z

“İçərişəhər”

  • Açıldığı tarix:

    6 noyabr 1967-ci il

  • Ünvanı:

    İstiqlaliyyət küç. 2

  • Yollarının uzunluğu:

    100 m.

  • Xətt:

    Qırmızı

  • Memarlar:

    Y.Qədimov, T.Xanlarov, Ş.Zeynalova, Y.Kozlov

"İçərişəhər"stansiyası

Qırmızı xəttin ilk stansiyasıdır. “Bakı Soveti-Nəriman Nərimanov” mənzil sahəsinin başlanğıc stansiyası kimi istismara verilib.
İnşaat layihəsinə uyğun olaraq, stansiyanın tərtibatında respublikada Sovet hakimiyyətinin qələbəsi və Sovet hakimiyyəti illərində respublikanın əldə etdiyi nailiyyətlərin tərənnümü əsas mövzu idi. Yerüstü vestibülü kassa zalından və günbəzdən ibarət olub. Kassa zalının ön və yan fasadları vitrin şüşələrindən ibarət idi, arxa divarı və sütunları isə ağ və qara mərmərlə üzlənmiş, döşəməsi qara qranitdən idi. Orta zal və sərnişin platformalarının divarları çəhrayı və ağ-boz rəng çalarları ilə seçilən Orta Asiyanın “Qazqan” mərməri ilə bəzədilmişdi, döşəmələri naxışlı qırmızı qranit idi. Divardakı mərmərlərdə Azərbaycanın Sovet hakimiyyəti dövründə nailiyyətlərini əks etdirən (neft buruqları, pambıq qozaları və s.) cizgilər yonularaq əks etdirilmişdi.
Orta zalın kəllə divarında V.İ.Leninin büstü əks olunmuş ikimetrlik mis barelyef asılmışdı. 1993-cü ildə həmin barelyef gipsdən hazırlanmış, bir əli ilə “şər qüvvələr”in qarşısını kəsən, digər əlində “xeyir” qüvvələri saxlayan, milli geyimdə qadın obrazını əks etdirən barelyeflə əvəz olunmuşdu.
Stansiyanın maili gedişində qaldırma hündürlüyü 45 m olan LT tipli üç eskalator quraşdırılmışdı.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 2007-ci il tarixli qərarı ilə “Bakı Soveti” stansiyasının adı dəyişdirilib “İçərişəhər” qoyulub.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 may 2008-ci il tarixli qərarı ilə iyul ayından stansiyanın yenidənqurulmasına başlanılmışdı.
Həmin il dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə stansiyanın yenidənqurmadan sonra açılışı olub.
Yenidənqurmadan sonra stansiyanın giriş hissəsi piramida şəklindədir. Konstruksiyası metal və şəffaf şüşədən quraşdırılıb. Üst vestibülünün xarici hündürlüyü İçərişəhərin qala divarlarının hündürlüyü qədər - 14 metrdir. Stansiyanın köhnə LT tipli esklatorları Almaniyanın “Thyssen Krupp” şirkətinin “Viktoriya” tipli eskalatorları ilə əvəzlənərək, 2009-cu il sentyabrın 15-də istifadəyə verilib.
Platformanın orta zalında və hər iki perronun divarlarında köhnə Bakının Fransada hazırlanmış 16 mənzərəsi təsvir olunub. Platformanın orta zalının sonunda İçərişəhərin qala divarının bir fraqmenti tikilərək üzərinə “İçərişəhər” sözü yazılıb.
Stansiya tək çıxışlıdır və İstiqlaliyyət küçəsinə çıxır.
Stansiyaya daxil olan qatarlarda Ələkbər Tağıyevin “Bakı gecələri” mahnısından fraqment səslənir.