z

Metropolitenin həmkarlar hərəkatına ağır itki üz verib

Metropolitenin həmkarlar hərəkatına ağır itki üz verib

30 AVQUST / 2023 / 14:12

Bakı metropoliteninin kollektivinə, metropolitenin həmkarlar hərəkatına ağır itki üz verib. Metro inşaatında həmkarlar ittifaqı hərəkatının görkəmli xadimlərindən, ömrünün 45 ildən artıq bir dövrünü Bakının yeraltı yollarının tikintisinə həsr etmiş Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) sədr müavini Əlisəfa Məhəmməd oğlu Bağırov ömrünün 66-cı ilində vəfat edib.
1957-ci il, aprelin 17-də anadan olan Əlisəfa Bağırov gənc yaşlarından əmək fəaliyyətinə  başlayaraq şərəfli ömür yolu keçib. Əmək fəaliyyətinə 1978-ci ildə Bakı metrosunun tikintisində sıravi işçi kimi başlayıb, sonralar bir çox yüksək vəzifələrdə çalışıb. 1980-ci illərin əvvəllərində ictimai işlərdə fəallığı nəzərə alınaraq, əvvəlcə 7 saylı, sonradan 2 saylı tunel-tikinti dəstələrində həmkarlar təşkilatlarına rəhbər təyin edilib. 1993-cü ildə “Azərtunelmetrotikinti” ASC-də Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə seçilib və 2014-cü ilədək bu vəzifədə çalışıb. 2014-cü il sentyabrın 17-dən MİHİ sədrinin müavini vəzifəsində işləyib.
Əlisəfa Bağırov respublikamızda həmkarlar hərəkatının təkmilləşdirilməsi sahəsində də əhəmiyyətli işlər görüb. O, müxtəlif illərdə dünyanın bir çox ölkələrində həmkarlar ittifaqlarının xətti ilə təşkil edilmiş seminarlarda, təhsil kurslarında iştirak edib. Həmin tədbirlərdə fəallığına görə 2008-ci ildə ona Fəal təhsil metodikası müəllimi diplomu verilib. Ölkəmizdə fəaliyyət göstərən Əmək və Əhalinin Sosial Müdafiəsi Akademiyasında mütəmadi olaraq  keçirilən müxtəlif mövzulu seminarlara rəhbərlik edən Əlisəfa Bağırov seminar iştirakçılarını həmkarlar hərəkatının özəlllikləri ilə yaxından tanış edib.
Əlisəfa Bağırovun xidmətləri dövlət və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən layiqincə qiymətləndirilib. O, 2008-ci ildə AHİK-in “Həmkarlar ittifaqında xidmətə görə” medalı və həmkarlar hərəkatında göstərdiyi fəaliyyətə görə AHİK-in yubiley medalı, 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
Uzunmüddətli iş stajı və səmərəli əmək fəaliyyəti, eyni zamanda çalışdığı müəssisədə Həmkarlar İttifaqının işinin təşkil edilməsi sahəsində göstərdiyi xidmətləri və respublikamızda  həmkarlar hərəkatının işində fəal iştirakı nəzərə alınaraq, həmçinin 65 yaşının tamam olması münasibətilə Əlisəfa Bağırov MİHİ tərəfindən mükafatlandırılıb.
Əlisəfa Bağırovun xatirəsi metropolitençilərin və respublikamızın həmkarlar hərəkatı üzvlərinin qəlbində daim yaşayacaq.
Bakı metropoliteninin bütün kollektivi adından mərhuma Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına səbr arzulayırıq.