam etdirmək barədə qərar qəbul etmişdi. Lakin Bakı Metro Tikintisi İdarəsinin ovaxtkı rəisi Müseyib Əsədzadə Moskvanın icazəsi olmadan işə başlamağa cəsarət etmirdi. Azərbaycan KP MK-sı vəziyyəti belə görüb büronun qərarı ilə M.Əsədzadəni işdən azad etdi, onun yerinə Əlövsət Əbdülrəhimov təyin olundu.
Heydər Əliyev respublika rəhbərliyinin sükanı arxasına keçdiyi vaxt metronun birinci növbəsinin birinci buraxılış sahəsinin 6 stansiyası təhvil verilmişdi. Birinci növbənin ilk buraxılış sahəsi nisbətən əlverişli hidrogeoloji şəraitdə tikilmişdi. Həm də o vaxt metro inşaatçılarına moskvalı, leninqradlı həmkarları kömək etmişdi.
İkinci buraxılış sahəsinin qazma işləri başlayanda isə Moskvadan bildirildi ki, daha onlara heç bir ehtiyac yoxdur və Bakının kifayət qədər mütəxəssisləri yetişib. Digər tərəfdən, Moskva tikintinin maliyyə cəhətdən özünü doğrultmasını, onu respublikanın öz vəsaiti hesabına aparılmasını tələb edirdi. İnşaat xərclərinin aşağı salınması üçün bəzən qəbuledilməz təklif və tələblər irəli sürülürdü.
1969-cu ildə Heydər Əliyevin respublika rəhbərliyinə gəlişinin ilk günlərində Bakı Tunel Tikinti İdarəsinin rəisi Əlövsət Əbdülrəhimov Mərkəzi Komitəyə çağırılır. İdarə rəisi işlərin vəziyyəti, eləcə də həlli ancaq Moskvada mümkün olan məsələlər barədə Heydər Əliyevə məlumat verir. Bundan bir neçə gün sonra məsələnin Moskvada Heydər Əliyevin özünün iştirakı ilə keçirilən müzakirəsində tikintinin davam etdirilməsi, eləcə də "Ulduz" stansiyasının 1970-ci ildə istifadəyə verilməsi barədə qərar qəbul edilir.
1969-cu ildən respublika partiya təşkilatına rəhbərlik etməyə başlayan Heydər Əliyevin birbaşa nəzarəti ilə yeraltı nəqliyyatın tikintisində işlər daha geniş vüsət aldı. Ulu Öndər özü bu barədə deyirdi: 1967-ci ildən sonra tikilən metro stansiyalarının hamısının layihələrinə baxır, öz mülahizələrimizi bildirir, tövsiyələrimizi verirdik. Beləliklə, biz yaxşı metropoliten stansiyaları yaratmışıq”.
Uzunluğu 6,3 km olan "Nərimanov-Neftçilər" sahəsinin ilkin mərhələsində işlər Moskvada sovetlər ölkəsinin böyük yubileyə - Vladimir Leninin anadan olmsının 100 illiyinə hazırlaşdığı bir dövrdə aparılırdı. O vaxtın ənənələrinə görə hər bir əmək kollektivi belə tarixi günlərə öz töhfəsini verməli idi. Metro inşaatçılarının yubiley hədiyyəsi isə "Ulduz" stansiyası olmalı idi. Stansiyanın açılışı Azərbaycan KP MK-nın Birinci katibi üçün də əlamətdar hadisəyə çevriləcəkdi. Axı bu, Heydər Əliyevin ölkə rəhbəri kimi açılışında iştirak edəcəyi ilk stansiya olacaqdı. İnşaatçılar öhdəliyi vaxtında yerinə yetirdilər - “Ulduz” stansiyası 1970-ci il aprelin 17-də istismara verildi.
Elə açılış mərasimində “Bu, yeni böyük əmək qələbəsidir və tuneltikmə texnikasını təkmilləşdirmək yolunda irəliyə doğru yeni addımdır” deyən Heydər Əliyev stansiyanın təhvil verilməsini yüksək qiymətləndirdi, - “...metropolitenin yeraltı xətti mürəkkəb şəraitdə keçdiyindən sizin üzərinizə öyrənilməmiş yolları qət etmək vəzifəsi düşmüşdü. Lakin yaradıcı təxəyyülünüz, Leninin yubileyini ləyaqətlə qarşılamaq səyiniz, sizin ilhamlı əməyiniz yeni cəsarətli texniki vasitələr tapmağa imkan vermişdir”.
Artıq ölkə kadrları da nəinki var, həm də onların təcrübəsi digər şəhərlərin metro inşaatçılarına nümunə ola bilərdi: “Vətənimizdə metro tikintisi təcrübəsini bir sıra yeni üsullarla zənginləşdirmisiniz. İndi həmin üsullardan başqa şəhərlərdə metropolitenlərin tikintisində müvəffəqiyyətlə istifadə olunur”.
İlkin layihəyə görə, bu stansiyadan sonra iki stansiya - "Əzizbəyov" və "Neftçilər" tikilməli idi. Lakin həmin ərazinin inkişafında yaranan reallıq və gələcəyin perspektivləri layihədə dəyişikliyin edilməsini zərurətə çevirdi. Çünki yeraltı nəqliyyatda sərnişindaşımanın optimal həcmi stansiyalar arasındakı məsafənin uzunluğundan da asılıdır. Bu prinsip əsas götürülməklə texniki-iqtisadi şərtlərə yenidən baxılmalı idi. Bunu Moskvanın razılıgını almadan etmək olmazdı. Heydər Əliyev özünün dediyi kimi: ”Bilirsiniz, birincisi, metronun maliyyələşdirilməsi Moskvadan xüsusi xətlə gəlirdi. O vaxtlar onun Azərbaycanın dövlət büdcəsinə aidiyyəti yox idi. Bu, mərkəzləşmiş maliyyələşdirmə idi. Haraya vəsait vermək olar, hara vermək olmaz - bunu Moskva, Nazirlər Soveti, Mərkəzi Komitə müəyyən edirdi. Hər il gələn il üçün metronun tikintisinin vəsaitini almaq üçün biz mərkəzlə nə qədər iş aparırdıq. Məhz bizim apardığımız o gərgin işlərin nəticəsində vəsaitləri ala bilirdik”.
     “Əzizbəyov”la “Neftçilər” arasında daha bir stansiyanın inşasına alınan razılıq bu gərgin işlərin, Ulu Öndərin məqsədə nail olmaq üçün göstərdiyi prinsipiallığın, inadkarlığın nəticəsi oldu. İndiki “Qara Qarayev” stansiyası belə yarandı.
Ötən əsrin 7-ci onilliyində Heydər Əliyevin iştirakı ilə istifadəyə verilən 5 metro stansiyasından sonuncusu Azərbaycan memarlıq sənətinin incisi hesab edilən “Nizami” oldu. 
“Metropoliten, eyni zamanda, həqiqətən mədəniyyət, memarlıq abidəsidir” deməklə, memarlıq sənətinə böyük marağı və bu sahənin bilicisi kimi, Heydər Əliyev elə o illərdə Bakı metrosunun memarlıq məsələlərini də diqqətdən kənar qoymurdu. O, tikinti işlərinə xüsusi münasibətlə yanaşır, tez-tez stansiyanın memarı Mikayıl Useynovla, interyer tərtibatının müəllifi Mikayıl Abdullayevlə görüşür, layihələrə münasibətini bildirirdi. 2002-ci il, noyabrın 6-da Bakı metropoliteninin 35 illiyinə həsr olunmuş təntənəli yığıncaqda Heydər Əliyevin “Nizami” stansiyası barədə dediklərini xatırlayaq: “1976-cı ildə "Nizami" stansiyası hazır olmuşdu. Oranı neçə dəfə su basdı. Bir dəfə səhər işə gələndə xəbər verdilər ki, tunel tamamilə su ilə dolubdur. Onu oradan çıxarmaq nə qədər çətin məsələ idi. Yaxud, tunelləri qazanda hər dəfə su çıxırdı. Bilməlisiniz ki, Bakının yeraltı geoloji strukturu çox mürəkkəbdir. Bakıda keçmişdə su olmadığına görə quyular qazırdılar. Təxminən 100 il bundan öncə Bakıda ancaq quyu suyundan istifadə edirdilər. Əgər indi o quyular qapanıbsa da, onların alt hissəsi qalır. Bizim metro inşaatçıları dəfələrlə belə quyulara rast gəliblər, oradan su çıxıbdır. Bəzən insanlar da orada ağır vəziyyətə düşüblər. Amma öz işlərindən əl çəkməyiblər. Mən bu gün bu barədə böyük iftixar hissi ilə danışıram. Ona görə ki, Bakı metrosunun tikilib bu səviyyəyə çatması üçün mən illər boyu çox xidmət göstərmişəm, hətta əziyyətlər çəkmişəm”.
Bakının yeraltı yollarının sonrakı inkişafı – ikinci növbənin “Nizami-Memar Əcəmi” sahəsinin tikinti işləri aparılarkən Heydər Əliyev artıq Moskvada yüksək vəzifədə idi. Amma Azərbaycandan kənarda olsa da, onun ürəyi həmişə doğma yurdu ilə, Bakı ilə bağlı olub. Həmin illərdə də Ulu Öndər Bakı metrosunun taleyinə biganə deyildi, onun tikintisi, inkişafı, problemləri ilə maraqlanırdı. Əlindən gələn hər bir köməyi göstərməyə çalışırdı. Bakının metro inşaatçıları material və avadanlıqla təmin olunmaq sarıdan heç bir çətinliklə qarşılaşmırdılar. SSRİ Dövlət Plan Komitəsində, Dövlət Təchizat Komitəsində yaxşı bilirdilər ki, Bakıda işlərin gedişinin pozulmasından Heydər Əliyev xəbər tutacaqdı, buna görə də metro inşaatçılarının təchizat məsələsi növbədənkənar həll olunurdu. Bakı Metro Tikintisi İdarəsinin rəisi Əlövsət Əbdülrəhimov bir dəfə ona çuqun tübinqlə təchizatın pis olması barədə narahatlığını bildirdi. Heydər Əliyev dərhal SSRİ Nəqliyyat Tikintisi nazirinə bu məsələ ilə bağlı tarşırıq verdi. Bundan sonra əsl möcüzə başladı. Metro tikintisinə o qədər tübinq göndərdilər ki, tikinti meydanlarında yer tapılmadığından onları küçələrə yığırdılar. Tübinqlərdən imtina etmək cəhdi isə Moskvadan Heydər Əliyevin göstərişi olduğundan rədd edildi. Elə həmin tübinqlərin hesabına ikinci növbənin Şimal sahəsində də tikintiyə başlamaq və orada qazma işlərinin 40 faizini yerinə yetirmək mümkün oldu.
Heydər Əliyev yalnız Bakı metrosunun tikintisində deyil, ölkənin başqa şəhərlərində də bu işlərin uğurla aparılmasına nail olmuşdu. 1980-ci illərin əvvələrində SSRİ-nin bir neçə şəhərində-Xarkovda, Daşkənddə, Yerevanda, Volqoqradda (sürətli tramvay), Minskdə, Qorkidə, Kiyevdə metro tikintisi aparıldıgından inşaat materialları, qazma avadanlıqları ilə təminat məsələlərində çətinliklər yaranmışdı. Amma məhz Heydər Əliyevin mərkəzi hökumətdə, partiya rəhbərliyindəki nüfuzu heç yerdə yeraltı yolların tikintisində fasiləyə yol vermirdi. Ortaya çıxan hər bir problem onun müdaxiləsi nəticəsində həll olunurdu.
SSRİ metropolitenlərinin çətinlikləri təkcə tikinti sahəsinə aid deyildi. Metro vaqonlarının istehsal həcmi də tələbatdan geri qalırdı. Nazirlər Soveti Sədrinin birinci müavini kimi Heydər Əliyevin bu məsələyə necə xüsusi əhəmiyyət verməsini 1983-cü ilin 23 dekabrında onun keçirdiyi müşavirə sübut edir. SSRİ Nazirlər Soveti sədrinin müavini A.Antonovun, SSRİ nazirləri N.Konaryevin (dəmir yolu), V.Polyakovun (avtomobil sənayesi), S.Afanasyevin (ağır maşınqayırma sənayesi), V.Fedorovun (neft-kimya sənayesi), SSRİ Dövlət Plan Komitəsi sədrinin birinci müavini L.Voroninin və Nazirlər Soveti aparatının digər rəsmi işçilərinin iştirakı ilə keçirilən həmin müşavirədə metropoliten vaqonlarının istehsal həcminin, onların texniki səviyyəsinin və etibarlığının artırılması məsələsi müzakirə olundu. SSRİ məkanında və digər sosialist ölkələrində metro tikintisinin sürətlə inkişafı vaqon istehsalı sahəsində ciddi dönüş yaratmağı, istehsalın həcmini artırmağı tələb edirdi. Leninqraddakı Yeqorov adına və Mıtişşi vaqonqayırma zavodlarının yenidənqurulması və genişləndirilməsi barədə SSRİ Nazirlər Sovetinin müvafiq qərarı yerinə yetirilməmişdi. Nəticədə metropolitenlərin vaqonla təmin olunması sahəsində vəziyyət xeyli gərginləşmişdi. Belə ki, həmin dövrdə ölkə metropolitenlərinin normal fəaliyyəti üçün 600 vaqon tələb olunurdusa, mövcud istehsal gücü 365 vahiddən yuxarı qalxmırdı. Buraxılan vaqonların istismar keyfiyyətləri də istənilən səviyyədə deyildi və onların ciddi konstruktiv dəyişikliklərə ehtiyacı vardı. Hərəkət qatarlarının texniki bazasının zəif olması da ölkə metropolitenlərinə az müşküllər yaratmırdı. Layihələri hələ 1968-ci ildə hazırlanmış "İ" seriyalı vaqonların istehsalına başlamaq mümkün olmamışdı.
Müşavirədə Heydər Əliyev müvafiq idarə və nazirliklərin rəhbərlərinə yaranmış vəziyyətdən tez bir zamanda çıxış yolunu göstərən tədbirlər planı işləyib hazırlamaq barədə tapşırıq veridi. Müşavirənin qərarına görə 1985-1988-ci illərdə Yeqorov adına Leninqrad və Mıtişşi (Moskva vilayəti) vaqonqayırma zavodlarının genişləndirilməsi və orada metro vaqonlarının istehsal həcminin artırılması barədə sənəd qəbul edildi. Qərar təkcə elə Leninqrad zavodunda ildə 500 vaqonun istehsal olunmasını, Mıtişşidə yeni sex hesabına istehsalın iki dəfə artırılmasını, metropolitenlərin təmir bazasının genişləndirilməsini, ehtiyat hissələrinin hazırlanması və bunun üçün lazım olan texnoloji avadanlığın alınmasını nəzərdə tuturdu.
Əvvəlki qərarlardan fərqli olaraq, bu dəfə məhz Heydər Əliyevin ciddi nəzarəti altında saxlanılan bu tədbirlərin icrasına başlandı. Heydər Əliyev özü dəfələrlə yerlərdə, o cümlədən vaqonqayırma zavodlarında olur, qərarın icrasının gedişini şəxsən yoxlayırdı. Bir daha Ulu Öndərin öz sözlərinə diqqət edək: “1983-cü ildə mənim təşəbbüsümlə Sov.İKP MK və SSRİ Nazirlər Soveti Sovet İttifaqında metropolitenin inkişaf etdirilməsinə dair tədbirlər haqqında çox geniş bir qərar qəbul etdi. Həqiqətən, o vaxtlar beş paytaxtda və Rusiyanın, Ukraynanın bəzi iri şəhərlərində metropoliten vardı, məsələn, Xarkovda metropolitenin tikintisinə yenicə başlanmışdı. Yadımdadır, 1980-ci illərdə biz Rusiyanın iri şəhərlərində metropolitenlər tikilməsinə dair bir çox qərarlar qəbul etmişdik. Dnepropetrovskda da metro tikintisi haqqında qərar qəbul olunmuşdu. Bu gün mən statistika məlumatına baxdım, bəzi şəhərlərdə çox şey tikilmiş, bəzilərində isə o qədər də çox tikilməmişdir. Hər halda, qəbul etdiyimiz həmin qərarlar, özü də təkcə onlar deyil, gündəlik əməli işimiz də, böyük rol oynamışdır”.
Zəngin tarixə malik “Metrovaqonmaş” SC-nin 130 ilə yaxın fəaliyyəti dövründə keçdiyi inkişaf yolunun ən əhəmiyyətli dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin şəxsi nəzarəti altında zavodun istehsal sahələri genişləndi, tamamilə yeniləndi. Bu da istehsalın həcminin xeyli dərəcədə artırılmasına imkan verdi. Mıtişşi maşınqayırma zavodu bu gün dünyanın ən qabaqcıl müəssisələrindən sayılır, məhsulları dünya bazarında yüksək qiymətləndirilir. “Metrovaqonmaş” Səhmdar Cəmiyyətinin rəhbərliyi Heydər Əliyevin bu sahədə xidmətini həmişə yüksək dəyərləndirib. Rusiya nəqliyyat maşınqayırma sənayesinin aparıcı müəssisəsi metro vaqonlarının istehsalı zavodunda Heydər Əliyevin göstərişi ilə aparılan yenidənqurma işlərinin nəticəsi kimi yaranan yeni sexin binasına Heydər Əliyevin xatirə lövhəsinin vurulması da bunu təsdiq edir. Lövhənin 2019-cu ilin oktyabrında keçirilən açılış mərasimində Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov, “Transmaşholdinq” SC-nin baş direktor müavini Artyom Ledenyov, "Metrovaqonmaş" Səhmdar Cəmiyyətinin baş direktoru Boris Boqatıryov iştirak ediblər.
Heydər Əliyevin 100 illiyinin qeyd olunduğu bu günlərdə onun xatirəsi postsovet məkanının əksər ölkələrində yad edilməkdədir. “Transmaşholdinq” Səhmdar Cəmiyyətinə daxil olan “Metrovaqonmaş” zavodunda bu münasibətlə mitinq keçirilib. Heydər Əliyevin barelyefi önünə toplaşan insanlar qarşısında zavodun rəhbərləri, səfir Polad Bülbüloğlu çıxış edib, Heydər Əliyevin müəssisənin inkişafı üçün gördüyü işlərdən danışıblar.
Xalqın istəyi, çağırışı ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gələn Ümummilli Lider müstəqilliyimizin ilk illərindən Bakı metrosunun gələcəyi baradə düşünürdü. 2002-ci ildə metronun 35 illiyi münasibətilə yubiley tədbirlərində iştirak etmək üçün Bakıya gələn MDB metropolitenlərinin, “Metrovaqonmaş”, habelə dəmiryolu nəqliyyatı və müəssisələrinin rəhbərlərini qəbul edən dövlət başçısı qonaqlarla söhbət zamanı Bakıda metro tikintisinin davam etdiriləcəyinə əminliyini ifadə edib. Bununla o, Azərbaycan rəhbərliyinin qətiyyətini diqqətə çatdırmaq istəyirdi. Başqa sözlə, o, ölkəmizin də yaxın gələcəyinin parlaq olduğuna, tezliklə Azərbaycanın dirçələcəyinə, daha böyük iqtisadi layihələri reallaşdırmağa qadir olacağına, güclü bir ölkəyə, o cümlədən metro tikmək kimi qüdrəti olacaq bir dövlətə çevriləcəyinə əminliyini ifadə edirdi.
Həmin yubiley tədbirini xatırlayarkən bir məqamın üstündən sükutla keçmək mümkün deyil. Bakı metrosunun 35 illik yubileyinin belə yüksək səviyyədə keçirilməsinin özü Heydər Əliyevin metroya, onun gələcəyinə verdiyi önəmin göstəricisidir. Bunu Ulu öndərin 2002-ci il noyabrın 6-da indiki Heydər Əliyev adına sarayda yubiley münasibətilə keçirilən təntənəli yıgıncaqdakı çıxışı da parlaq surətdə əks etdirir: “35 illik yubileyin özü qeyri-adi bir yubileydir. Mən Bakı metropoliteninin 35 illik yubileyini qeyd etmək haqqında sərəncam hazırlanması barəsində göstəriş verərkən, düşündüm. Çünki adətən, 50, 70, 80, 100 illik yubileylər olur. Yubileylər də daha çox böyük elm, mədəniyyət xadimlərinə, yaxud iri mədəniyyət, təhsil müəssisələrinə həsr olunur. Böyük, nadir sənaye müəssisələrinin yubileyləri keçirilir. Ancaq metropolitenə indi çox adi bir nəqliyyat vasitəsi kimi baxılır. Ona görə bəziləri bunu düşünə bilərdi, mənim özüm də sərəncam hazırlanan zaman və onu imzalamamışdan əvvəl düşünürdüm. Düşünərək qərar qəbul etdim ki, bəli, bu hadisə, yəni, 35 il bundan öncə Bakının sakinləri üçün belə gözəl nəqliyyat vasitəsinin işə salınması və bu nəqliyyatın 35 il daim insanlara, Azərbaycan vətəndaşlarına xidmət etməsi böyük hadisədir. Ona görə yaşının azlığından asılı olmayaraq, metropolitenin 35 illik yubileyinin keçirilməsini mən tam əsaslı hesab edirəm. Ona görə də o sərəncamı imzalamışam”.
2003-cü ilə qədər Bakı metrosu xətlərinin uzunluğu 31.5 km-ə çatdırıldı. Bunun 22.3 km-i və yaxud 71 faizə yaxını məhz Ulu Öndərin rəhbərliyi və yaxından iştirakı ilə tikildi.
Heydər Əliyev Bakı metrosunun yaxın və ən uzaq gələcəyini bütün aydınlığı ilə görürdü. Bunun üçün əlindən gələni edir, bunu sonrakı nəsillərin qarşısına mühüm bir vəzifə kimi qoyurdu: ”İnşallah, qarşıdan gələn 3-4 ildə Azərbaycanın gəlirləri xeyli artacaqdır. Mən sizə bildirmək istəyirəm ki, bu gəlirlərdən Bakı metrosunun inşasının davam etdirilməsi üçün mütləq istifadə etmək lazımdır. Mən bunu edəcəyəm və güman edirəm ki, məndən sonra gələn insanlar da bunu mütləq etməlidirlər”.
Bəli, Azərbaycan dövləti elə Ulu Öndərin vəsiyyəti ilə etibarlı əllərdədir. 2003-cü il oktyabrın 1-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqına müraciəti bu sözlərlə bitir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Heydər Əliyev ölkəmizin gələcəyinə inanırdı. Onun arzuları Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşir. Bakı metropoliteni də istisna deyil. 2006-cı ildə məhz dövlət başçısının ayırdığı vəsait hesabına 2008-2011-ci illərdə “Nəsimi”, “Azadlıq prospekti” və “Dərnəgül” stansiyaları, “28 May” stansiyasının 2-ci çıxışı istifadəyə verildi. 2011-ci ildə tarixi əhəmiyyətli qərar verildi. Cənab Prezident Bakı metropoliteni xətlərinin konseptual inkişaf sxemini təsdiq etdi. Bu sırada mühüm yenilik - inşası müstəqillik illərində başlanan ilk xəttin - Bənövşəyi xəttin istismara verilməsidir. Bu gün xəttin “Avtovağzal”, “Memar Əcəmi”, “8 Noyabr” və “Xocəsən” yerüstü stansiyası sərnişinlərin, elektrik deposu isə metropolitençilərin xidmətindədir.
Bu gün 27 stansiyası ilə 40.7 km-i əhatə edən metropolitenin yeraltı yollarının uzunluğu gələcəkdə 119.1 km-ə çatan 5 xətdən və ən azı 76 stansiyadan ibarət olacaq.
İllər ötəcək, zaman dəyişəcək, metropoliten inkişaf edəcək, lakin bir həqiqət elə Ulu Öndərin dediyi kimi qalacaq - “Bakı metropoliteni Azərbaycan xalqının milli sərvətidir” .