z

Heydər Əliyevin metropolitenin inkişafındakı roluna həsr olunmuş tədbir keçirilib

Heydər Əliyevin metropolitenin inkişafındakı roluna həsr olunmuş tədbir keçirilib

06 NOYABR / 2023 / 15:20

Bakı metropoliteni işçilərinin peşə bayramı günü və bu nəqliyyat sistemində sərnişindaşıma fəaliyyətinə başlamasının 56-cı ildönümü münasibətilə mərasim keçirilib. Builki mərasim metronun  paytaxtın əsas sərnişindaşıma nəqliyyatı arteriyalarından birinə çevrilməsində xüsusi rolu olan dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Heydər Əliyev və Bakı metropoliteni” mövzusunda olmaqla təşkil edilib.
Tədbirdə “Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının üzvləri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov və Müşahidə Şurasının  üzvü Günel Nəbiyeva, Milli Məclisin deputatı Arzu Nağıyev, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, metropoliten veteranları və kollektivin nümayəndələri iştirak ediblər.
Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin, Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın, Bakı metropoliteninin inşası və istismarına həyatını həsr etmiş dünyasını dəyişən əməkdaşların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın dövlət suverenliyinin və Konstitusiya quruluşunun tam bərpa olunması kimi tarixi hadisənin işığında metropolitenin fəaliyyətinin 56-cı ildönümünün qeyd edilməsinin qürurverici olduğunu deyən QSC sədri Zaur Hüseynov bu tarixi hadisənin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi şəraitində baş verməsini mühüm zərurət nümunəsi və ədalətin təntənəsi adlandırıb. O, Bakı metropoliteni tarixində Heydər Əliyev imzasının xüsusi olmasını, metropolitençilərin bu xidmətləri daim yaşatdığını və hər zaman fəxrlə qeyd etdiklərini dilə gətirib.
Zaur Hüseynov tədbirin müxtəlif bölmələrdən ibarət olaraq keçiriləcəyini, günün aktual məsələləri prizmasından Ulu Öndərin misilsiz xidmətlərinə bir daha nəzər salınması məqsədilə qonaqların dəvət edildiyini qeyd edib.
Milli Məclisin deputatı Arzu Nağıyev metropolitençiləri təbrik edərək, dahi şəxsiyyətin ölkəmizdə sabitliyin bərqərar olması, yeni inkişaf yoluna düşərək dövlət kimi formalaşması, ən əsası, Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi, Azərbaycanın suveren hüquqlarının bərpası və müstəqilliyin bu tarixi hadisələrə aparan 30 illik çətin və şərəfli yolundan söz açıb. O, Bakı metropoliteni kollektivinin daim ölkə həyatında rolunu, Heydər Əliyevin metroya verdiyi dəstəyi layiqincə qoruyub saxlamasında metropolitençilərin nümunəvi fəaliyyətini xüsusi qeyd edib.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev iki tarixi dövrün müqayisəli təhlilini aparıb. O, Sovet dövrü və müstəqillik illərində Heydər Əliyevin Azərbaycana rəhbərliyinin taleyüklü məsələlərinə toxunub. Natiq bu təhlillərində Bakı metropoliteni kollektivinin üzvlərinin istər Azərbaycan üçün tarixi əhəmiyyətli dövrlərdə, istərsə müstəqil dövlətin ictimai, sosial həyatında əhəmiyyətli rolunu yüksək qiymətləndirərək, metropolitençiləri təbrik edib.
Metropolitenin tikinti sahəsinin veteranı, müxtəlif illərdə ölkənin ən əhəmiyyətli sektorlarında çalışmış Şaiq Eyyubov Heydər Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən və iştirakçısı, şahidi olduğu layihələrdən söz açaraq, xatirələri əsasında Ulu Öndərin şəxsiyyətinin dahiliyindən nümünələrlə danışıb. O, metro inşaatının müxtəlif layihələrində görülən işlər əsasında Heydər Əliyevin nəinki rəhbər, danılmaz inşaatçı, memar və təşkilatçı kimi tarixi portret cizgilərini göstərib.
Metropolitenin İnsan resursları və layihələrin idarə edilməsi departamentinin rəisi Əli Əliyev hələ tələbə ikən bir xatirəsini bölüşərək, Ulu Öndərin şəxsiyyətinə sevgini, daha sonra Bakı metropolitenində əmək karyerasını davam etdirdiyi ötən illərdə bu sevgini əyani müşahidə etdiyini qeyd edib. O, Ulu Öndərin Bakı metropoliteninə və bununla da ölkə insanlarına Sovet dövrü və xüsusən müstəqillik illərində verdiyi töhfələrdən danışıb. Çıxışçı bu ənənələri Ümummilli Liderin layiqli davamçısı kimi Prezident İlham Əliyevin davam etdirməsi və həyata keçirilən miqyaslı işlərdən də söz açıb. Əli Əliyevin çıxışının mövzusunu Bakı metropoliteninin bugünkü reallıqlarını və perspektivlərini Ulu Öndərin vaxtilə metropolitenin inkişafına töhfələri prizmasından maraqlı baxış təqdim edib.
Zaur Hüseynov tədbirə toplaşanları peşə bayramı münasibətilə bir qrup əməkdaşın “Fəxri metropolitençi” adına layiq görülməsi barədə əmrlə tanış edib.
O, yekun nitqində Ulu Öndər irsini layiqincə davam etdirən Ali Baş Komandan İlham Əliyevi qalib Azərbaycan dövlətinin əbədi müstəqilliyinin təminatçısı kimi xarakterizə edərək, son illərdə təkcə metropolitenin inkişafına yeni istiqamət gətirən layihələri vurğulayıb.
Tədbir iştirakçıların Təlim-tədris mərkəzinin foyesində açılmış sərgi ilə tanışlıqla davam edib. Buradakı stendlərdə nümayiş olunan fotolar və sənədlər ətrafında fikir mübadiləsi aparılıb.