z

Yüksək balla tələbə adını qazanmış metropolitençi övladları mükafatlandırılıb

Yüksək balla tələbə adını qazanmış metropolitençi övladları mükafatlandırılıb

14 SENTYABR / 2023 / 14:09

“Bakı Metropoliteni” QSC-nin Metropoliten İşçiləri Həmkarlar İttifaqında (MİHİ) ali məktəblərə yüksək balla qəbul olmuş metropolitençi övladları və onların valideynləri ilə görüş keçirilib.
MİHİ sədri Arif Mərdanov qəbul imtahanlarında yüksək nailiyyətlər əldə etmiş metropolitençi övladlarına QSC sədri Zaur Hüseynovun təbriklərini çatdırıb, gənclərə yeni həyat yolunda uğurlar arzulayıb. O qeyd edib ki, ali təhsil ocaqlarına yüksək balla daxil olmuş metropoliten əməkdaşlarının övladları ilə ənənəyə uyğun olaraq hər il görüş keçirilir. 
Qeyd edək ki, builki qəbul imtahanlarında Bakı metropoliteninin 4 əməkdaşının övladı 600 bal həddini keçərək ölkənin qabaqcıl universitetlərində təhsil almaq imkanı qazanıb.
Depolar üzrə iş departamentinin texnoloqu İrina Kuramşinanın oğlu Dmitri Kuramşin 660,1 balla Azərbaycan Fransız Universitetinin Kompüter elmləri fakültəsinə, Tunel qurğuları xidmətinin mühəndisi Səfurə Namazovanın qızı Ayan Namazlı 657 balla Azərbaycan Tibb Universitetinin Tibb fakültəsinə, tunel fəhləsi Samir Mənsurovun oğlu Elnur Mənsurov 647,7 balla Azərbaycan Fransız Universitetinin Neft-qaz fakültəsinə, Nəqliyyat və xüsusi texnika departamentinin avtomotonəqliyyat kolonunun operatoru Qabil Əliyevin övladı Ramin Əlizadə 602,7 balla Daxili İşlər Nazirliyinin Polis Akademiyasına daxil olublar.
Tədbirdə səhmdar cəmiyyətin və həmkarlar təşkilatının hədiyyələri tələbə adını qazanan gənclərə təqdim edilib.