z

"Nərimanov"

  • Açıldığı tarix:

    6 noyabr 1967-ci il

  • Xətt:

    Qırmızı

  • Yollarının uzunluğu:

    100 m

  • Ünvanı:

    Əhməd Rəcəbli və Təbriz küçələri

  • Memarlar:

    Mikayıl Useynov, Telman Zeynalov, Xəlil Əliyev

“Nərimanov” stansiyası

"Bakı Soveti-Nərimanov" sahəsində açılmış ilk 5 stansiyadan sonuncusudur. Layihə adı inqilabçı Pyotr Montinin xatirəsinə və yerləşdiyi qəsəbənin adına uyğun olaraq “Montin” olsa da, sonradan stansiyaya Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, həkim, yazıçı, dramaturq Nəriman Nərimanovun adı verilib.
Bu stansiya həm də Qırmızı xəttin “Nərimanov” elektrik deposu və “Bakmil” stansiyasından gəlib-gedən qatarları qəbul edən qovşaqdır.
Stansiyanın hər iki başında yerləşən keçidlər həm metro istifadəçiləri üçündür, həm də ətraf küçələrə keçid xarakteri daşıyır.
Yerüstü vestibülü və eskalatorları yoxdur. Perron sütunları iki hissədən ibarətdir.
1994-cü ildə stansiyanın inqilabçı Nəriman Nərimanova həsr olunmuş bədii tərtibatı güclü dəyişikliklərə məruz qalaraq, bədii-memarlıq həllində bu böyük şəxsiyyətin həkim-dramaturq və vətənpərvər obrazından istifadə olunub.
Kassa zalından platformaya yönəlmiş pilləkənlərin tavan divarında Nəriman Nərimanovun portreti olan "Nəriman Nərimanov - həkim" mozaik pannosu və üzərində "Xalqın sağlamlığı dövlətin ən qiymətli xəzinəsidir" ifadəsi yerləşdirilib.
Əks çıxış istiqamətində yerləşən "Nəriman Nərimanov - dramaturq" mozaik pannosu üzərində onun özünəməxsus "Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt Vətən deyə bilərsiniz ki, onun sahibi olasınız!" ifadəsi əks olunub. Bu pannonun platformaya doğru olan divarında teatra həsr olunmuş panno yer alıb. Pannonun əsas mövzusu teatrı təcəssüm etdirən əsas rəmzlər "ağlayan və gülən" maskalardır.
Kassa zallarında sütunların bir tərəfi qara, digər tərəfi isə ağ mərmərlə üzlənib.
Platformanın döşəməsində ağ mərmər zolağın köməyi ilə 17 romb yığılıb.
Sütunları kəhrəba buğdanın nəhəng gövdələrini xatırladır. O, öz rəngi və ahəngdarlığı ilə stansiyanı nağıllar aləmində təsvir olunan saraylara bənzədir. Tavana batırılmış çıraqlar cərgəsi isə üzərinə qızılı ulduzlar səpilmiş səmanı xatırladır və möhtəşəmlik təsirini daha da qüvvətləndirir.
2015-ci ildə Bakıda keçirilən birinci Avropa Oyunları ərəfəsində stansiyanın keçidləri ümumi kompozisiyaya uyğun olaraq, yeni üslubda təmir olunaraq, divarların və döşəmənin mərmər-qranit örtüyü dəyişdirilib. Yenilənmiş keçid divarları müxtəlif səpkili kütləvi sərgi və nümayişlərin keçirilməsinə imkan verir. 2015-ci il iyunun 1-də burada talassemiya və bu kimi qan xəstəlikləri ilə mübarizəni, könüllü və mütəmadi donorluğu təbliğ etmək, həmçinin qan donorlarına olan ehtiyacı və zərurəti nümayiş etdirmək məqsədi ilə uşaq əsərlərindən ibarət, həmin ilin oktyabrında isə “Dünya rəssamları” sərgiləri keçirilib. Sərgilər davamlı olaraq təşkil edilir.
Stansiyaya daxil olan qatarlarda bəstəkar Arif Məlikovun “Güllərim” mahnısından fraqment səslənir.