z
10 MAY / 2023 / 15:47
Azərbaycana XX əsrin ən inkişaflı tarixini bəxş etmiş, onu müstəqil dövlət kimi başıuca saxlayaraq dünya dövlətləri arasında imzasını təsdiq etmiş və XXI əsrdə müstəqil dövlət kimi sürətlə inkişaf etmiş ölkənin dahi liderinin - Heydər Əliyevin anadan omasının 100-cü ildönümü tamam olur.
Azərbaycanın Onun rəhbərliyi ilə qət etdiyi tarixi yol, sadəcə, yüksəlişlər və çiçəklənmə dövrü olmayıb. Bu illər Azərbaycanın saysız-hesabsız təzyiqlərə dirənişinin, məkrli qüvvələrin niyyətlərinin qarşısının alınmasının, milli dirəniş, oyanış və dirçəlişinin keşməkeşli sınaq yolları olub. Xalqın da xoşbəxtliyi ondadır ki, belə tarixi mürəkkəb dövrlərdə inandığı lideri yetişdirə bilir. Bu tarixin memarı kimi Heydər Əliyev Azərbaycan üçün danılmaz və silinməz iz qoyan şəxsiyyətdir.
Heydər Əliyevin Azərbaycana başçılıq etdiyi illərdə bizə qoyduğu mirası çox sadalamaq olar. Bu məktəbin əyani nümunələrindən, onun sarsılmaz qətiyyətinin bariz göstəricilərindən, onun inadının zəfərindən biri də Bakı metropolitenidir. 55 ildən artıqdır ki, şəhər ictimai sərnişindaşıma nəqliyyatında Bakı metropoliteni tarixi paya sahib olaraq özünəməxsus yeri ilə seçilir. Metropoliten Onun danılmaz xidmətləri sayəsində şəhərimizin əsas nəqliyyat arteriyasına çevrilib.
“Metropoliten öz quruluşuna görə, xidmət imkanlarına görə - hər şeyə görə digər nəqliyyat növlərindən fərqlənir və ən sevimli nəqliyyat vasitəsidir” deyən Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründəki fəaliyyətində metropoliteni qayğı və diqqətindən kənar qoymayıb.
Azərbaycanda Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövrdə Bakı metrosunun tikintisi onun nəzarətində olub. Elə həmin vaxtdan o, böyüyən bir şəhər üçün metronun əhəmiyyətini xüsusi qiymətləndirməyə başlamışdı. 1953-cü ildə Stalinin ölümündən sonra Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin sədri Nikita Xruşşovun göstərişi ilə Bakıda metro tikintisi konservasiya olundu. Həmin dövrdə Heydər Əliyev tikintinin davam etdirilməsi ideyasını əsaslandıran sənədlər üzərində işini SSRİ DTK-sına təqdim etmişdi. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Birinci katibi kimi işə başladıqdan sonra isə o, metro tikintisinin gələcəyini qəti müəyyən etdi. Onu da qeyd etmək yerinə düşər ki, məhz Ulu Öndərin qətiyyəti, böyük fədakarlığı, Sovet rəhbərliyinə daxil olan bədxahlara qarşı qətiyyəti olmasaydı, Bakı metropoliteni kiçik nəqliyyat vasitəsi olaraq qalacaq və böyüməyəcəkdi. O, hakimiyyətə gələndə metropolitenin birinci növbəsinin ikinci buraxılış sahəsində – “28 May”dan “Nizami” stansiyası istiqamətində işlər başlamış, lakin perspektivi qaranlıq idi. Heydər Əliyev müdrik rəhbər kimi diqqəti şəhərin əks istiqamətinə yönəldib, əsas qüvvələri “Nərimanov” stansiyasından sonrakı üçüncü buraxılış sahəsinə cəmlədi. Cəmi iki ilə yaxın bir müddətdə “Ulduz” stansiyası istifadəyə verildi. Bu, Heydər Əliyevin respublika rəhbəri kimi açılışında iştirak etdiyi ilk stansiya idi. 1970-ci il aprelin 17-də keçirilən mitinqə toplaşan Bakı sakinlərini salamlayan Heydər Əliyev inşaatçıların işinə böyük qiymət verdi, onlara minnətdarlığını bildirdi: “Metropolitenin yeraltı xətti mürəkkəb şəraitdə keçdiyindən sizin üzərinizə öyrənilməmiş yolları qət etmək vəzifəsi düşmüşdü. Lakin yaradıcı təxəyyülünüz, Leninin yubileyini ləyaqətlə qarşılamaq səyiniz, sizin ilhamlı əməyiniz yeni cəsarətli texniki vasitələr tapmağa imkan vermişdir”.
Həmin dövrdə “8-ci kilometr” adlandırılan yaşayış sahəsindən Əhmədli qəsəbəsinə qədər olan ərazilər sürətlə inkişaf etməyə, sənaye mərkəzi kimi böyüməyə başlamışdı. Bu da Heydər Əliyevə SSRİ-nin mərkəzi rəhbərliyi qarşısında yeni vəzifələri müəyyən etməyə, yeni öhdəliklərlə Bakının strateji əhəmiyyətli bir şəhər kimi inkişafına nail olmağa imkan verdi.
“Bilirsiniz, birincisi, metronun maliyyələşdirilməsi Moskvadan xüsusi xətlə gəlirdi. O vaxtlar onun Azərbaycanın dövlət büdcəsinə aidiyyəti yox idi. Bu, mərkəzləşmiş maliyyələşdirmə idi. Haraya vəsait vermək olar, hara vermək olmaz - bunu Moskva, Nazirlər Soveti, Mərkəzi Komitə müəyyən edirdi. Hər il gələn il üçün metronun tikintisinin vəsaitini almaq üçün biz mərkəzlə nə qədər iş aparırdıq. Məhz bizim apardığımız o gərgin işlərin nəticəsində vəsaitləri ala bilirdik” deyən Heydər Əliyev tikinti sahəsində işlərin gündən-günə sürətlənməsinə nail oldu. Metro xətti böyük sənaye rayonunun altında yerləşən “Ulduz” stansiyasından 8-ci kilometr yaşayış sahəsinə doğru irəliləyirdi. 1972-ci ilin noyabrın 6-da 3 stansiya – “Məşədi Əzizbəyov” (“Koroğlu”), “Avrora” (“Qara Qarayev”), “Neftçilər” stansiyaları ilk sərnişinlərini qəbul etdi.
Lakin o, Şimal istiqamətini də unutmamışdı və burada da onun planları dəqiq müəyyənləşmişdi. Bu istiqamətdə bir rəhbər kimi nə qədər doğru qərarlar verdiyini sübut etdikdən sonra o, yenidən diqqəti “28 May-Nizami” sahəsinə qaytardı. 1976-cı ildə istifadəyə verilən “Nizami” stansiyası təkcə sərnişin daşıyan nəqliyyat vasitəsinin növbəti dayanacağı kimi deyil, nadir sənət incisi oldu. “Metropoliten, eyni zamanda, həqiqətən mədəniyyət, memarlıq abidəsidir” deyən Heydər Əliyev elə o illərdə Bakı metrosunun memarlıq məsələləri ilə incə siyasətinə daha bir zəfərini əlavə etmiş oldu. O illərdə Heydər Əliyev metro tikintisinə xüsusi münasibətini stansiyanın memarı Mikayıl Useynov və bədii tərtibatının müəllifi Mikayıl Abdullayevlə görüşləri əyani göstərirdi. Amma bu stansiya da asan başa gəlmirdi: “1976-cı ildə "Nizami" stansiyası hazır olmuşdu. Oranı neçə dəfə su basdı. Bir dəfə səhər işə gələndə xəbər verdilər ki, tunel tamamilə su ilə dolubdur. Onu oradan çıxarmaq nə qədər çətin məsələ idi. Yaxud, tunelləri qazanda hər dəfə su çıxırdı. Bilməlisiniz ki, Bakının yeraltı geoloji strukturu çox mürəkkəbdir. Bakıda keçmişdə su olmadığına görə quyular qazırdılar. Təxminən 100 il bundan öncə Bakıda ancaq quyu suyundan istifadə edirdilər. Əgər indi o quyular qapanıbsa da, onların alt hissəsi qalır. Bizim metro inşaatçıları dəfələrlə belə quyulara rast gəliblər, oradan su çıxıbdır. Bəzən insanlar da orada ağır vəziyyətə düşüblər. Amma öz işlərindən əl çəkməyiblər. Mən bu gün bu barədə böyük iftixar hissi ilə danışıram. Ona görə ki, Bakı metrosunun tikilib bu səviyyəyə çatması üçün mən illər boyu çox xidmət göstərmişəm, hətta əziyyətlər çəkmişəm”.
1979-cu ildə Bakı üçün bir ilk olan yerüstü stansiyanın ərsəyə gəlməsi də məhz Ulu Öndərin göstərişi idi. 1970-ci illərdə deponun kiçik bir platforması beləcə həmin ərazidə iri sənaye müəssisələrinin, ilk növbədə Bakı Məişət Kondisionerləri Zavodunun yaradılması səbəbi ilə metronun ilk yerüstü stansiyasına çevrildi.
1982-ci ildə Azərbaycan üçün tarixi əhəmiyyətli bir hadisə də baş verdi. Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini kimi ən yüksək dövlət vəzifələrindən birinə təyin olundu. Onun Azərbaycana diqqət və qayğısının əyani və aşkar nümunələri sırasında yenə də Bakı metropoliteni də var idi. Heydər Əliyevin “Azərbaycana 14 il rəhbərlik etdiyim zaman, sonra 5 il Moskvada Sovetlər İttifaqının rəhbərliyində olduğum zaman mən Bakıda metro tikintisi ilə daim məşğul olmuşam və bu işə nail olmuşam. Buna görə də özümü xoşbəxt hiss edirəm” deməsi sadəcə, söz deyil, faktlara əsaslanan tarixdir.
SSRİ kimi nəhəng bir ölkənin ali rəhbərləri sırasında yer aldığı illərdə onun liderlik xarakteri və Bakı metrosuna xüsusi sevgisi olmasaydı, biz yenə də inkişaf edən, yeni-yeni ərazilərə çatan metropolitendən söz aça bilməzdik. O, Bakı metropoliteninin inkişafı üçün bədxahlarından çəkinmədən nüfuzunu, gücünü buna sərf etdi: tikinti materiallarının qıtlığının bütün Sovet dövlətini əsarətə aldığı bir vaxtda "Nizami-Memar Əcəmi" sahəsinin inşası dayanmadı. Hətta baş vermiş uçqundan, tunelin qrunt sularının təsiri ilə dağıldığı və beləcə, ümidlərin tükəndiyi bir vaxtda məhz onun qəti tapşırıqları Bakı metrosu qarşısında xidmətlərinin kulminasiya nöqtəsi oldu. O vaxt Heydər Əliyevin SSRİ nəqliyyat tikintisi nazirinə verdiyi tapşırıqla əsl möcüzə başladı. Yeri gəlmişkən, “Xalqlar dostluğu” və “Əhmədli” stansiyaları da elə bu təchizat (Heydər Əliyevin göstərişi ilə Moskvadan Bakıya fasiləsiz olaraq tübinqlər göndərilirdi) məsələləri sayəsində metro coğrafiyasını genişləndirdi. Müstəqillik illərində təhvil verilən “Cəfər Cabbarlı” stansiyasının tamamlanması və “Həzi Aslanova” qədər tunellərin inşasına da bəs etdi. Elə həmin tübinqlərin hesabına ikinci növbənin Şimal sahəsində də tikintiyə başlamaq və orada qazma işlərinin 40 faizini yerinə yetirmək mümkün oldu.
Ümumən, Ulu Öndərin Azərbaycana rəhbərlik etməyə başladığı dövrdə metronun cəmi 6 stansiyası və 8,8 kilometr xətti var idisə, sonrakı dövrdə yeraltı saraylar şəhərimiz iki dəfədən də artıq böyüdü: 21,3 kilometr xətt və 14 yeni stansiya inşa edildi.
Müstəqillik ucuz və asan başa gələn nemət deyil. Bunu metropolitençilər öz fəaliyyətlərində, gündəlik həyatlarında və ümidsizliyə gedən 90-cı illərin əvvəllərində əyani hiss edirdilər. Lakin metro üçün də hərc-mərcliyin sonu, ölkəni bürüyən böhrandan kiçik itkilərlə çıxmaq yalnız Heydər Əliyevin qayıdışı ilə reallaşdı.
SSRİ dağıldığından Bakı metrosunun əsas təchizat mənbəyi olan postsovet məkanı müəssisələri ilə əlaqələr də yox olmuşdu. Bu nəqliyyatın şəhərimiz üçün əhəmiyyətini dərk etməyənlərin ona ögey münasibət bəslədiyi bir dövrdə Heydər Əliyev faktoru yenidən sözünü dedi. Xüsusən metronun maddi-texniki bazasının möhkəmləndirilməsi, vaqon parkının yeniləşməsi Onun Moskvada yüksək vəzifədə işlədiyi illərdə qazandığı nüfuz və hörmətin nəticəsi idi. Moskvanın Mıtişşi “Metrovaqonmaş” Səhmdar Cəmiyyətinin rəhbərliyi Bakı metropoliteni üçün o vaxt qüvvədə olan qiymətlərdən aşağı qiymətə vaqon satmağa razı olmuşdu. Bundan əlavə, Moskva metropolitençiləri metromuzu çətin vəziyyətdən çıxarmaq üçün bakılı həmkarlarını mütəmadi olaraq saysız-hesabsız ehtiyat hissələrilə təmin edirdi.
Onun nüfuzu tək bu nümunə ilə kifayətlənmir. Məhz Heydər Əliyevin nüfuzu sayəsində "Həzi Aslanov" stansiyasının inşasına Avropa İttifaqı maliyyə yardımı göstərdi. Beləcə, metro yeni inkişafın təməl mərhələsinə gəlib çatdı.
2002-ci ildə Bakı metropoliteninin 35 illik yubileyində çıxış edərkən Ulu öndərin metronun inkişafı, gələcəyi ilə bağlı “Məndə hələ o illərdən metronun tikintisinin birinci, ikinci, üçüncü növbələrinin cədvəli var. Onu o vaxtdan saxlamışam. İndi onları təzələyəcəyik. Bakı metrosunun inşasının davam etdirilməsi üçün mütləq istifadə etmək lazımdır. Mən bunu edəcəyəm və güman edirəm ki, məndən sonra gələn insanlar da bunu mütləq etməlidirlər” deyən Ulu Öndərin müəyyən etdiyi iqtisadi-siyasi konsepsiya sayəsində 2000-ci illər Bakı metropoliteninin yeni inkişaf mərhələsini müəyyən edib.
Bu gün ümummilli liderin kursunu layiqincə davam etdirərək onu yeni mərhələyə çatdıran Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev metronun gələcək konsepsiyasını dünyanın ən yüksək tələbləri səviyyəsində müəyyən edib və bu gün Bakı metropoliteni həmin istiqamətə doğru addımlayır. “Metroda görüləcək işlər çox olacaqdır. Bu, Bakıda yaxın illərdə həyata keçiriləcək ən əsas infrastruktur layihələrindən biri olacaqdır" deyən Prezident İlham Əliyevin tapşırığı ilə 2006-cı ildə ayrılan vəsait hesabına 2008-2011-ci illərdə “Nəsimi”, “Azadlıq prospekti” və “Dərnəgül” stansiyaları, “28 May” stansiyasının 2-ci çıxışı istifadəyə verildi. Bu sırada mühüm yenilik - inşası müstəqillik illərində başlanan ilk - Bənövşəyi xəttin istismara verilməsidir. 2015-2022-ci illərdə yeni xəttin “Avtovağzal”, “Memar Əcəmi”, “8 Noyabr” və “Xocəsən” yerüstü stansiyası sərnişinlərin, elektrik deposu isə metropolitençilərin xidmətindədir. Bunların nəticəsində on minlərlə insanın nəqliyyat məsələsində metropoliten də öz yerini tutub.
Ən əsası, Ulu Öndərin layiqli davamçısı kimi Cənab Prezident İlham Əliyevin təsdiq etdiyi konseptual inkişaf sxemə əsasən, gələcəkdə Bakı metropoliteni 119.1 km xətləri və 76 stansiyanı əhatə edəcək və şəhərimizin aparıcı nəqliyyat vasitəsi kimi mövqeyini qoruyacaq.
İllər ötəcək, metro yeni dəst-xətti, müasir tələblərə cavab verən nəqliyyat kimi simasını dəyişəcək. Lakin Heydər Əliyevin metropolitenə verdiyi dəyər daim qüvvədə qalacaq: “Vətəndaşlarımız, ümumiyyətlə, xalqımız bilməlidir ki, bizim millətimizin əlində nə kimi böyük və nadir bir sərvət var. Bu sərvət müstəqil Azərbaycan dövlətinə yaxın keçmişimizdən miras qalıbdır. Ancaq eyni zamanda, bu sərvət Azərbaycan xalqının zəhmətkeş insanlarının böyük əməyi, əzmi nəticəsində yaranıbdır və belə bir möcüzəli şəkil alıbdır. Ona görə Bakı metropoliteni Azərbaycan xalqının milli sərvətidir. Deyə bilərəm ki, ən dəyərli sərvətlərindən biridir”.
AZƏRTAC 10.05.2023
Məqaləyə istinad:O, Bakı metropolitenini xalqın sərvəti adlandırırdı