z
21 FEVRAL / 2023 / 14:32
“Bakı Metropoliteni” QSC-nin işçilərindən ibarət futbol komandası Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnirin qrup mərhələsinin qaliblərindən biri olub. Bununla əlaqədar Metropoliten İşçiləri Həmkarlar İttifaqında (MİHİ) qaliblərlə görüş keçirilib. Təşkilatın sədri Arif Mərdanov metropoliteni layiqincə təmsil etmiş kollektivin üzvlərinə QSC sədri Zaur Hüseynovun və rəhbərlik etdiyi qurumun təşəkkürünü bildirib. O, Bakı metropoliteni tarixində xüsusi rol oynamış, yeni stansiyaların inşasında, müstəqilliyin ilk ağır illərində vaqon, eləcə də digər avadanlıqlarla təchizatdakı problemlərin aradan qaldırılmasında Ulu Öndər Heydər Əliyevin xidmətlərinə toxunaraq, kollektivin bunu daim xatırlayacağını və yeni nəsillərə ötürəcəyinə əminliyini bildirib. Dahi şəxsiyyətin 100 illiyi münasibətilə keçirilən yarışın metropolitençi iştirakçılarına təşəkkür edən A.Mərdanov futbol komandası üzvlərini mükafatlandırıb və onlara yeni uğurlar arzulayıb.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 52 dövlət qurumunu əhatə edən minifutbol yarışı 2023-cü il may ayının 8-nə qədər davam edəcək. 4 mərhələli sistem (qrup mərhələsi, pley-off, ikinci mərhələ, “4-lər finalı”) üzrə təşkil edilən mübarizədə komandalar ilkin mərhələdə hər birində 13 kollektiv olmaqla 4 qrupda yarışıblar. Metropoliten komandası Kənd Təsərrüfatı (4:1), Rəqəmsal İnkişaf və Nəqliyyat (0:3), Xarici İşlər (4:3), Müdafiə nazirlikləri (0:7), Dövlət Miqrasiya Xidməti (4:1), Statistika (4:1), habelə Şəhərsalma və Arxitektura komitələri (6:3), AZƏRTAC (5:2), Əqli Mülkiyyət (12:2) və Dövlət Reklam agentlikləri (3:2), “Meliorasiya və Su Təsərrüfatı” ASC (3:1) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (7:2) ilə birlikdə “C” qrupunda yarışıb. 12 görüşün 10-da qələbə qazanan metropolitençilər 30 xalla liderliyi təmin etməklə pley-off mərhələsində iştirak hüququna yiyələniblər.
Pley-offun birinci mərhələsində “D” qrupuna düşən metropolitenin komandası ilk oyunu “Azəristiliktəchizat” ASC-nin kollektivi ilə keçirəcək.
Metropoliten komandasına MİHİ-nin komitə sədri Anar Həsənovun məşqçiliyi ilə Hərəkət qatarlarının istismarı üzrə iş departamentindən depo növbətçisi Fərid Rəhimov, Depolar üzrə iş departamentindən akkumlyatorçu Turan Mirzəyev, tornaçı Rövşən Quliyev və çilingər Müşfiq Məmmədov, Yol xidmətindən usta Ramin Həsənov, montyorlar Dadaş Kərimov, Anar Əliməmmədov, Fərhad İsgəndərov və Mehdi Abbasov, İşarəvermə və rabitə xidmətindən elektrik montyoru Nicat Rzayev, Elektromexanika xidmətindən soyuducu qurğu maşinistləri Orxan Babayev və Rəşad Həsənov, Birləşmiş emalatxanalardan defektoskopçu Şəhriyar Tağıyev və MİHİ-nin sürücüsü Nizami Niftəliyev daxildirlər.