z
6 noyabr 1967-ci il
Qırmızı
Bülbül pr.10
100 m
A.Surkin, Xəlil Əliyev
"Bakı Soveti- Nəriman Nərimanov" sahəsində açılmış ilk 5 stansiyadan biridir. İlk adı “26 Bakı komissarı” olduğundan, stansiyanın inşaatında bu mövzu əsas götürülmüşdü. Stansiyanın pilonları metalla büllur şüşənin xəlitəsindən hazırlanmış mozaika ilə örtülmüşdü. Bu xüsusda orta zalın soffit işıqlandırılması da xüsusi təsir bağışlayırdı. Stansiya yollarında lüminesent işıqlandırma armaturları pilonların üstündə dalğavari pərvaz konstruksiyanın içində yerləşdirilərək, xəfif dalğa effektini verirdi.
1993-cü ildə orta yarımdairə tikili üzərində zalda smaltadan "Dəniz lövhələri" adlı mozaik panno quraşdırılmışdı. Onun mövzusunda dəniz üzərində qürub edən günəş təsvir olunmuşdu.
Günbəzin yuxarı vestibülü yerüstü tikilinin birinci mərtəbəsinə yerləşdirilmiş iki stansiyadan biridir. Bu, Bakı metropoliteninin üzərində ticarət mərkəzi inşa olunmuş yeganə stansiyasıdır.
Maili gedişin tavanı 2003-cü ildə rekonstruksiya olunmuşdu.
Stansiyanın elektrik təchizatını təmin edən yarımstansiya 2015-ci ildə ən müasir texnoloji tələblər səviyyəsində təmir olunaraq yenidən qurulub.
2017-ci ilə qədər stansiyada "LT-3" tipli eskalatorlar istismar olunub.
50 illik istismar müddətini başa vurmuş eskalatorların yenisi ilə əvəzlənməsi məqsədilə 2017-ci ilin avqust ayının 21-dən 2018-ci ilin iyun ayına qədər stansiyada yenidənqurma işləri aparılıb. Təmir məqsədilə Fövqəladə Hallar Nazirliyinin səlahiyyətli qurumlarının, xüsusən S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun mütəxəssislərinin iştirakı ilə bütün infrastrukturun vəziyyətinin qiymətləndirilməsi işləri aparılıb.
Eskalatorların dəyişdirildiyi müddətdə bir giriş-çıxışı olan stansiya sərnişinlərin giriş-çıxışına bağlanıb. "LT-3" tipli 3 eskalator söküldükdən sonra Almaniyanın "Thyssen Krupp" şirkətinin istehsalı olan "Viktoriya Tube" tipli 4 yeni eskalator quraşdırılıb. Dərin özüllü stansiyaların xüsusiyyətləri nəzərə alınmaqla, konstruksiyasında bir sıra mühəndis-texniki yeniliklər edilmiş bu eskalatorlar ilk dəfə məhz Bakı metropolitenində tətbiq edilib. Üç eskalator əvəzinə dördünün tətbiq edilməsi bir giriş-çıxışı olan, həmçinin sərnişin sıxlığı ilə seçilən stansiyada hərəkətin tənzimlənməsini daha operativ, təhlükəsiz və rahat təmin etməyə şərait yaradıb.
Köhnə eskalatorlar sökülərkən, maili gedişin tunel geyimi təftiş olunaraq korroziyadan təmizlənib, axıntılar əleyhinə tədbirlər görüldü və korroziyadan mühafizə məqsədilə xüsusi boyaq maddəsi ilə rənglənib, tunel geyimi üzərinə stansiyanın ümumi memarlıq ansamblına uyğun örtük təbəqəsi çəkilib, maili gediş işıqlandırılıb.
Yerləşdiyi coğrafi məkanın ağır hidrogeoloji mühitinin təsirlərinə məruz qalmış stansiyanın uzunmüddətli istismar dövründə sıradan çıxmış və köhnələrək müasir tələblərə cavab verməyən avadanlıq və digər infrastrukturu yenilənib.
Hidrogeoloji təsirlərin daha fəal olduğu və təbii hava axınının ən az təsir etdiyi platforma və platformaaltı səviyyələrdə korroziya əleyhinə, eləcə də bir sıra möhkəmləndirici tədbirlər görülüb. Dayanıqlığını itirmiş metal konstruksiyalar yeni metal təbəqə ilə gücləndirilib. Platforma boyunca stansiya yolları və yol divarlarının gücləndirilməsi, tunel geyimində axıntı əleyhinə işlər aparılıb.
Sərnişin platformasının dəmir-beton döşəmələri, həmçinin döşəmə üzlükləri yenilənib. Yol divarlarında tunel geyiminin çətiri, metal profilləri və korroziyaya uğramış bərkidici elementləri qaynaq üsulu ilə söküldükdən sonra axıntılar ləğv edilib, tunel geyimi korroziya əleyhinə müasir boya ilə rənglənib, yeni metal-konstruksiya quraşdırılaraq, divarın alt hissəsinin qranit və üstünün keramoqranit örtüyü vurulub. Yol tavanında və orta zalda suötürücü çətir quraşdırılması, müvafiq örtük qatı ilə üzlənib.
Platforma altında kollektor səviyyəsindən başlamaqla, daşıyıcı divarlar metal torlarla möhkəmləndirilib, təbii havalandırma təmin edilib, divarlarda yararsız hala düşmüş hissələr sökülüb, yeni sütunlar qoyulub, yükdaşıyıcı divar boyunca yeni rigellər düzülüb, dəmir-beton konstruksiyadan yeni karkas yığılıb və betonlanıb.
Stansiyanın yerüstü vestibülündə divarlar müasir tələblərə uyğun yenilənib və ümumi memarlıq üslubuna uyğun quraşdırılmış pərvazlar, həm də vestibülün estetik görkəmini dəyişib. Tavanda yeni işıqlanma sistemi ilə təchiz olunub, ümumi memarlıq-dizayn tərtibatını tamamlayan dairə formalı müasir çilçıraq quraşdırılıb.
Hərəkətin tənzimlənməsi, videomüşahidə, işarəvermə və rabitə sistemlərinin avadanlıqları yenilənib, onların yerləşdiyi sahələr və otaqlar texniki normativlərin tələblərinə uyğun yeni standartlar səviyyəsinə çatdırılıb, təbii havalandırmanın norma və qaydalar çərçivəsində təmin olunması, xidməti otaqlarda mikroiqlim şəraitinin mövsümə müvafiq norma həddinə uyğunlaşdırılması üçün VRV tipli mərkəzləşdirilmiş isitmə-soyutma sistemi qurulub.
Çirkab suxaric qurğuları üçün "Sekamatik" çənlər, "Varisko" tipli, əsaslı və yerli suxaric qurğularında FHE tipli nasoslar qoyulub.
Buna qədər stansiyanın adını yalnız bir element - platformanın orta zalının sonunda yerləşən panno xatırladırdı. Yenidənqurmadan sonra stansiya metropolitenin özünəməxsus üslubu ilə seçilən memarlıq nümunəsinə çevrilib. Memar Cahangir Sadıxovun işi olan memarlıq mövzusuna görə, platformada orta zalın sonunda bütün divar boyu əvvəlki pannonun yerində doğan günəş kompozisiyası yer alır. Yenicə oyanan günəşin şəfəqlərini xatırladan işıq effektləri daha sonra tavan boyunca stansiyanın ümumi işıqlandırma sisteminə qovuşaraq kompozisiyanı tamamlayır. Döşəmənin və divar altının qranit, divarlarının keramoqranit örtüyü öz rəngi ilə bu mənzərəyə xüsusi effekt gətirir. Həmçinin pilon divarları boyunca milli xalçaçılıq sənəti elementləri ilə zənginləşdirilmiş pərvazların arxasının işıqlandırılma sistemi stansiyanın memarlıq ansamblını zənginləşdirir. Stansiya yollarının tavan və pilon divarlarını əhatə edən xalça naxışlı pərvazların işıqlandırılması gözləmə zalında da erqonomik tələblərə uyğunluq yaradır. Yol divarlarında stansiyanın adının və istiqamət göstəricilərinin çıxıntılı qara örtük üzərində yerləşdirilməsi ümumi mənzərə ilə vəhdət təşkil edir.
Əsaslı təmir və yenidənqurmadan sonra stansiya 2018-ci il iyun ayının 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə yenidən açılıb.
Stansiyaya daxil olan qatarlarda Adil Nəsibin sözlərinə Rəşid Nəsiboğlunun bəstələdiyi “Liman” mahnısından fraqment səslənir.