z
14 IYUL / 2023 / 10:14
“Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”.
Heydər Əliyev,
Ümummilli Lider
2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” kimi qeyd edilir. Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində danılmaz xidmətləri bu gün hər bir sahədə böyük ehtiramla xatırlanır.
Bu gün Bakının ictimai nəqliyyat sektorunda xüsusi çəkisi ilə seçilən metro nəqliyyatının inkişafı məhz dahi şəxsiyyətin adı ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar Bakı metropolitenində müxtəlif layihələr həyata keçirilir. Bu layihələrin əsas məqsədi Ümummilli Liderin tarixi xidmətlərini bir daha qeyd etməklə bu irsi gələcək nəsillərə olduğu kimi, bütün həqiqətləri ilə çatdırmaq və bir daha bu əvəzolunmaz şəxsiyyətin çəkdiyi zəhməti diqqət mərkəzinə gətirməkdir.
Hər bir xalq öz tarixində iz qoyan, ən çətin günlərdə onun xilaskarına çevrilən, qurtuluşun yolunu göstərən dahi insanları ilə tanınır. Belə şəxsiyyətlər arasında ən yüksək zirvələrdən birini - xalqın qəlbini fəth edən, öndərlik məqamına yüksələn Heydər Əlirza oğlu Əliyev olub.
Ümummilli Lider Heydər Əliyev qeyri-adi zəkası, fitri istedadı ilə müasir dünya tarixində dahi siyasətçi, müdrik dövlət xadimi kimi tanınıb. Onun keçdiyi zəngin və mürəkkəb həyat yolu hər bir Vətən oğlu üçün şərəf və qürur mənbəyi, vətəndaşlıq nümunəsidir.
1923-cü il mayın 10-da Naxçıvandan başlayan bu yol Bakıya, oradan isə Kremlə gedib çıxıb. Çətin sınaqlardan, məşəqqətlərdən keçərək Azərbaycan tarixinin şərəf salnaməsinə daxil olub. Heydər Əliyev 1940-cı illərdə Naxçıvanda Xalq Daxili İşlər Komissarlığında və dövlət təhlükəsizliyi orqanlarında, 1950-60-cı illərdə Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsində çalışıb, burada ən yüksək məqama qədər yüksəlib. 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi vəzifəsinə seçildikdən sonra iqtisadiyyatı orta ittifaq göstəricilərindən aşağı olan Azərbaycan sənayenin inkişaf sürətinə görə qısa müddətdə SSRİ-nin aparıcı respublikalarından birinə çevrildi.
1982-ci ildə Ulu Öndər Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçilməklə və SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini təyin olunmaqla dövlət idarəçiliyində ən yüksək zirvəyə çatdı və SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik etməyə başladı. Həmin illərdə Kreml rəhbərliyinin yeritdiyi siyasi xəttə etiraz edən Heydər Əliyev 1987-ci ilin oktyabrında tutduğu vəzifələrdən istefa verdi. 1990-cı il yanvarın 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etdi.
Vətənə qayıdan Heydər Əliyevi tarix özü daha böyük bir missiya üçün qorudu. 1993-cü ilin may-iyun aylarında Azərbaycanda vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yaranmışdı. Belə bir vaxtda xalq “Heydər” dedi. Xalqa həsr olunmuş ömrün xilaskarlıq dövrü belə başladı. Çətin sınaqlardan keçən Azərbaycan davamlı inkişaf yoluna qədəm qoydu...
Ulu Öndərin tarixi xidmətlərinin bir istiqaməti də metropolitenlə bağlıdır. “Metropoliten, ümumiyyətlə, bütün nəqliyyat vasitələri içərisində ən gözəl nəqliyyat növüdür. Ən əsası, metropoliten kütləvi nəqliyyat vasitəsidir” deyən Ulu Öndərin sözləri bu gün bir həqiqətə çevrilib: Bakı metrosuz təsəvvür edilmir. Metro şəhər tıxaclarında əsas nəqliyyat nəfəsliyinə çevrilib. Halbuki 40-50 il əvvəl belə deyildi. Məhz Heydər Əliyev metronun şəhərin əsas sərnişindaşıma arteriyasına çevrilməsində tarixi rol oynadı.
O, respublika rəhbərliyinə gəldiyi vaxt metronun birinci növbəsinin 6 stansiyası təhvil verilmişdi. Ancaq gələcək qaranlıq idi. Hətta “Nərimanov” stansiyasından sonrakı inşaat sahəsinin aqibəti də bəlli deyildi. Çünki metro tikintisi birbaşa Moskvadan - Mərkəzi hakimiyyətin siyasi iradəsi və qərarlarından asılı idi. Orada belə düşünmürdülər. Buna baxmayaraq, Ulu Öndər hakimiyyətə gəldiyi ilk ayda metro tikintisinin rəhbərliyi ilə görüş keçirərək konkret vəzifələri müəyyən etdi. Müşkül problemə çevrilmiş inkişaf perspektivlərinin həllinə şəxsən özünün iştirakı ilə nail oldu və indiki Bakının nəqliyyat sıxlığı reallıqları onun nə qədər uzaqgörən olmasının əyani göstəricisidir.
Metro xətlərinin genişləndirilməsi Heydər Əliyevin birbaşa rəhbərliyi ilə daha da geniş vüsət aldı. "Nərimanov-Neftçilər" sahəsində qazma işləri sürətləndirildi. Sahənin ilk stansiyası "Ulduz" 1970-ci il aprelin 17-də təhvil verildi. Bu, Heydər Əliyevin respublika rəhbəri kimi açılışında iştirak etdiyi ilk stansiya oldu. Cəmi iki il sonra “Məşədi Əzizbəyov” (indiki “Koroğlu”), “Avrora” (indiki “Qara Qarayev”) və “Neftçilər” stansiyaları ilk sərnişinlərini qəbul etdi. İlkin layihədə indiki “Qara Qarayev” stansiyası nəzərdə tutulmamışdı. Həmin ərazidə məskunlaşma sürəti, yaşayış sahələrinin və infrastrukturun genişlənməsini xüsusi nəzərə alan Ulu Öndərin sayəsində xüsusi əsaslandırma ilə Moskvadan razılığı alınmaqla, “Məşədi Əzizbəyov”la “Neftçilər” stansiyaları arasında bu stansiya da qısa müddətdə inşa olundu.
Yaşıl xəttin davamı “28 May-Nizami” sahəsində qazma işləri mürəkkəb geoloji şəraitdə böyük çətinliklərlə aparılırdı. Lakin inşaatçıların fədakarlığı, əzmi nəticəsində sahənin ilk stansiyası “Nizami” planda nəzərdə tutulmuş vaxtda, 1976-cı ilin sonunda istifadəyə verildi.
Heydər Əliyev burada inşaat işlərinin ən gərgin dövründə əvvəlki kimi, metro tikintisi ilə maraqlanır, problemlərin həlli ilə məşğul olur, təchizata kömək göstərirdi. Stansiyanın memarlıq məsələlərinin həllində məhz Ulu Öndərin danılmaz rolu oldu və bu gün dünya incəsənətinə bir töhfə olan bu stansiya Azərbaycan miniatür məktəbini dünyaya tanıdan ən gözəl əsər hesab edilir.
Daha bir stansiyanın ərsəyə gəlməsi məhz Ulu Öndərin göstərişi ilə oldu. 1970-ci illərdə deponun kiçik bir platforması həmin ərazidə iri sənaye müəssisələrinin yaradılması səbəbilə metronun ilk yerüstü stansiyasına çevrildi.
1982-ci ilin sonunda Heydər Əliyev artıq dünyanın ən nəhəng dövlətini idarə edən rəhbərlər arasında idi. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrdə Azərbaycanda olmasa da - əvvəlki kimi - Bakıda metro tikintisi ilə maraqlanır, problemlərin həllində, xüsusən təchizat məsələlərində kömək edirdi. İnşaatçılar material və avadanlıq sarıdan əlahiddə çətinliklərlə qarşılaşmasalar da, tikinti dayanmaq üzrə idi. Lakin şimal sahəsinin “Elmlər Akademiyası”, “İnşaatçılar”, “20 Yanvar”, “Memar Əcəmi” stansiyalarının tikintisində də Heydər Əliyevin böyük himayədarlığı öz sözünü dedi.
Onun bu qayğısı sonrakı illərdə “Xalqlar dostluğu”, “Əhmədli”, müstəqillik illərində isə “Cəfər Cabbarlı” və “Həzi Aslanov” stansiyalarının inşasına da yol açmışdı. Ümumiyyətlə, 2003-cü ilə qədər Bakı metrosu xətlərinin uzunluğu 31.5 km-ə çatdırılmışdı. Bunun 22.3 km-i və yaxud 71 faizə yaxını məhz onun rəhbərliyi və yaxından iştirakı ilə tikilib.
“Metro bizim müstəqil dövlətimizə keçmişdən çatmış mirasdır. Biz bunu qorumalıyıq, saxlamalıyıq, inkişaf etdirməliyik. Bu, bizim hamımızın vəzifəsidir” deyən Heydər Əliyev Bakı metrosunun gələcəyinə inanırdı. Bu arzular cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşir. 2006-cı ildə məhz dövlət başçısının ayırdığı vəsait hesabına 2008-2011-ci illərdə “Nəsimi”, “Azadlıq prospekti” və “Dərnəgül” stansiyaları, “28 May” stansiyasının 2-ci çıxışı istifadəyə verildi.
2011-ci ildə tarixi əhəmiyyətli qərar verildi. Cənab Prezident Bakı metropoliteni xətlərinin konseptual inkişaf sxemini təsdiq etdi. Yeraltı yolların uzunluğu 119.1 km-ə, stansiyaların sayı 76-ya çatdırılacaq.
Bu sırada mühüm yenilik - inşası müstəqillik illərində başlanan ilk - Bənövşəyi xəttin istismara verilməsidir. Bu gün xəttin “Avtovağzal”, “Memar Əcəmi”, “8 Noyabr” və “Xocəsən” yerüstü stansiyası sərnişinlərin, elektrik deposu isə metropolitençilərin xidmətindədir...
Son 10 ildə Bakı metropoliteninin həyatında tarixi yeniliklərə nail olunub. Vaqon parkı sürətlə yenilənir...
Vaqonlara baxış-qulluq, təmir bazası tamamilə yenilənib...
Depo yollarında ən müasir sistemlər tətbiq edilir...
Vaqonların orta və əsaslı təmiri, həm də modernləşdirilməsi, mühərriklərin təmiri artıq yerli şəraitdə aparılır...
Dəmir-beton bloklar yerli şəraitdə istehsal olunmaqla ağac şpalları əvəz edir...
Alternativ enrji mənbələri yaradılıb...
Yol, işarəvermə və rabitə, tunel, enerji təchizatı sistemi təkmilləşdirilir, yeni istehsalat sahələri yaradılır...
Bu siyahını kifayət qədər uzatmaq da olar. Bəli, gələcək etibarlı əllərdədir. Elə Ulu Öndərin dediyi kimi:
“...Mən bunu edəcəyəm və güman edirəm ki, məndən sonra gələn insanlar da bunu mütləq etməlidirlər”. Çünki Bakı metropoliteni bu şəhərin və ölkənin tarixində “Bakı metropoliteni Azərbaycan xalqının milli sərvətidir” ifadəsinə uyğun xüsusi yer tutur.
Filmə keçid: "Xalqa həsr olunmuş ömür"