z

Bakı metrosunun yeni erada inkişaf tarixinin banisi

Bakı metrosunun yeni erada inkişaf tarixinin banisi

03 OKTYABR / 2023 / 13:58

Heydər Əliyev logistika sisteminin inkişafını, müstəqil Azərbaycanın beynəlxalq əhəmiyyətli qlobal nəqliyyat-kommunikasiya xətlərinin yenidən qurulmasını və modernləşdirilməsini iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən biri hesab edirdi. Sovetlər birliyinin dağılmasından sonra Azərbaycanda iqtisadi və sosial sabitliyin bərpa olunması üçün dövlət tərəfindən məqsədyönlü və ardıcıl aparılan işin əsas vektorlarından biri də nəqliyyatın inkişaf etdirilməsi idi. Burada şəhər sərnişin nəqliyyatının problemlərinə xüsusi əhəmiyyət verilirdi.
AZƏRTAC Ümummilli Lider Heydər Əliyevin “Bakı Metropoliteni”nin inkişafındakı müstəsna xidmətlərinə nəzər salır.
Bakının nəqliyyat problemləri həmişə aktual olub. İctimai nəqliyyat sistemində yaranmış gərginlik bu sahədə ciddi islahatların aparılmasını tələb edirdi. 1985-ci ildə Bakının inkişafı üzrə qəbul olunmuş Baş planda yol sisteminin yenidən qurulması da nəzərdə tutulmuşdu. Lakin sonrakı illərin siyasi hadisələri bu planın həyata keçirilməsini mümkünsüz etdi. Hələ sovet dövründə Bakı metropoliteninin inkişafının əsas memarı və bu nəqliyyatın paytaxtın aparıcı nəqliyyat vasitəsinə çevrilməsinin banisi olan Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə - dövr nə qədər mürəkkəb, iqtisadi çətinliklər qabarıq olsa da - inşaat məsələlərinə də diqqət ayrılması gündəlikdə saxlanıldı. Metropolitenin fəaliyyətində ciddi dönüşün yaradılması üçün ilk növbədə tikinti sahələrində yarımçıq qalan işlər tamamlanmalı idi. “28 May” stansiyasının yenidən qurulması üzrə layihənin birinci mərhələsinə daxil olan “Cəfər Cabbarlı” stansiyası 1993-cü il oktyabrın 27-də istifadəyə verildi.
Oradan “Xətai” istiqamətində “məkik hərəkət”in təşkili yeraltı xətlərdə şəraitə uyğun nisbi tənzimləmə yaratdı. 1989-cu ildə istifadəyə verilən “Neftçilər- Əhmədli” sahəsinin davamı üzrə yarımçıq qalmış tunellərin və “Həzi Aslanov” stansiyasının tikintisində işlər canlandı. Qırmızı xəttin sonuncu stansiyasının tikintisini başa çatdırmaq üçün Ulu Öndərin Avropa bankına müraciətinə müsbət cavab verildi. İşlər Avropa İttifaqının ayırdığı 4.5 milyon avro hesabına tamamlandı. Stansiyanın 2003-cü il iyunun 7-də keçirilən rəsmi açılış mərasimində Avropa İttifaqının xarici işlər üzrə dövlət katibinin müavini Marqarita Boniver, Avropa Komissiyası Baş İdarəsi rəisinin müavini Mişel Leyq iştirak etdilər.
Müstəqilliyimizin ilk illərində yarıtmaz vəziyyətə düşmüş şəhər nəqliyyat sisteminin yenidən qurulması məsələsi ilə Heydər Əliyev 1998-ci ildən daha ciddi şəkildə məşğul olmağa başladı. Nəqliyyat vasitələrinin və ictimai infrastrukturun fiziki və mənəvi cəhətdən aşılanması fonunda şəhər nəqliyyatına olan ehtiyacın sürətlə artması, bu sahənin idarəetmə mexanizminin lazımi səviyyədə olmaması şəhərin həyat ritminə mənfi təsir göstərirdi. Ölkə prezidenti vəziyyətdən çıxış yolu tapmaq üçün 1998-ci ildə Beynəlxalq Əməkdaşlıq üzrə Yaponiya Agentliyinə (BƏYA) müraciət etməyi məqsədyönlü saydı. Bu müraciət əsasında 2000-ci ilin iyun ayında Bakıya gələn yaponiyalı mütəxəssislər qrupu şəhərin nəqliyyat infrastrukturunun tədqiqatına başladı. Məqsəd 2020-ci ilə qədər Bakının nəqliyyat sisteminin inkişaf planının tərtib olunması idi.
Yaponiya mütəxəssisləri iki il ərzində respublika paytaxtının sosial-iqtisadi vəziyyətini, sənaye obyektlərinin işini, Bakıdan beynəlxalq təşkilatların fəaliyyəti və maraq dairələrini, nəqliyyatın işinin təşkili üzrə şəhəri idarəetmə orqanının təşəbbüslərini təhlil etdilər. Əldə olunan nəticələrə görə Bakıda ictimai sərnişin nəqliyyatında normal vəziyyətin yaradılması yollarından biri də metro xətlərinin inkişaf etdirilməsi olmalı idi. Bu mənada metronun yeni sahələrinin tikintisi və mövcud xətlərin modernləşdirilməsi xüsusi əhəmiyyət kəsb edirdi. Şəhərin mərkəzi hissəsində geniş istifadə olunacaq nəqliyyat vasitələri içərisində metro öz kütləviliyini saxlamalıdır.
Həmin dövrdə Bakı metropoliteninin istismar parkının yeni sərnişin vaqonlarına böyük ehtiyacı var idi. Bu məsələ də Heydər Əliyevin bilavasitə müdaxiləsi ilə tədricən həllini tapdı. Ümummilli Liderin keçmiş Sovetlər Birliyinin ali idarəetmə sistemində rəhbər vəzifədə işləyərkən qazandığı nüfuz, hörmət öz işini gördü. Mıtişşi metro vaqonlarının istehsalı zavodunun rəhbərliyi Heydər Əliyevin bu zavod üçün etdiklərini bu gün də unutmayıb. Bu gün zavodun (“Transmaşholdinq”in tərkibinə daxil olan “Metrovaqonmaş” Səhmdar Cəmiyyəti) həyətində Heydər Əliyevin köməyi ilə tikilən sexin divarında Ulu Öndərin barelyefi bu minnətdarlığın, hörmətin nişanəsidir.
Ölkəmiz müstəqilliyin çətin iqtisadi böhran içərisində olduğu ilk illərdə Mıtişşi zavodunun vaqon istehsalçıları Heydər Əliyevin bir vaxtlar zavod üçün etdiklərini unutmadıqlarının təsdiqi kimi, Bakıya daxili qiymətlərlə, yəni, beynəlxalq satış qiymətlərindən xeyli aşağı qiymətə 136 vaqon göndərdilər.
Heydər Əliyevin Bakı metropoliteninə münasibətini 2002-ci il noyabrın 6-da müəssisənin 35-illik yubileyinin keçirilməsi barədə qərarı, özünün də Respublika sarayında keçirilən yubiley mərasimində iştirakı və orada metropoliten tarixi üçün son dərəcə əhəmiyyətli olan məşhur çıxışı tam dolğunluğu ilə əks etdirir. Metropoliten barədə Ulu Öndərin qanadlı ifadələri həmin yubiley gecəsində səslənib: “Metro bizim müstəqil dövlətimizə keçmişdən çatmış mirasdır. Biz bunu qorumalıyıq, saxlamalıyıq, inkişaf etdirməliyik. Bu, bizim hamımızın vəzifəsidir”.
Heydər Əliyev Bakı metropolitenini xalqa əvvəlki nəsillərdən qalan böyük bir nemət, xalqımızın milli iftixarı hesab edirdi, sonrakı nəsillərin ona layiqli varislər olacağına inanırdı. Əmin idi ki, sükan etibarlı əllərə veriləcək. Ümummilli Liderin bu ümidlərini, etibarını bu gün doğruldan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sələfinin siyasi kursunu layiqincə davam etdirir, Vətənin bütövlüyü, ölkəmizin inkişafı barədə arzularını həyata keçirir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 20 ilin hər ili və xüsusən də 2020-ci ilin payızında Ermənistanın atəşkəs rejimini kobud və davamlı şəkildə pozmaqla qoşunların təmas xəttində, dövlət sərhədində törətdiyi təxribatlara cavab olaraq, Ali Baş Komandan kimi onun rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan hərbi əməliyyatların 44 gündən sonra Zəfərlə başa çatması, eləcə də bu günlərdə Qarabağda aparılan bir günlük lokal antiterror tədbirlərinin uğurlu nəticələri Heydər Əliyev ideyalarının təntənəsidir.
Ümummilli Lider irsinin layiqli varisi cənab Prezident İlham Əliyev Bakı metrosunun inkişafından danışarkən “Mən bunu edəcəyəm və güman edirəm ki, məndən sonra gələn insanlar da bunu mütləq etməlidirlər” deyən Ulu Öndərin vəsiyyətinə əməli addım kimi, dövlətin metropolitenlə bağlı planlarında xüsusi diqqət ayırdı. Bakının sürətli inkişafı ilə əlaqədar ictimai nəqliyyatın işinə tələbatın artdığı bir şəraitdə sərnişinlərə xidmətin səviyyəsini yüksəltmək məqsədilə Ulu Öndərin tapşırığı əsasında, metronun vaqon parkının yenilənməsi üzrə 2002-ci ildən başlanan prosesin davam etdirilməsi nəticəsində 2009-cu ilə kimi metropolitenə 155 yeni vaqon gətirildi.
Prezident İlham Əliyev Bakı metropoliteni işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların əməkhaqqlarının artırılması məqsədilə 2008-ci ildə iki sərəncam imzalayıb. Bütün bunlar metropoliten işçilərinin işgüzarlığını, məsuliyyətini daha da artırıb, onları daha böyük uğurlara ruhlandırıb.
Prezidentin metroya diqqət və qayğısının başqa bir təzahürü yeraltı yolların genişləndirilməsində əksini tapıb. Bu, Ümummilli Liderin Bakı metrosunun gələcəyi barədə tövsiyələrinin uğurla həyata keçirilməsinin təsdiqidir. Yeni əsrin ilk onilliyinin ikinci yarısında ölkədə iqtisadi inkişafın sürətində sıçrayışlı irəliləyişlər, sənayenin bir çox sahələrində, nəqliyyat sektorunda, neft hasilatında istehsal proseslərinin yeni iqtisadi müstəvidə qurulması son nəticədə ümumdaxili məhsulun həcminin artırılmasına gətirdi. Şəhər sərnişindaşıma nəqliyyatı, xüsusən metropolitenin fəaliyyətinin yaxşılaşdırılması, yeni yeraltı xətlərin tikintisi ölkənin daxili iqtisadi siyasətinin prioritet istiqamətlərinə çevrilirdi.
Metroda ilk növbədə tikintinin Şimal sahəsində 20 ilə yaxın yarımçıq qalan işlər tamamlanmalıydı. 2008-2011-ci illər ərzində Yaşıl xəttin 3 yeni – “Nəsimi”, “Azadlıq prospekti”, “Dərnəgül” stansiyaları istismara verildi. Bu stansiyaların açılışında Prezident İlham Əliyev də iştirak edərək, metro inşaatçılarının əməyini yüksək qiymətləndirib.
Tikinti işlərinin davamı Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli “Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə təsdiq olunmuş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi”nə müvafiq olaraq aparılır.
2011-ci ildə müstəqillik tarixində metropolitenin ilk xəttinin təməli qoyuldu. Uzunluğu 18,5 km olacaq Bənövşəyi xətt Xocəsən qəsəbəsindən başlayır və Qaraçuxur qəsəbəsinədək uzanacaq. 2016-cı ildə xəttin “Avtovağzal” və “Memar Əcəmi”, 2021-ci ildə “8 Noyabr”, “2022-ci ildə isə “Xocəsən” stansiyaları inşa olunaraq sərnişinlərin istifadəsinə verilib. 6-sı keçid olmaqla, daha 10 stansiya inşa olunacaq.
Ümumən “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə əsasən, metropolitenin hazırda ümumi şəbəkəsi 40.7 km uzunluqda olan 3 mövcud (Qırmızı, Yaşıl və Bənövşəyi) və 2 əlavə yeni xətti (Mavi və Sarı) gələcəkdə 5 xəttə, stansiyaların sayı 76-ya, elektrik depoları 6-ya, xətlərin uzunluğu isə 119,1 km-ə çatdırılacaq.
Fəaliyyətinin 56-cı ilinə qədəm qoyan çoxminlik metropoliten kollektivi həmişə Bakıda normal həyat şəraitinin təmin olunmasında üzərinə düşən məsuliyyət yükünün ağırlığını dərk edir və şəhər sərnişindaşımalarında özünəməxsus üstünlükləri qoruyub saxlayacağına, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi, onun başçılıq etdiyi Azərbaycan dövlətinin dəstəyinə güvənməklə bu uğurların daha da artırılmasına, sərnişinlərinə xidmət səviyyəsinin daha da yüksəldilməsinə inamla zəmanət verir.

AZƏRTAC 03.10.2023

Məqaləyə istinad: Bakı metrosunun yeni erada inkişaf tarixinin banisi