z
02 AVQUST / 2023 / 12:42
Azərbaycanın Rus Gəncləri Assosiasiyasının təşəbbüsü ilə təşkilatın “Bakı haqqında mühazirələr” layihəsi çərçivəsində görüş keçirilib. İyulun 26-da “Rus ev”ində keçirilən növbəti tədbir Bakı metropoliteninə həsr olunub.
“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin təşkilatçılığı ilə keçirilən görüşdə metropolitençilər adından şöbənin redaktoru, metro veteranı Əli Fərəcov iştirak edib. O, yeraltı yolların zəngin tarixi, bu günü və perspektivləri, bu xüsusda Ulu Öndər Heydər Əliyevin metronun inkişafındakı rolu barədə danışıb, sualları cavablandırıb.
Rusdilli gənclərə, görüşə valideynləri ilə gələn orta məktəb şagirdlərinə fəxarət hissi ilə 100 illiyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin metro tarixindəki roluna toxunan Əli Fərəcov bu xüsusda onun stansiyaların inşası ilə bağlı titanic səylərini, bütün proseslərdə yaxından iştirak edərək bu nəqliyyat növünün inkişafı məqsədilə sərf etdiyi əməkdən bəhs edib. “Nizami” stansiyasının dünya memarlığı incisi, Azərbaycan təsviri sənət məktəbinin şanlı nümunəsi kimi ərsəyə gəlməsindən danışan metropoliten veteranı bu xüsusda Heydər Əliyevin zəhmətindən, layihələrin müzakirələrində şəxsən baxmasından, hətta memarlıq məsələlərinin həllində yaxından iştirak etməsindən söz açıb.
Rus və rusdilli Bakı gəncləri metropolitenin fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün “Bakı Metrpoliteni” QSC-nin əsas istehsal sahələrinə ekskursiyalarda iştirak etmək arzusunda olduqlarını da bildiriblər. Ə.Fərəcov metropolitendə bu ekskursiyaların təşkili sahəsində təcrübənin olduğunu da nəzərə çatdırıb.