z

“Heydər Əliyev İli” çərçivəsində metropolitençi gənclərlə görüş keçirilib

“Heydər Əliyev İli” çərçivəsində metropolitençi gənclərlə görüş keçirilib

05 OKTYABR / 2023 / 15:31

“Bakı Metropoliteni” QSC-nin Təlim-tədris mərkəzində “Heydər Əliyev İli” çərçivəsində Ümumilli Liderin ilk dəfə prezident seçilməsinin 30 illiyi münasibətilə bir qrup metropolitençi gənclə maraqlı görüş keçirilib.
Tədbirdə sədr müavini Hidayət Məmmədov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Veteranlar şurasının üzvü, məşhur “91-lər”dən Bakı Dövlət Universitetinin professoru, Əməkdar elm xadimi və sabiq Millət vəkili Şahlar Əsgərov, YAP Yasamal rayon təşkilatının İdarə heyətinin üzvü, Vətən müharibəsi şəhidi kapitan Nurlan Mustafayevin anası, metropolitençi Rahilə Ramazanova iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıb. Daha sonra müasir Azərbaycanın qurucusu Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildikdən sonra Hidayət Məmmədov Ulu Öndərin Azərbaycan tarixində rolu və bu xüsusda Bakı metropoliteninə verdiyi töhfələrdən söz açıb. Sədr müavini bu böyük inkişaf yolunun layiqincə davam etdirildiyini bildirib. Ulu Öndər irsini bu gün yeni dövrün tələbləri ilə inkişaf etdirən cənab Prezident İlham Əliyevin qətiyyətli addımlarından bəhs edən çıxışçı ölkəmizin suverenliyinin 3 il əvvəl Qarabağda əldə edilən Zəfərlə başlandığını qeyd edib. H.Məmmədov bu ilin sentyabrında həyata keçirilən uğurlu antiterror əməliyyatları ilə Azərbaycanın Konstitusiya quruluşunun tam bərpasının unikal tarixi hadisə olduğunu vurğulayıb.
Dahi azərbaycanlı haqqında fikirlərini bölüşən əsas natiq Şahlar Əsgərov Ulu Öndərlə bağlı xatirələrindən danışıb. O, Ümummilli Liderin Prezident seçkilərinə qədər qət etdiyi keşməkeşli yoldan, Azərbaycan ziyalılarının onun hakimiyyətə qayıtmasında rolundan, konkret təşəbbüslərdən təsirli nümunələr göstərib. Ümumiyyətlə, o illərin görüşləri, həmin dövrlərdə keçirilmiş müzakirələri və verilən taleyüklü qərarları öz xatirələri əsasında bölüşüb və bu, gənclərin marağına, zalda əyləşənlərin gur alqışlarına səbəb olub.
Bəxtiyar Nəbiyev həmin dövrdə bir gənc kimi böyük hərəkata qoşulmasından söz açıb, təcrübəsini gənclərlə bölüşüb. O, dövlətçilik ideyalarının banisi Heydər Əliyevin müstəqil Azərbaycanın xilaskarı və memarı kimi rolunun əhəmiyyətini sonrakı tarixi proseslərlə əlaqələndirib. Bu tarixi zənciri cənab Prezident və Ali Baş Komandan İlham Əliyevin dövlət suverenliyinin tam bərpasına qədər olan 20 illik bir dövrlə paralellər apararaq təhlil edib.
Maraqlı çıxışlara görə təşəkkür edən metropolitençi gənclərlə tədbirin sonunda ayaqüstü söhbətlər aparılıb. Mərkəzin foyesində Heydər Əliyevin metropolitenə və ümumiyyətlə, Moskvada SSRİ-nin ali rəhbərliyində təmsil olunarkən onun Sovet metro sənayesinə töhfələrindən bəhs edilib.
Qonaqlar gənclərin iştirakı ilə Mərkəzin fəaliyyəti ilə tanış olaraq, hər sahə üzrə onların məlumatlarını dinləyərək peşə fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.