z

“Rus evi” yenə də Bakı metropolitenindən danışdı

“Rus evi” yenə də Bakı metropolitenindən danışdı

24 AVQUST / 2023 / 08:17

Xəbər verdiyimiz kimi, iyulun 26-da Azərbaycanın Rus Gəncləri Assosiasiyası və Bakıda Rusiya Mədəniyət və İnformasiya Mərkəzinin (“Rus evi”) təşkilatçılığı ilə keçirilən “Bakı haqqında mühazirələr” proqramının növbəti təqdimatı Bakı metropoliteninə həsr olunmuşdu. Əsasən, rusdilli gənclər və məktəblilərdən ibarət auditoriya qarşısında çıxış edən “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin redaktoru Əli Fərəcov dinləyicilərə metromuzun yaranma tarixi, inkişaf yolları, bu günü və gələcəyi barədə məlumat vermişdi.
“Rus evi”ndə ikinci belə tədbir avqustun 22-də keçirildi. Bu dəfə metropolitenlə maraqlanan dinləyici heyəti əvvəlkindən fərqli idi. İkinci mühazirəyə gənclərlə yanaşı, daha çox yaşlı nəslin nümayəndələri toplaşmışdı. Elə ilk anlardan onların metro haqqında məlumatlarının heç də az olmadığı aydın oldu. Hətta dinləyicilər arasında keçmiş metropolitençilər, Bakıda metro tikintisinin pionerlərindən olan, Bakının yeraltı yollarının ilk qazmaçılarının nümayəndəsi Hüseyn Sultanovun qızı Tamilla xanım da var idi. O, Bakıda metro tikintisinin tarixi barədə atasından eşitdiyi xatirələri tədbir iştirakçıları ilə bölüşdü.
Maraqlı görüş zamanı Əli Fərəcov iştirakçılara Ulu Öndər Heydər Əliyevin Bakı metrosunun ərsəyə gəlməsi, xüsusən də inkişafında misilsiz xidmətlərindən danışıb. Onun Ümummilli Liderin şəxsi rəhbər nümunəsini əyani gəstərən faktlar, inşaat sahəsində, açılışlarda iştirakı və keçirdiyi müşavirələr, Moskvada çalışdığı illərdə verdiyi dəstək barədə metropolitençilərin yaşlı nəsillərinin xatirələrindən, təəssüratlarından, sərnişin kimi metroya gəlişlərindən bəhz etməsi maraqla qarşılanıb.   
Dinləyicilər Bakıda ictimai sərnişin nəqliyyatının, metro tikintisinin tarixi, metronun, ümümiyyətlə, şəhər nəqliyyatının gələcəyi ilə bağlı planlarla da çox maraqlanıblar. Yerüstü elektrik nəqliyyatı olan, ekoloji təmiz tramvay və trolleybusları yenidən Bakının küçələrində görmək istədiklərini bildiriblər.
Sonda tədbir iştirakçıları Azərbaycanın Rus Gəncləri Assosiasiyasının, Bakının “Rus evi”nin “Bakı haqqında mühazirələr” proqramına verilən dəstəyə görə “Bakı Metropoliteni” QSC-nin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.