z
10 MAY / 2023 / 10:26
Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümü müxtəlif layihələrlə qeyd edilir. Bakı metropoliteni tarixində silinməz iz buraxmış, onun inkişafında xüsusi və əvəzsiz xidmətləri olan Ümummilli Liderin anadan olduğu günlə əlaqədar “Bakı Metropoliteni” QSC-nin kollektivi və rəhbər heyəti iş gününə “Nərimanov” elektrik deposunda Heydər Əliyevin büstünün ziyarət edilməsi ilə başlayıb.
Depo ərazisindəki əsas parkda yerləşən abidə önünə əklil qoyulub, dahi rəhbərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Kollektivin nümayəndələri büstün önünə gül dəstələri düzüb.
Qeyd edək ki, gün ərzində Bakı metropoliteninin kolektivinin nümayəndələri Fəxri xiyabana gedərək, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edəcək, onun xatirəsinə ehtiramını ifadə edəcək.
Dahi şəxsiyyətin Bakı metropoliteninin inkişafında danılmaz xidmətləri Bakı metropolitenində daim hörmətlə anılır. İstər Sovet dövründə böyük çətinliklərə rəğmən bu nəqliyyat növünün inkişafı, istər müstəqilliyin ilk illərində keçmiş SSRİ respublikaları arasında iqtisadi əlaqələrin tənəzzülə uğradığı dövrdə məhz Heydər Əliyevin nüfuzu, zəhməti və yaxından dəstəyi ilə Bakı metropoliteni sərnişinlərinə nümunəvi xidmətini davam etdirib. Təkcə onu demək yetər ki, 2003-cü ilə qədər Bakı metropoliteninin xətlərinin uzunluğu 31,5 km idisə, bunun 21,3 km-i məhz Heydər Əliyevin rəhbərliyi və ya yaxından iştirakı ilə tikilərək xalqın xidmətinə verilib. Sərnişin sayının artdığı və kəskin çatışmazlıqların yarandığı dövrlərdə yeni metro vaqonlarının alınması, dağılmış təsərrüfatın bərpası məhz Ulu Öndər sayəsində həllini tapıb.
Bakı metropoliteninin kollektivi və yeni nəsilləri adət-ənənəsinə sadiq qalaraq, Heydər Əliyevin xatirəsini daim əziz tutacaq.