z
08 NOYABR / 2023 / 14:03
"Bakı Metropoliteni" QSC və Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) təşəbbüsü ilə 2022-ci ilin may ayında yaradılmış, metropolitendə işləyən Şəhid Ailə üzvlərinə və Qarabağ Müharibəsi Veteranlarına Yardım Mərkəzinin İdarə heyətinin növbəti iclası keçirilib.
350-yə yaxın şəhid ailəsi üzvü və Qarabağ müharibəsi veteranını ətrafında birləşdirən Mərkəz 28 nəfərin müraciətinə baxaraq, ümumilikdə 13 min 700 manat yardım ayrılması barədə qərar verib.
Qeyd edək ki, Mərkəzin Əsasnaməsinə uyğun olaraq, idarə heyəti 7 nəfərdən ibarətdir. 5 nəfər şəhid ailəsi üzvü və müharibə veteranı olmaqla, heyətə QSC sədrinin müavini və MİHİ sədri daxildir. Mərkəzin bütün üzvlərinin illik hesabat yığıncağında qəbul edilmiş qərara əsasən, İdarə Heyəti üzvləri 3 ildən bir seçilir.
Mərkəzin əsas maliyyə mənbəyi səhmdar cəmiyyətin və MİHİ-nin ayırdığı təyinatlı maliyyə vəsaitidir. Bununla yanaşı, MİHİ tərəfindən açılmış bank hesabına hər bir kəs könüllü olaraq maliyyə vəsaiti köçürə və qanunla qadağan edilməyən bütün digər ianələr də Mərkəzin maliyyələşməsini formalaşdıra bilər.
Fəaliyyət göstərdiyi müddətdə Mərkəzə 182 müraciət daxil olub və cəmi 104 min 475 manat yardım ayrılıb.