z

Yenilik, quruculuq və müasir texnologiyalar

Yenilik, quruculuq və müasir texnologiyalar

01 MART / 2019 / 00:00

"Metro ən rahat, ən ucuz nəqliyyat vasitəsidir. Elə etməliyik ki, köhnə stansiyaları da bərpa etməklə, orada yenidənqurma işlərini sürətlə aparmaqla yeni stansiyaların tikintisinə nail olaq”.

İlham ƏLİYEV


"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyətinin yaradıldığı ötən 5 illik dövr ərzində paytaxtın yeraltı sərnişin konveyeri böyük yeniliklər, texnologiyalar, quruculuq meydanına çevrilib. Bu isə sərnişin təhlükəsizliyi və rahatlığını daha da gücləndirməklə, Metropolitenin inkişafına yeni nəfəs gətirib.
Bakı metrosunun son 5 ili stansiyalarda aparılan təmir işləri, yeraltı sarayların yenidən qurulması, bir neçə stansiyada istismar müddətini başa vurmuş eskalatorların dəyişdirilməsi ilə yanaşı, yolların yenidən qurulması, tunellərin mühafizəsi üzrə işlərin həcm genişliyi ilə yanaşı, yeni sahələrdə tikintinin davam etdirilməsi ilə səciyyələnir. Bütün bunlar barədə ətraflı danışmaq bir məqalənin imkanları xaricindədir. Buna görə də bu işlərin mahiyyəti barədə qısa məlumatla kifayətlənmək məcburiyyətindəyik.
Təmirin keyfiyyətinin yüksəldilməsi üzrə görülən tədbirlər təkcə maddi-texniki təchizatın yaxşılaşdırılmasının nəticəsi deyildi. Sexlərdə təmirçilər üçün əlverişli əmək şəraitinin yaradılması, onların sosial-məişət məsələlərinə diqqətin artırılması da öz sözünü dedi. Qaldırma təmiri sexi əsaslı şəkildə təmir edilməklə yanaşı, orada istehsal prosesinin təkmilləşdirilməsi, əl əməyi həcminin azaldılması üçün tədbirlər görüldü. Arabacıqların, vaqon hissələrinin yuyulması üçün yeni qurğular alındı, vaqonları qaldıran domkratlar yeniləndi, təkər cütlərinin təmiri sexində işin keyfiyyətini artıran tədbirlər tez bir zamanda öz bəhrəsini verdi.
Rəhbərlik lokomotiv təsərrüfatı üzrə planlarında daha uzaq hədəfləri nişana almışdı. Vaqon parkında əsaslı təmirə qədər qaçış müddətini başa vurmuş qatarlar var idi. MDB ölkələrinin əksər metropolitenləri kimi, Bakı metrosunun da deposu bu təmir həcmi üçün nəzərdə tutulmadığından əsaslı təmir işləri bir qayda olaraq, keçmiş SSRİ məkanının sahə müəssisələrində, Moskva, Xarkov, Tbilisi zavodlarında aparıldı və son illər bu işi Moskva elektrik qatarlarının təmiri üzrə zavodun Tbilisi filialı yerinə yetirirdi. Bakıda belə təmir həcminin aparılması üçün "Dərnəgül” deposunun istismara verilməsini gözləmək lazım idi. Amma artıq 2015-ci ildən başlayaraq, əsaslı təmir həcminin bir neçə prosesinin icrasına yerli şəraitdə başlanıldı. İki il sonra isə metropolitenin 50 illik yubileyi ərəfəsində vaqonların əsaslı təmiri üçün xüsusi olaraq inşa edilmiş sex istifadəyə verildi. 2018-ci ilin iyul ayında Bakı Metropoliteninin tarixində ilk dəfə yerli şəraitdə əsaslı şəkildə təmir olunmuş ilk qatar xəttə çıxdı. Artıq bu günə qədər sex 15 vaqonda ən böyük təmir ilə yanaşı, həm də müasir tələblərə uyğun olaraq modernləşdirilmə işləri aparıb.
Vaqon parkının yenilənməsi ilə bağlı ən son məlumat isə ötən ayın son günlərinə aiddir. Belə ki, "Transmaşholdinq” Səhmdar Cəmiyyəti 2019-cu il ərzində Bakı Metropoliteni üçün 30 yeni nəsil vaqonlar istehsal edəcək. Bu barədə müqaviləni şirkətin tərkibinə daxil olan "Metrovaqonmaş” Səhmdar Cəmiyyətinin direktoru Boris Boqatıryov və "Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov imzalayıblar. İstehsal olunacaq 81-765.B/766.B modelli vaqonlar innovasiyalar baxımından ən müasir - 4-cü nəslə aiddir. 2017-ci ildən istehsal olunan yeni vaqonlar Bakı Metropoliteninin istismar parkındakı eyni modellərin sayını artıracaq. İndi alınacaq vaqonlar sifarişçinin təklif etdiyi texniki şərtlər əsasında hazırlanır. Əvvəlki nümunələri ilə müqayisədə indiki vaqonların qapıları daha enlidir, qapıların açılıb-bağlanması işıqlı xəbərdarlıq sistemi ilə təmin edilib. Vaqonların konstruksiyası səs-küy və istilik izolyasiyasına, kondisioner, ventilyasiya sisteminə, sərnişinlərin elektron qurğularının doldurulması üçün rozetkalara malikdir. Baş vaqonlarda əlil arabacıqları üçün yerlər ayrılıb. Orijinal qrafikalı işıq sxemi yerli informasiya sisteminə uyğunlaşdırılıb.
Stansiyaların yenidən qurulması üzrə işlərə gəldikdə isə bu proses "İçərişəhər” stansiyasından başlayıb. Bundan sonra eyni proses "Koroğlu” stansiyasında aparıldı. "28 May” stansiyasında eyni həcmli təmir işləri tamam başa çatdıqdan sonra, əsas vestibülün girişi 2015-ci ilin may ayında, Birinci Avropa Oyunları ərəfəsində qapılarını yenidən sərnişinlərin üzünə açdı.
Avropa Oyunları isə metroda xidmət mədəniyyətinin səviyyəsinin monitorinqinə, sınağına çevrildi. Həmin günlər metropoliten günün 19 saatı ərzində - səhər saat 6-dan gecə 1-ə kimi qapılarını sərnişinlərin üzünə açıq saxladı. Oyunların açılış günü qatarlar gecə saat 2-yə kimi, bağlanış günü isə Olimpiya stadionunun sonuncu tamaşaçısı qatara minənə kimi işlədi. Hər iki təntənəli mərasimin nəqliyyat təminatı sarıdan ən ağır yükü metronun üzərinə düşdü. Olimpiya stadionundakı açılış mərasiminə tamaşaçıların yarıdan çoxunu metro qatarları aparıb-gətirdi. Həmin günlər xüsusi rejimdə işləyən yeraltı sərnişin konveyerinin bütün xidmətləri səfərbər olunmuş, lazımi təhlükəsizlik tədbirləri görülmüşdü.
Metropolitençilər Avropa Oyunlarına layiqli nəqliyyat dəstəyi vermək üçün işlərə bir il əvvəldən başlamışdılar. Bu müddət ərzində stansiyalarda, piyada keçidlərində təmir işləri aparılmış, xidmət mədəniyyətinin yüksəldilməsi məqsədilə yeni sərnişin məlumat sistemləri tətbiq edilmiş, stansiyalarda yarışların keçirildiyi idman obyektləri, təhlükəsizlik tədbirləri barədə Azərbaycan və ingilis dillərində məlumatlar səsləndirilmiş, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün sərnişin axınının bütün istiqamətlərində və vaqonlarda videomüşahidə kameralarının funksionallığı genişləndirilmiş, xidmət heyəti, xüsusən də sərnişinlərlə birbaşa təmasda olan işçilər uniformalarla təmin edilmiş, oyunların təşkilatçılarına dəstək olacaq könüllülərlə treninqlər keçirilmişdi. Mühafizə şöbəsinin işçiləri Bakı Metropoliteni üzrə polis şöbəsinin və Fövqəladə Hallar Nazirliyi əməkdaşları ilə təlim-məşqlərdə xüsusi hazırlıq keçmişdilər. "Bakı Metropoliteni” QSC-nin dəvəti ilə bu məsələlərdə 2012-ci ilin London Yay Olimpiya Oyunları zamanı böyük təcrübə toplamış Böyük Britaniya paytaxtı Londonun ən böyük sərnişindaşıma nəqliyyatı şirkəti olan "Transport for London”un mütəxəssisləri Bakıya gələrək birgə treninqlər keçirmişdilər.
Avropa Oyunları ərəfəsində stansiyaların sanitar-gigiyenik vəziyyətinə, xidməti heyətin zahiri görkəminə, xidmət mədəniyyətinin yüksəldilməsinə, metrodan istifadə qaydalarına ciddi əməl olunmasına nəzarət qat-qat artırılmışdı. Qatarlarda stansiyaların adlarının ilk dəfə olaraq ingilis dilində səsləndirilməsi də elə həmin vaxtdan başladı. Oyunların açılış və bağlanış günlərində metropolitençilərin yüksək təşkilatçılığı, peşəkarlığı sayəsində bütün sərnişinlər mənzil başına rahat və təhlükəsiz çatdırıldı. O gecə metropolitençilər bütün xətlərdə Birinci Avropa Oyunlarının tamaşaçılarını daşıyan qatarlara yaşıl işıq yandırdılar.
QSC-nin yaradıldığı ilk 3 il ərzində "20 Yanvar” və "İnşaatçılar” stansiyalarının eskalatorları yeniləri ilə əvəz olundu, altı stansiyanın ("Nəriman Nərimanov”, "Gənclik”, "Qara Qarayev”, "Neftçilər”, "Xalqlar dostluğu”, "İnşaatçılar”) keçidləri əsaslı təmir edildi, "Elmlər Akademiyası” stansiyasında yeni giriş-çıxışın inşasından sonra 1-ci vestibül yenidən qurularaq eskalatorları dəyişdirildi. Stansiyaların əsaslı şəkildə təmiri sonrakı illərdə də planlı şəkildə davam etdirildi. "Nizami” stansiyasında əsaslı təmir işləri yerüstü vestibüldən başqa, hər yerdə aparıldı. Vestibüldə isə bu işlər eskalatorların dəyişdiriləcəyi vaxta saxlanıldı. Bu işlərin görülməsi eskalatorların istismar müddətinin başa çatacağı vaxt mümkün olacaq.
Orta zalın əsas bəzəyi olan Nizami poemalarının süjetlərini əks etdirən mozaik pannolar bərpa edildi. Hər iki yolun divarları, orta zal mərmər libasını dəyişdi. Orta zalın tavanında işıqlanma sistemi yenidən quruldu.
"Elmlər Akademiyası” stansiyasında isə əsas vestibüldə təmir işlərini aparmaq üçün imkan eskalatorların yenilənməsi ilə əlaqədar olaraq yarandı. 2015-ci ilin dekabrında Azərbaycan Prezidentinin iştirakı ilə bu stansiyanın ikinci çıxışı açılmasaydı, stansiya tam bağlanmadan eskalatorları dəyişmək mümkün olmayacaqdı.
2014-cü ilin sonunda "Xətai-Cəfər Cabbarlı” mənzilinin birinci yolunda tunelin sağlamlaşdırma işlərinin başlanması stansiyanın birinci platformasında və orta zalın həmin platformaya yaxın hissəsində əsaslı təmir işlərinin başlanmasına imkan verdi. 2016-cı ilin dekabr ayında bu işlər başa çatdı. Ötən ilin sentyabrın 27-dən isə stansiya istismar müddəti başa çatmış eskalatorların dəyişdirilməsi ilə əlaqədar olaraq tamam bağlandı və orada 3 il əvvəl başlanmış təmir işlərini ikinci mərhələdə davam etdirmək mümkün oldu. Hazırda stansiyada işlər davam edir. Stansiyanın 1968-ci ildən istifadədə olan 3 eskalatoru artıq sökülüb. Onların əvəzinə Almaniyanın "Thyssen Krupp Fahrtreppe” şirkətinin "Victoria Tube” tipli 4 eskalatorunun quraşdırılmasına başlanılıb.
Təmirin bu mərhələsində yerüstü vestibül, stansiyasının 2-ci baş yolunun və platformasının, orta zalın ikinci hissəsinin təmiri, "Xətai-Cəfər Cabbarlı” mənzilinin 2-ci yolunun sağlamlaşdırılması işləri aparılır.
Hazırda təmir işlərinin aparıldığı ikinci stansiya "Bakmil”dir. Metropolitenin yeganə yerüstü stansiyası yaxın günlərdə tam başqa bir görkəmdə öz sərnişinlərini qəbul edəcək.
2018-ci ildə "Sahil” stansiyası da əsaslı təmirdən sonra yenidən daşıma prosesinə qoşuldu. Açılış mərasimində dövlət başçısı iştirak etdi. Genişmiqyaslı təmir və yenidənqurma işləri yerüstü vestibülü, stansiyanın bütün infrastrukturunu, o cümlədən stansiya yollarını, platforma və platformaaltı səviyyələrdə yerləşən texniki sahələri əhatə edib. Mühəndis-texniki qurğularda əsaslı yenidənqurma işləri aparılıb. Burada təmir işləri üçün fürsəti eskalatorların dəyişdirilmə zərurəti yaratmışdı. Bakı Metropoliteninin 1967-ci il noyabrın 6-da istifadəyə verilən birinci buraxılış sahəsinin 5 stansiyasından biri olan "Sahil”in yüyürən pillələri 50 illik istismar müddətini başa vurmuşdu. Onların dəyişdirildiyi müddətdə birçıxışlı stansiyanın bağlanması və sərnişindaşıma prosesinin dayandırılması qaçılmaz idi. 3 köhnə eskalatorunun yerinə bu işlərin aparıldığı digər stansiyalarımızda olduğu kimi, burada da Almaniyanın "Thyssen Krupp” şirkətinin istehsalı olan eskalatorlar quraşdırıldı. Onu da qeyd edək ki, rekonstruksiyadan sonra burada sərnişinlərin xidmətinə 3 yox, 4 eskalator verildi.
Bu sadalananlar əsasən ictimaiyyətin, metrodan istifadə edən sərnişinlərin gözləri önündə görülmüş işlərdir. Hətta təmir zamanı tamam bağlanan stansiyalarda aparılan işlərin gərginliyini, miqyasını oradan dayanmadan keçən qatarlarda belə hiss etmək olub.
Yeniliyin ab-havası tunellərdə, yollarda da görünməyə başlamışdı. Tunel divarlarının bərkidilməsində istifadə olunan dəmir-beton və metal konstruksiyaların istismar müddəti 100 il və daha artıq müddət olsa da, bu həm də yeraltı mühitin geoloji vəziyyətindən, qruntun fiziki xassələrindən və kimyəvi tərkibindən asılıdır.
Bakı Metropoliteninin tunelləri çox mürəkkəb hidrogeoloji şəraitdə tikilib və tunel örtükləri bəzi yerlərdə artıq yarım əsrə yaxındır ki, aqressiv mühitin təsirinə məruz qaldığı üçün keyfiyyətini itirib. Bu, özünü "Cəfər Cabbarlı” və "Xətai” stansiyalarını birləşdirən tunellərdə daha kəskin şəkildə büruzə verməkdə idi. Tikintisi 1949-cu ildən başlayan tunellər, tunel avadanlıqları bütün bu illər ərzində aqressiv mühitin təsiri altında kəskin aşılanmaya məruz qalmışdı. Qruntun qələvi-turşu zənginliyi, eləcə də həmin sahədə hərəkətin uzun illər yalnız bir yolla təşkil edilməsindən havalandırma effektinin olmaması öz nəticəsini gec-tez göstərməli idi. Tunel geyimlərinin vəziyyəti hərəkət üçün artıq ciddi təhlükə mənbəyinə çevrilmişdi və təxirəsalınmaz tədbirlər görülməli idi.
"Bakı Metropoliteni” QSC sədrinin əmri ilə hazırlanan plan əsasında 2015-ci ilin yanvar ayından bu mənzildə sağlamlaşdırma işləri başlandı. 1-ci yolda 127 m sahədə tunel divarlarını bərkitmək üçün köhnə örtük səth təmizlənib, tunelin içərisindən yeni səth yığıldı. Yeni tunel köynəkləri korroziya əleyhinə boya ilə rəngləndi. Eyni zamanda, yolun özülü də yeniləndi.
Stansiyanin birinci yolunun platforma hissəsində aparılan təmir işlərini yuxarıda qeyd etmişdik. Deyilənlərə onu əlavə edə bilərik ki, orta zal və platformada "Durlum GmbH” şirkəti tərəfindən korroziyaya davamlı özəl metal asma tavan, 3D divar lövhələri və LED işıqlandırma sistemləri qurulub. Stansiyanı havalandıran 26 saylı şaxtada gücləndirmə və təmir işləri aparılıb, avadanlıqlar yenilənib.
"Bakı Metropoliteni” QSC-nin daxili imkanları və müvafiq strukturları tərəfindən həyata keçirilən işlər zamanı daha qənaətcil və keyfiyyətli material və avadanlıqlardan istifadəyə üstünlük verilib.

"Azərbaycan” qəzeti
№49 (8072) 1 mart 2019-cu il