z
17 MAY / 2023 / 14:18
“Bakı Metropoliteni” QSC-nin Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) İcraiyyə Komitəsinin növbəti iclasında əməkdə və sosial həyatda fərqlənmiş metropolitençilərin mükafatlandırılması mərasimi keçirilib.
MİHİ sədri Arif Mərdanov əvvəlcə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) komissiyasının təsdiq etdiyi qərara əsasən, 2022-ci ilin nəticələrinə görə seçilmiş iki metropolitençini - Yol xidmətinin aparıcı mühəndisi, bu günlərdə İstehsalat-texniki şöbənin rəisi təyin edilmiş Elmar Quliyev və Maliyyə departamenti Mühasibat uçotu və hesabatı şöbəsinin rəis müavini İsmayıl Babayev “İlin gənci” nominasiyasında mükafatlandırıb. Peşə fəaliyyətində xüsusi nailiyyətlər əldə etmiş metropolitençi gəncləri təbrik edən qurum rəhbəri onlara mükafat təqdim edib və gələcək karyeralarında uğurlar arzulayıb.
Daha sonra Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu 2023”də fəal iştirak edən metropolitençilərə mükafatlar təqdim edilib. Qeyd edək ki, marafonda Turan Mirzəyev (akkumulyatorçu, 289-cu yer), Daşqın Beydiyev (tornaçı, 291-ci yer), Əli Nəcəfov (qatar maşinisti, 310-cu yer), Yunus Abdullayev (betonçu, 466-cı yer), Valeh Məmmədov (betonçu, 516-cı yer), Emil Orucov (vaqon ustası, 648-ci yer), Elşən Kamalzadə (tunel ustası, 745-ci yer), İntizam Bayramov (qazanxana maşinisti, 770-ci yer), Emil Rüstəmov (qatar maşinisti, 992-ci yer) və Aqil Əzizov (yol montyoru, 1315-ci yer) medalla təltif ediliblər.