z

Metro stansiyalarında Ulu Öndərə həsr olunmuş proqram yayımlanır

Metro stansiyalarında Ulu Öndərə həsr olunmuş proqram yayımlanır

06 NOYABR / 2023 / 23:05

6 noyabr - Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür.  Ulu öndərin 100-cü ildönümünün qeyd edildiyi “Heydər Əliyev ili” Bakı metropoliteninin tarixi inkişafı və şəhərin əsas nəqliyyat vasitələrindən birinə çevrilməsində danılmaz rol oynamış Heydər Əliyevin xatirəsinə xüsusi ehtiram əlaməti olaraq, Bakı metropoliteninin stansiyalarında mərkəzləşmiş radio şəbəkəsi vasitəsilə xüsusi tərtib edilmiş proqram yayımlanır.
Proqram mövzu olaraq üç hissədən ibarətdir. Birinci hissədə Ulu öndərin xalq və vətən, təhsil və uşaqlar, milli dəyərlər və mədəniyyət, dövlətçilik və tarix mövzusunda dediyi ifadələr yer alıb. Bu ifadələri isə Ümummilli  liderin sevərək dinlədiyi, eləcə də onun özünə həsr olunmuş musiqilər müşayiət edir. Proqramda xalq mahnıları, habelə Nizami Gəncəvi, Xurşudbanu Natavan, Rəsul Rza, Ənvər Əlibəyli, Fikrət Qoca, Nəbi Xəzri, Teymur Elçin, Baba Vəziroğlu, Leyla Əliyeva və Xanım İsmayılqızının sözlərinə Üzeyir Hacıbəylinin, Niyazinin, Vasif Adıgözəlovun, Tofiq Quliyevin, Cahangir Cahangirovun, Oqtay Zülfüqarovun, Müslüm Maqomayevin, Sevil Əliyevanın, Eldar Mansurovun, Niyaməddin Musayevin və Kamalın bəstələdikləri musiqi parçaları yer alır.
Proqrama Ümummilli Liderin metropolitenlə bağlı və metropolitençilər üçün aforizmə çevrilmiş kəlamları da daxil edilib.